PDF Oxu

Sosial

  • 1 260

Qanlı Yanvar faciəsi imperiyanın süqutunu sürətləndirdi

Qanlı Yanvar faciəsi imperiyanın süqutunu sürətləndirdi

1989-cu ilin sonlarından başlayaraq 20-ci əsrin ən nəhəng imperiyalarından saylan Sovet dövləti azadlıq uğrunda mübarizə aparan xalqımıza divan tutmaq üçün səyini getdikcə artırırdı. Azərbaycanın sərhədlərinin pozulması bəhanəsi də bu mənada, qanlı qırğına haqq qazandıra bilərdi. Ona görə də imperiya başçıları, məhz sərhədçilərə insanlara dəyməmək əmri vermişdilər. Dekabrın 31-də Araz çayı ətrafı 137 kilometrlik Sovet-İransərhədində izdiham baş qaldırdı. Nəticədə, sərhəd qurğuları uçuruldu. Hər iki tərəfin adamları Arazı keçərək, bir-birilə görüşdülər. 1990-cı il yanvarın 7-də SSRİ-Türkiyyə sərhədində də həyacanlar baş qaldırdı. Yanvarın 18-də Biləsuvar və Cəliləbad ərazilərində sərhəd qurğuları dağıdıldı. Xalq Cənub tərəfdəki qan qardaşları ilə qovuşdu. Belə bir şəraitdə Lənkaranda hadisələr sakit şəkildə davam edirdi. 1990-ci il yanvarın 11-də rayon partiya komitəsi, daxili işlər şöbəsi, mətbəə və digər sahələr mühasirəyə alındı. Rayonda müvəqqəti müdafiə komitəsi yaradıldı. Yanvarın 12-də xalqa divan tutmaq məqsədi ilə ölkənin mexanikləşdirilmiş hərbi hissələri Lənkərana yeridildi. Bunun qarşısını kəsmək üçün qonşu Salyan, Sabirabad, Kürdəmir bölgələrində xalq ordu hissələri hərəkət edən yolların qarşısını kəsdi.

Bu hadisələr hakimiyyət böhranının, eləcə də, Moskva canişini və onun aparatının Azərbaycanda baş verən hadisələrə nəzarətinin tam itirməsinin təcəssümü idi. Belə bir şəraitdə ermənilərin təhrikçilik hərəkətləri, onların sərhəd kəndlərimizə, eləcə də, Dağlıq Qarabağdakı azərbaycanlılar yaşayan bölgələrə silahlı hücumları güclənirdi. Yanvarın 12-də Ermənistandan 500 nəfərlik silahlı quldur dəstəsi vertolyotla Xanlar rayonunun Quşçu kəndinə basqın edib silahsız əhaliyə divan tutdu, çoxla qadın və usaqlar vəhşicəsinə öldürüldü.

Bütün bunlara müxtəlif yollarla göz yuman Moskva rəhbərliyi öz məqsədinə çatmış, xalqı radikallaşdıra bilmişdir.

Yanvarın 12-də Azərbaycandakı radikal qüvvələr iştirakı ilə Milli Müdafiə Şurası yaradıldı. Məqsədləri silahlı özünümüdafiə dəstələrini bir yerə cəmləşdirmək, yeni hərbi dəstələr yaratmaq və erməni hərbi birləşmələrinin basqınlarının qarşısını kəsmək idi. Respublikada xalq hərəkatını yatırmaq üçün münasib şərait yetişmişdi. Yanvarın 13-də Bakıda bir erməninin 2 nəfər azərbaycanlını öldürməsi paytaxtda iğtişaşları gücləndirdi. Yerli hüquq-mühafizə orqanları, eləcə də Bakıda yerləşən SSRİ Daxili İşlər Nazirliyinin 12 minlik silahlı dəstələri isə bunun qarşısını almağa heç bir cəhd göstərmədilər.

