PDF Oxu

Sosial

  • 836

Şanlı Yanvar

Şanlı Yanvar

XX əsr boyu xalqımıza qarşı aparılan "parçala, hök sür" siyasəti nəticəsində torpaqlarımıza qarşı məkrli niyyətlər həyata keçirildi. 1990-cı il 20 Yanvar faciəsi bu məkrli, düşünülmüş siyasətin növbəti hissəsi idi. Sovet rəhbərliyinin himayədarlığı ilə ermənilərin Dağlıq Qarabağda törətdikləri hadisələri, azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin növbəti mərhələləridir. Xalqımızın bu haqsızlığa etirazı, öz hüquqlarını, torpaqlarının azad edilməsi tələbini qanla susdurdular.

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq iyirmi yeddi il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz tarixdə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır. Totalitar sovet rejiminin süqutu, məhz milli azadlıq və ərazi bütövlüyünün bərpası uğrunda mübarizəyə qalxmış dinc əhalinin ayağa qalxması ilə nəticələndi. Əliyalın əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması, uşaqlara, qadınlara, tibb işçisinə silah tuşlanması onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Lakin birmənalı şəkildə qeyd olunan fakt ondan ibarətdir ki, qanlı terror xalqın mübarizə əzmini sındıra bilmədi.

Müstəqillik hər bir xalqın ən böyük neymətidir. Xalqın müqəddəratı onun azadlığı ilə müəyyənləşir. Şair B.Vahabzadənin təbirincə desək, "millət millət olur öz hünərilə". Sovet qoşununa qarşı azadlıq istəyi ilə canlı sədd çəkən xalqımızın 20 yanvarda verdiyi qurbanlar Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

1990-cı il 20 Yanvar faciəsi Azərbaycan xalqının keşməkəşli tarix səhifəsində öz hüquqi-siyasi qiymətini almış, xalqımızın azadlıq tarixinin ilk şanlı səhifəsidir.

M.Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalamışdı. SSRİ DTK-nın "Alfa" qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. M.Qorbaçovun fərmanı qüvvəyə minənədək - yanvarın 20-də saat 00-dək artıq 9 nəfər öldürülmüşdü. Fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərdən çox idi. Halbuki Bakıda fövqəladə vəziyyət elan olunmayacağı barədə qəti bəyanat verilmişdir.

O zaman haqlarımızın tapdandığı bir dövrdə sözümüzü dünyaya çatdıracaq, xalqı arxasınca aparan liderə ehtiyac duyulurdu. Xalq o günlərdə böyük bir həqiqəti - meydanda həqiqi liderin olmamasını da bütün mahiyyəti ilə dərk etdi. O müdhiş günlərdə Ulu Öndər Heydər Əliyevin - qüdrətli liderin respublikada yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. Amma Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə Ümummilli Lider Heydər Əliyev oldu. Ümummilli Liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəldi. Ulu Öndər təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi.

Bu, bəşəriyyət və insanlıq əleyhinə törədilmiş dəhşətli qətliam idi. Dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan Haqları Bəyannaməsinin, insan haqlarına dair digər beynəlxalq aktların çoxsaylı müddəaları pozulmuşdu. Bu məqamlar 20 Yanvar hadisələri ilə bağlı aparılmış ən səthi təhqiqatlarda da təsdiqlənir. Bu terror aktına bütün dünya göz yumsa da, Ümummilli Lider Heydər Əliyev çətin vəziyyətdə olsa belə, xalqın səsinə səs vermiş, qorxmadan mətbuat konfransı keçirmişdir. Azərbaycan öz azadlıq bayrağını qaldırdıqdan sonra belə Ulu Öndər Heydər Əliyev dünya ölkələrinə səfər edib bu şanlı tarix barədə onlara məlumat verirdi. Bu gün dünyanın ən möhtəşəm konfrans zalında Ulu Öndər Heydər Əliyevin layiqli siyasi varisi Prezident İlham Əliyev də Azərbaycanın məruz qaldığı saysız-hesabsız terror aktlarını pislədiyini onunla daim mübarizə aparacağını dəfələrlə qeyd edir.

İmperiya cəlladları beşikdəcə boğulmağa cəhd edilən xalqımızın azadlıq səsi, azadlıq iradəsini qıra bilmədilər. 20 yanvar faciəsi xalqın inamını sındıra bilmədi, əksinə, qüvvətləndirdi. Həmin qanlı gecənin səhərisi gün xalq şəhid igid oğul və qızlarını öz çiyinlərində, ən şad günlərimizin bəzəyi olan tər qərənfillər arasında dəfn etdi.

Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin, təcili yardım işçiləri və milis nəfərləri də olmuşdur. Belə ki, artıq yanvarın 20-də 131 insan öldürülmüş: onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar idi. 744 adam ağır xəsarət almış, 4-şəxs itkin düşmüş, 400 nəfər isə həbs edilmişdir. Fövqəladə vəziyyət elan ediləndən sonra isə 21 nəfər qətlə yetirilmişdir. Fövqəladə vəziyyət elan edilməmiş rayonlarda - Neftçala və Lənkəranda 26 nəfər öldürülmüşdü.

Xalqımızın and yerinə çevrilən, fəxr, qürur yeri olan Şəhidlər Xiyabanı Ümummilli Lider Heydər Əliyev uzaqgörən siyasəti nətiçəsində dünyanın siyasi xadimlərinin ziyarət yerinə çevrildi, onlar abidəsi önündə baş əyir və öz ehtiramını bildirirlər.

Sona Həmidova,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər