Azərbaycan Texniki Universitetində imtahan sessiyasının gedişiylə tanış olmaq üçün mediatur təşkil edilib. Mediaturda universitetin İctimai Şurasının üzvləri və KİV nümayəndəsi iştirak edib.
Media təmsilçiləri universitetin bir neçə auditoriyasında imtahanların gedişini izləyib və cavabların yoxlanılması prosesi haqqında məlumat əldə ediblər.
AzTU-nun rektor əvəzi, Xalıq Yahudovun sözlərinə görə, universitetdə imtahanlar həm test üsulu ilə, həm də yazılı formada keçirilir: "Bu ildən başlayaraq, I kursda oxuyan bütün tələbələrdən imtahanlar yazılı şəkildə götürülür. Əvvəllər yalnız Xüsusi texnika və texnologiya fakültəsinin, SABAH qruplarının tələbələri və magistrlər yazılı imtahan verirdi. Rektor əvəzi bildirib ki, universitetdə bütün məsələlər "Elektron Universitet Portalı" vasitəsilə nəzarətə götürülür, istər yazılı, istərsə də test imtahanlarının nəticələri dərhal həmin sistemdə qeydə alınır.
Xalıq Yahudov qeyd edib ki, universitetdə imtahan sessiyasının gedişinə nəzarət etmək məqsədilə Qərargah və Apellyasiya Komissiyası yaradılıb: "Qiymətləndirmədən narazı qalan tələbələrin Apellyasiya Komissiyasına ərizə ilə müraciət etməsi üçün şərait təmin edilib. Komissiya bütün müraciətlərə baxır, araşdırır, qiymətləndirmədə şəffaflıq və operativliyi təmin edir".
X.Yahudov İctimai Şura üzvlərinə və KİV nümayəndələrinə bildirib ki, universitetdə imtahan prosesinin müşahidə olunması üçün valideynlərin iştirakına şərait yaradılır: "İmtahan sessiyası dövründə hər həftənin şənbə günləri "Açıq qapı" günləri keçirilir. Şikayət və təklifləri olan valideyn və tələbələr sərbəst müraciət etmək imkanına malikdirlər".
Mediaturdan sonra universitetin İctimai Şurasının iclası keçirilib. İclasda şuranın sədri və katibi müəyyənləşdirilib. Üzvlərin yekdil qərarı ilə professor Şahlar Əsgərov şuranın sədri, əməkdar jurnalist Flora Xəlilzadə isə katib seçilib. Daha sonra şura üzvlərinə AzTU-da aparılan islahatlar, görülən işlər və yeniliklər haqqında geniş məlumat verilib. Şura üzvləri qərara gəlib ki, universitetin bəzi problemlərinin həll olunması üçün AzTU rəhbərliyi ilə paralel onlar da fəaliyyət göstərəcək.
Sonda qərara alınıb ki, mütəmadi olaraq, şuranın iclasları keçirilsin və universitet Elmi Şurasında İctimai Şuranın üzvlərinin iştirakı təmin olunsun. İctimai Şuranın üzvləri bu yolla universitetin bütün problemləri ilə yaxından tanış olmaq və həll olunması üçün səylərini səfərbər etmək niyyətindədirlər.
NƏZAKƏT