İçərişəhər Cümə məscidində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İçərişəhər Cümə məscidi İcması ilə birgə Azərbaycanda dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə Dini İcmalara Yardım Göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, "Milli kimliyin formalaşmasında milli dəyərlərin rolu" layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbir başlamamışdan öncə müqəddəs Qurani-Kərimdən bir neçə ayə oxundu.
Tədbirə modetarotluq edən DQİDK səlahiyyətlisi Ceyhun Əliyev çıxışında ilk öncə qurumun sədri Mübariz Qurbanlının tədbir iştirakçılarına salamlarını çatdırıb və layihənin mahiyyəti barədə məlumat verib. Ceyhun Əliyev bildirib ki, bu gün Azərbaycanda dövlət-din münasibətləri ən yüksək həddə inkişaf edir və bu amil istər milli kimliyin, istərsə də milli dəyərlərin formalaşmasında, qorunub-saxlanılmasında önəmli rol oynayır: "Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2014-cü il 27 noyabr tarixində Azərbaycanda dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə Dini İcmalara Maliyyə Yardımı Göstərilməsi haqqında mühüm Sərəncam imzalayıb. Məhz bu Sərəncamdan sonra, bir daha sübut olunub ki, Azərbaycanda dövlət-din münasibətləri ən yüksək inkişaf xəttini tutub. Burada əsas faktorlardan biri də dini icmalarda maarifləndirmə işlərinin aparılması, ölkənin inanclı kəsiminin dövlətinə və xalqına bağlılığı istiqamətində təbliğatların aparılması, o cümlədən, dövlətçilik, milli kimlik və dəyərlərin qorunub-saxlanılmasının inkişaf etdirilməsidir. Məhz başa çatdırdığımız layihə də bu aktual mövzunu əks etdirir".
İlk növbədə, dövlət-din münasibətlərində artan inkişaf xətti, o cümlədən, Prezident İlham Əliyev cənabları ilə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin arasında olan səmimi münasibətləri ölkəmizdəki dövlət-din münasibətlərinin ali göstəricisidir.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurulla da çıxışını müqəddəs Qurani-Kərim kəlamları ilə başlayaraq, bu kimi layihələrin keçirilməsinin zəruriliyindən danışdı və bildirdi ki, məhz Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra, ölkədə məscidlərin, pirlərin, ocaqların kütləvi açılışı, təmir və bərpaları baş tutdu: "Bu, ilk növbədə, Onun tərəfindən dəyərlərimizə göstərilən böyük sayğı və dəyər idi. Çünki sovet dövründə bir çox məscid və ibadətxanalarımız bağlı qalmışdı, ya da onlar tamamilə başqa məqsədlər üçün istifadə edilirdi. Ulu Öndər Heydər Əliyevin qayıdışından sonra Bibi -Heybət, Təzə Pir və o cümlədən, Gəncədəki İmamzadə kompleksi, həmçinin, bölgələrimizdə məscidlərin bərpasına və yenidən qurulmasına başlanıldı. İnanclı insanlarımıza bundan böyük töhfə ola bilməzdi".
İlahiyyatçı-şərqşünas, Qarabağ Seyid Ocaqlarının rəhbəri Seyid Camal Əzimbəyli isə çıxışında bildirdi ki, bu cür layihələrin həyata keçirilməsi dövlət-din münasibətlərinin ən gözəl şəkildə tərənnümüdür: "Azərbaycan xalqı elə bir xalqdır ki, hər zaman öz dövlətinə bağlı olub və bu, əsrlər boyu davam edib. Ölkəmizdə formalaşmış bu mühüm hadisə hər birimiz tərəfindən qorunub-saxlanılmalı, inkişaf etdirilməlidir. Prezident İlham Əliyev cənabları bu işdə hər kəsə bir örnək və nümunədir. Biz elə də uzağa getməyərək, Gəncə şəhərində İmamzadə kompleksinin açılışını və orada möhtərəm Prezidentimiz İlham Əliyevin nitqini xatırlamalıyıq. Bəli, bütün bunlar həm də müqəddəs dəyərlərin qorunmasıdır ki, dövlətimiz bu istiqamətdə böyük işlər görür".
Tarixçi-araşdırmaçı Yusif Məmmədli Azərbaycanın dövlətçilik ənənələri, milli kimliyin qorunub-saxlanılması və dəyərlərin təbliği mövzusunda çıxış etdi: "Bu gün milli-mənəvi dəyərlər məfkurəsinin qorunması üçün hər bir inanclı şəxs birləşməli, vəhdət şəklində dövlətçiliyin inkişafına çalışmalıdır. Bu, inanclı kəsim üçün prioritet olaraq götürülməlidir".
Layihənin yekunu ilə bağlı çıxış edən Hacı Surxay Məmmədli QMİ-yə və onun rəhbəri Şeyxülsilam Hacı Allahşükür Paşazadəyə, həmçinin, DQİDK-yə və qurumun sədri Mübariz Qurbanlıya layihənin keçirilməsi üçün şərait yaradıldığına görə öz təşəkkürünü bildirdi və vurğuladı ki, bu kimi layihələrin, tədbirlərin həyata keçirilməsi dövlət-din münasibətləri fonunda milli özünüdərki kifayət qədər ehtiva etməkdədir: "Əlbəttə ki, bu, bir örnəkdir və bu örnəyi genişləndirmək, hər birimizin vətəndaşlıq borcumuzdur. Biz bu layihəni başa çatdırsaq da, növbəti bənzər layihələrimiz davamlı olacaq və biz çox şadıq, o cümlədən, minnətdarıq ki, Azərbaycanın dövlət rəhbərliyi, ölkə Prezidenti İlham Əliyev bu cür təşəbbüslərlə çıxış edir, bizlərə dəstək göstərir. Biz də bu önəmli fürsətdən istifadə edərək, milli kimliyimizin, dəyərlərimizin formalaşması istiqamətində var gücümüzlə çalışacaq, töhfələrimizi verəcəyik və buna heç kim şübhə etməsin. Biz, İnşaallah, bu işimizi gələcəkdə də davam etdirərək, inanclı kəsimə dövlətçilik ənənələrini, milli dəyərləri aşılayacağıq".
Rövşən NURƏDDİNOĞLU