İmperiya Bakıda sovet dövlətinin devriləcəyindən, eləcə də, Azərbaycanın əldən çıxacağından qorxub paytaxt ətrafına əlavə ordu bölmələri, ağır texnika yeritməyə başladı. MMŞ-nin fəallığı ilə Bakıətrafı sahələrdə və Bakı qarnizonunun yaxınlığında əhali yük, minik maşınlarını, avtobusları yan-yana düzərək, barrikadalar yaratdı. Yolların ətrafında 26 iri maneə təşkil edildi. Salyan kazarmasının yolu kəsildi. 1990-ci il yanvarın ortalarında Azərbaycan KP MK-nın büro iclaslarında respublikadakı mövcud vəziyyət müzakirə olunurdu. Çıxış edənlər Ə.Vəzirov, A.Mütəllibov, V.Polyaniçko, E.Qafarova və başqaları, eləcə də, Bakıda olan Y. Primakov və yüksək rütbəli Moskva hərbiçiləri güc tədbiq olunmasının zəruriliyini bildirdilər. Buna etiraz edən və ya başqa təklif verən olmadı. 1990-cı il yanvarın 15-də Ə.Vəzrirov Moskvaya teleqram göndərərək, tələb edirdi ki, " Antisovet və antipatiyaçılarla mitinq keçirən ekstremistlərin liderləri dərhal məsuliyyətə cəlb edilməlidirlər. Bunun üçün hüquqi əsaslar vardır". Bunun ardınca Azərbaycan SSR Nazirlər Sovetinin sədri A. Mütəllibov Moskvaya göndərdiyi teleqramda bildirirdi ki, respublikanın SSRİ güc nazirlikləri hərbi kontingentini qeyri-qanuni silahlı birləşmələri tərk-silah etmək üçün əməliyyat keçirəcəkləri müddətdə yerləşdirmək və ərzaqla təmin etmək üçün hər cür imkanı vardı. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin müraciətinə əsasən, SSRİ Ali Soveti Rəyasət Heyəti yanvarın 15-də "Dağlıq Qarabağ Muxtar Vilayəti və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan olunması haqqında" fərman verdi. İmperiya Azərbaycan Ali Sovetinə təklif etdi ki, Bakı və Gəncə şəhərlərində və digər yaşayış məntəqələrində komendant saatı tədbiq edilməsi də daxil olmaqla lazımı tədbirlər görsün.

1990-cı il yanvarın 17-dən AKP MK-nın binası qarşısında əzəmətli mitinq başlandı, ümumi tətil elan olundu. Mitinqlərdəki çıxışlarda tələb edildi ki, Moskva Ermənistanın Azərbaycana ərazi iddialarına son qoysun. İmperiyanın Bakıya və ətraf bölgələrə yığdığı qoşunlar Dağlıq Qarabağa və erməni hücumlarına məruz qalan sərhəd bölgələrinə göndərilsin. Mərkəz Naxçıvanda da xalqı cəzalandırmaq məqsədilə fövqəladə vəziyyət tədbiq edilməsi üçün təzyiqlərini artırdı. Yanvarın 18-də Şərur rayonu Kərki kəndinin erməni terrorçuları tərəfindən zəbt edilməsi vəziyyəti daha da mürəkkəbləşdirdi. Xalqın tələbi ilə yanvarın 19-da Naxçıvan MSSR Ali Soveti muxtar respublikanın SSRİ tərkibindən çıxması haqqında qərar qəbul edildi. Burada başlıca məqsəd isə Azərbaycanda baş verən hadisələrə, sovet ordusunun qanlı əməllərinə dünya xalqlarının diqqətini cəlb etmək idi və bu addım müəyyən rol oynaya bildi.

SSRİ Ali Soveti Rəyasət Heyəti 1990-cı il yanvarın 19-da " Bakı şəhərində fövqəladə vəziyyət tədbiq edilməsi" haqqında fərman verdi. Xalqa divan tutmaq, qırğın törətmək üçün ordudan istifadə olunacağı nəzərə alınaraq, fövqəladə vəziyyətin elan olunacağı vaxt gizli saxlanıldı. Bakıda fəaliyyətlərini davam etdirən radikallar insanlara "silah kömək gələcək" - deyə yalan vədlər edir, xalqın bir hissəsini barrikadaları sonadək qorumağa və buranı tərk etməməyə çağırırdılar. Piketdə iştirak edənlər imperiyanın, eləcə də, Azərbaycanın səlahiyyətli nümayəndələrinin qoşunun şəhərə daxil olmamayacağı ilə dəfələrcə təkrar etdikləri yalan vədlərə inanmışdılar.

