PDF Oxu

Sosial

  • 684

"Naxçıvan" jurnalının 35-ci nömrəsi çap olunub

"Naxçıvan" jurnalının 35-ci nömrəsi çap olunub

Ötən il keçirilən "Naxçıvan qalaları: tarixdə və günümüzdə" adlı beynəlxalq konfransın materialları əsasında "Naxçıvan" jurnalının 35-ci nömrəsi çap olunub.

Jurnalın ilk səhifələrində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun beynəlxalq konfransdakı çıxışı dərc edilib.

Jurnalda AMEA-nın prezidenti, akademik Akif Əlizadənin "Naxçıvan: Zaman və elm" adlı məqaləsində bütün tarixi boyunca Azərbaycanın ayrılmaz tərkib hissəsi olmuş qədim Naxçıvan diyarının, ilk növbədə, ölkəmizin əsas sivilizasiya və dövlətçilik mərkəzlərindən biri olduğu qeyd edilir: "Naxçıvan" sözünün Nuhçıxan toponimi ilə səsləşməsi heç də təsadüfi olmayıb, bu qədim diyarın ulu tarixindən xəbər verən anlayışlardır. Bu mənada, əsası Nuh peyğəmbər tərəfindən qoyulmuş ilkin məskunlaşma zəminində yaranan Naxçıvan şəhərinin 5 min illik tarixə malik olması əsatirdən qat-qat çox real gerçəkliyi ifadə edir".

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin "Naxçıvan qalaları tariximizin öyrənilməsində mühüm mənbədir" mövzusunda məqaləsində isə qeyd olunur ki, Naxçıvanda qala tipli yaşayış yerləri eramızdan əvvəl III minillikdə yaranıb, sonrakı dövrlərdə bu tip yaşayış yerlərindən geniş istifadə olunub.

Jurnalda Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlının "Naxçıvanın hərbi-siyasi tarixində qalalar və şəhər-qalalar", Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin "Kitabi-Dədə Qorqud dastanında, tarixdə və günümüzdə Əlincəqala", AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin "Naxçıvanın qədim qala şəhərləri" mövzularında məqalələri yer alıb. Türkiyənin İstanbul Universitetinin müəllimi, tarix üzrə elmlər doktoru Oqtay Bəllinin "Son tunc və erkən dəmir dövründə Şərqi Anadolu və Naxçıvan qalaları arasındakı oxşarlıq", Amerika Birləşmiş Ştatlarının Emori Universitetinin professoru Hillari Qopnikin "Şərur vadisinin Son Tunc dövrü qalaları", Naxçıvan Bölməsinin dosenti Firudin Rzayevin "Əlincə, Qazançı, Süzüt qala adlarının etimologiyası və tarixinə bir baxış" mövzularında çıxışları da qeyd olunan mövzunun araşdırılması baxımından maraqlı faktlarla zəngindir.

ZÜMRÜD

Digər xəbərlər