Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun məzarüstü abidəsinin açılışı olub
Dünən I Fəxri Xiyabanda xalq şairi Zəlimxan Yaqubun məzarüstü abidəsinin açılışı olub. Elm və mədəniyyət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən anma mərasimində Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov çıxış edərək, şairin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən danışıb. Dövlətimizin böyük şairin irsinə yüksək dəyər verdiyini diqqətə çəkib. Qeyd edək ki, Zəlimxan Yaqub bu gün abidəyə çevrilərək, Azərbaycana və Azərbaycan ədəbiyyatına qayıtdı. O, böyük şair olmaqla bərabər, həm də xalqını və millətini sevən böyük insan idi. R.Nüseynov qeyd edib ki, şairin xatirəsinə ucaldılmış abidənin müəllifi, xalq rəssamı Natiq Əliyev, memarı Tərlan Həsənovdur.
Mərasimdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, xalq şairi Fikrət Qoca və başqaları Zəlimxan Yaqubun sözün, millətin və ölkənin qarşısında tarixi məsuliyyətini hiss edən bir şair olduğunu bildiriblər.
Vurğulanıb ki, Zəlimxan Yaqub qüdrətli qələm sahibi kimi daim ürəklərdə yaşayacaq.
ZÜMRÜD