Xalq baş verə biləcək qırğından xəbər tutmasın deyə, yanvarın 19-da televiziya enerji bloku partladılaraq sıradan çıxarıldı. Qoşun bölmələri yanvarın 19-da Türkan-Qala istiqamətindən şəhərə hərəkət etməyə başladılar. " Bakı əməliyyatı"na sovet dövlətinin müdafiə naziri D.Yazov birbaşa başçılıq edirdi. Ağır hərbi texnika asanlıqla barrikadaları dağıtmağa başladı. Əsgərlər gözyaşardıcı qazlardan istifadə edir, əliyalın adamlara avtomatlardan atəş açırdılar. Hərbiçilər təsadüf nəticəsində çölə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını, nəqliyyatı atəşə tutur, yaralı adamları öldürür, meyidləri yandırırdılar. Bakı küçələri öldürülmüş, yaralanmış adamların, qocaların, uşaqların qanına qərq olmuşdu. Əsgərlər tibbi heyətin yaralılara köməyə getməsinə şərait yaratmır, hər vəchlə buna maneə olmağa çalışırdılar. Əldə olunmuş rəsmi mılumatlara görə, Bakıya və digər yaşayış məntəqələrinə sovet qoşunlarının basqını zamanı 131 nəfər, o cümlədən, 117 azərbaycanlı, 6 rus, 3 yahudi və 3 tatar öldürülmüş, 744 nəfər yaralanmış, 400 nəfər həbs edilmiş, 4 nəfər isə itkin düşmüşdür.

Fövqəladə vəziyyət haqqında fərman artıq iş-işdən keçəndən sonra, yanvarın 20-də səhər radio vasitəsi ilə elan olunmuşdu. Azərbaycanda rəhbər vəzifədə olanlar xalqa kömək etmək, on arxa durmaq əvəzinə, kürsülərini qorumaq naminə qaçıb gizləndilər. Ziyalıların bir qismi yanvarın 20-də Elmlər Akademiyasında etiraz mitinqi keçirdi. Ziyalıları qorxutmaq üçün bu mitinqin iştirakçıları olan 3 tanınmış alim, professor Bakı-Sumqayıt yolunda tankın altına salınıb məhv edildi.

Başsız qalmış xalq qorxu içində idi. Yanvarın 21-də xalqımızın Ümummilli Lideri Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, 6 minədək adamın iştirak etdiyi izdihamlı yığıncaqda çıxış etdi və bu ağır günlərdə heç yerdən kömək almayan doğma xalqı ilə birlikdə olduğunu nümayiş etdirdi. O bildirdi ki, "Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya və siyasi rəhbərliyi tərəfindən görülsəydi, gərginlik indiki həddə çatmaz, tərəflər itgilərə məruz qalmaz, başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin yaranmazdı". Ulu Öndər Heydər Əliyev çıxışında respublika rəhbərlərinin yarıtmaz fəaliyyətini ifşa etdi və bildirdi ki, Vəzirov bu yüksək vəzifədə olduğu müddətdə Azərbaycanda vəziyyəti sabitləşdirmək üçün heç nə etməmişdir. Əksinə, səhv addımları, yaramaz iş üslubu, yanlış siyasi manevrləri ilə xalqla öz arasında uçurum yaratmışdır. Ümumilli Lider qorxmadan imperiya rəhbərlərini "qatillər" adlandırırdı. Dahi Öndər Heydər Əliyev Azərbaycan xalqına verdiyi başsağlığında soydaşlarımızı ağır gündə " ağıllı, kamallı olmağa, həmrəyliyə və birliyə çağırdı". Xalq Ulu Öndər Heydər Əliyev kimi bacarıqlı, böyük nüfuz sahibi olan bir şəxsiyyətin onunla olduğuna, onu müdafiə etdiyini gördü, ürəkləndi. . .

Şəhidlər Bakının ən uca yerində Dağüstü Parkda dəfn edildi. 1990-cı ilin qanlı yanvarı Azərbaycan xalqı üçün yanlız böyük faciə deyildir. Bu hadisə həm də ləyaqətini, qeyrətini qorumaq üçün mübarizə aparmaqla bu yolda qurbanlar verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. Ümummilli Lider Heydər Əliyevin "Bizim ittifaqdan nicatımız yoxdur" sözləri xalqın ümumi rəyinin ifadəsi oldu. Xalq hərəkatı bu şüur altında keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Özlərini xalqın övladları sayıb, dar gündə ona xəyanət edən rəhbərlər mühakimə edilməlidirlər. Heysiyyətini itirmiş o zamankı respublika rəhbərləri məsuliyyətdən xilas olmaq üçün bütün günahları SSRİ rəhbərliyinin üzərinə atırdı. Lakin heç kəs heç vaxt tarix qarşısında günahını gizlədə bilməz.

Firudin Cümşüdlü,

tarix elmləri namizədi,

ADPU-nın Azərbaycan tarixi kafedrasının dosenti

Digər xəbərlər