Dövlət Sərhəd Xidməti tərəfindən 2016-cı ilin dekabr ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilib. Bu barədə qəzetimizə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildirilib.
Məlumatda bildirilir ki, ay ərzində dövlət sərhədini pozduqlarına görə 38 halda 58 nəfər saxlanılmışdır ki, onların 23 nəfəri Azərbaycan Respublikası, 7 nəfəri Qana, 6 nəfəri Özbəkistan, 6 nəfəri Nigeriya, 5 nəfəri İran İslam Respublikası, 3 nəfəri Banqladeş, 2 nəfəri Ukrayna, hər ölkədən bir nəfər olmaqla Qazaxıstan, Rusiya Federasiyası, Türkiyə, Tacikistan, Kamerun və Qırğızıstan vətəndaşı olub.
Sərhəd-rejim qaydalarını pozarkən, yaşıl sərhəddə 10 halda 19 nəfər, Xəzər dənizində 8 halda 13 nəfər, Sərhəd Nəzarəti Məntəqələrində 487 halda 659 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
Həmçinin, qeyd edilir ki, cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 373 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
O cümlədən, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 14 halda 12 kiloqram 460,4 qram narkotik maddə aşkar edilərək götürülüb. Belə ki, Cəlilabad rayonunun Dələli kənd ərazisindəki sərhəd zastavasının xidməti sahəsində qabaqlayıcı əməliyyat məlumatları əsasında həyata keçirilən tədbirlər nəticəsində 11.12.2016-cı il və 21.12.2016-cı il tarixlərdə narkotik maddələr olan 3 kq 785 qram heroinin, 4 kq 200 qram kakosun, 3kq 600 qram tiryəkin və 580 qram metadonun dövlət sərhədindən ölkəmizə gətirilməsinin qarşısı alınıb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 73 halda ümumi dəyəri təqribən 919 min 390 manat olan qaçaqmal, o cümlədən, 7 ədəd tüfəng, 42 ədəd patron, 10 ədəd radiostansiya, 14 655 qutu pirotexniki vasitə, 10 000 Azərbaycan manatı, 120 000 ABŞ dolları, 6 027 qutu müxtəlif markalı siqaret, 31 ədəd mobil telefon, 1 ədəd qayıq, 10 670 ədəd tibbi ləvazimatlar, 603 ədəd müxtəlif növ dərman preparatları və müxtəlif sənaye malları saxlanılıb.
Məlumatın sonunda qeyd edilir ki, dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.
Rövşən Nurəddinoğlu