PDF Oxu

Sosial

  • 1 137

"Human Rights Watch" və "Freddom House" riyakarlığı davam edir

"Human Rights Watch" və "Freddom House" riyakarlığı davam edir

Politoloq: "Bunlar müsəlman ölkələrində inqilablar hazırlayan Qərb təşkilatlarının bir qoludur"

"Human Rights Watch", "Freddom House" və digər bu tipli təşkilatların ziddiyyətli tarixləri var. Sizlərə bir fakt deyim. Misirdə, Liviyada baş verən dövlət çevrilişləri, daha doğrusu, Qərbin bu ölkələrdə həyata keçirdiyi qətliamlar zamanı bu adıçəkilən təşkilatın nümayəndələrinin orada görünmələri ilə bağlı məlumatlar yayılmışdı. Elə Qərb mətbuatının özündə bu qurumların rəhbərlərinin Misirdə, Liviyada, Suriyada, Livanda olmaları ilə bağlı fotofaktlar yer almışdı. Bu adamlar orada nə gəzirdi? Maraqlısı odur ki, orada bütün vəhşilikləri görsələr də, bircə dəfə də olsun nə "Human Rights Watch", nə də "Fredoom House" təşkilatları bəyanat yaymadılar, həmin ölkələrdə baş verən qətliamlara, hüquqları tapdalanmış insanların çıxılmaz vəziyyətdə olmalarına münasibət bildirmədilər. Biləsiniz ki, bu qurumlar MKİ, Mİ-1, Mİ-2 təşkilatlarının maliyyəsi və diktəsi ilə fəaliyyət göstərirlər".

Bu fikirləri "SƏS" qəzetinə açıqlamasında politoloq Ülvi Məmmədov bildirib. O, qeyd edib ki, adıçəkilən təşkilatların əsas fəaliyyətləri müsəlman-türk ölkələrində milli, dini, irqi zəmində münaqişələr yaratmaqdan, özlərinin biznes maraqlarının təmin olunması üçün müvafiq dövlətlərdə xaos və "insan hüquq və azadlıqları" adı altında terror siyasəti həyata keçirməkdən ibarətdir: "ABŞ Dövlət Departamenti heç də təkcə xarici işlərlə məşğul olan idarə statusunda deyil, bu qurum həm də onlarla məxfi təşkilatları maliyyələşdirən, onları öz təsir dairəsi altında saxlayan, ölkələrdə inqilab və çevrilişlər hazırlayan planları sistemli şəkildə həyata keçirən bir təşkilatdır. Maraqlıdır, bütün günü terrorizmə qarşı mübarizədən danışan ABŞ nəyə görə Fətullah Güləni türkiyəyə təhvil vemir? F.Gülən Türkiyəyə təhvil verilməyəcəyi ilə bağlı ABŞ dövlətindən zəmanət almasa idi, heç vaxt məlum hadisələri həyata keçirə bilməzdi. Düzdür, onun istəyi baş tutmadı, ancaq məsələ bununla bitmir. Maraqlıdır ki, nə üçün Liviyada ABŞ səfiri öldürüləndən sonra M.Qəddafini devirdilər. Halbuki bu günə qədər də səfirin kimin öldürməsi ilə bağlı ortada fakt yoxdur. Lakin elə səfirin ABŞ xüsusi xidmət orqanları tərəfindən öldürülməsi heç kimə şübhə yeri qoymur. Bəli, səfirin öldürülməsi ABŞ-a lazım idi, başqa heç kimə. Sözümü ona gətirirəm ki, ABŞ-ın, İngiltərənin, Fransanın dünyada həyata keçridiyi planlar nəticəsində milyonlarla insanın haqqı tapdalanır, insanlar qətlə yetirilir, ancaq "Human Rights Watch", "Freddom House" təşkilatları heç bir mövqe ortaya qoymurlar."

Poltiloq Ü.Məmmədov adıçəkilən təşkilatların Azərbaycanı repressiyaları davam etdirməkdə günahlandırmasına da münasibt bildirib: "Əvvəla, müqayisə etsək, görərik ki, əsl repressiya ABŞ-da, Qərb dövlətlərində həyata keçirilir, özü də sistemli şəkildə. Məsələn, ABŞ-da hətta adi yol hərəkəti qaydalarını pozan qaradərili insanları öldürürlər, dövlət qurumları da susur. Dünyada qətlə yetirilən jurnalistlərin, həbs edilən fəalların böyük faizi ABŞ-ın, Fransanın, İngiltərənin payına düşür. Fransada tətil etdiklərinə görə, dəmiryol işçilərini atın altına salıb tapdaladılar. Bəs bu zaman həmin təşkilatlar harada idi? Onlar öz casuslarını bu yolla müdafiə edərək, hesabat yayırlar ki, guya Azərbaycanda repressiya var. Baxın, bu hesabatlar kimlər haqqında yayılır? Xədicə İsmayıl, Seymur Həzi, Mehman Hüseynov və sairə bu kimi təxribatçı adamlar haqqında məntiqsiz hesabatlar yayırlar. Mən başa düşmürəm, Qərb üçün, lap elə konkret desək, bu təşkilatlar üçün 1 milyon qaçqın, köçkün vacibdir, yoxsa 20 yaşlı bir pravokator? Nə üçün bircə dəfə məcburi köçkünlərimizlə bağlı normal hesabat yaymayıblar? Ermənistanda prezidentliyə namizəd qətlə yetirildi, ancaq bu təşkilatlar hesabat yayaraq, Ermənistanı ən sabit ölkələrdən biri kimi dəyərləndirdilər. Bütün bunlar açıq şəkildə baş verən riyakarlıqlardır. M.Hüseynov polisə müqavimət göstərib, dövlət nümayəndəsinə güc nümayiş etdirib. Onu da heç kim asıb-kəsməyib. Sadəcə, məhkəmə qarşısına çxıarılıb və cərimə olunub. Bu hadisə ABŞ-da baş versə idi, onu polislər güllələyərdilər. Hər gün bunun özünüz də şahidi olursunuz. Yəni bundan şou düzəltməklə özlərinə xal qazanmaq istəyən "Human Rights Watch", "Freddom House" ölkəmizə öz aləmlərində təzyiq göstərmək istəyirlər. Hesab edirəm ki, bu təşkilatlarla bağlı Azərbaycan dövləti konkret xətt müəyyənləşdirməli və zəruri addımlar atılmalıdır. Bu təşkilatların təxribatçı hesabatları ifşa olunmalı, yerləşdikləri ölkələrin rəhbərliyi qarşısında məsələ qaldırılmalıdır".

Samir

Digər xəbərlər