Bəyanatda bildirilir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, dünyanın heç bir ölkəsi "Dağlıq Qarabağ Respublikası" adlı ölkə tanımır
Ümumrusiya Azərbaycan Konqresi Rusiya Federasiyasının Soçi şəhərində start götürən 28-ci Beynəlxalq KVN festivalına Dağlıq Qarabağ separatçı rejimini təmsil edən komandanın dəvət edilməsi ilə bağlı Rusiyadakı Azərbaycan diasporu adından bəyanat yayıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata görə, bəyanatda bildirilir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, dünyanın heç bir ölkəsi "Dağlıq Qarabağ Respublikası" adlı ölkə tanımır və buna görə də festivala qondarma respublikanın komandasının dəvət olunması, Azərbaycanda olduğu kimi, Rusiyada yaşayan azərbaycanlıların da kəskin narazılığına səbəb olub.
Həmçinin, vurğulanır ki, qondarma respublikadan olan komandanın KVN festivalında iştirak etmək üçün Rusiya Federasiyasının sərhədini keçməsi özü "Rusiya Federasiyasının dövlət sərhədləri haqqında" qanunun kobud şəkildə pozulması deməkdir: "Bununla əlaqədar, Ümumrusiya Azərbaycan Konqresi etnik zəmində qarşıdurmaya yol verilməməsi üçün aidiyyatı qurumları müvafiq tədbirlər görməyə, həmçinin, Rusiya Federasiyasının bütün dövlət və ictimai təşkilatlarını Rusiyada millətlərarası münasibətlərin gərginləşməsinə səbəb ola bilən hər hansı bir addımların atılmasının qarşısını almağa çağırıb".
NƏZAKƏT