AMEA Mərkəzi-Elmi Kitabxanası hər zaman xalqımızın qan yaddaşı ilə bağlı olan ildönümlərini sərgilər, aksiyalar, tədbirlər vasitəsilə qeyd edir. Mərkəzi-Elmi Kitabxana bu dəfə də öz ənənəsinə sadiq qalaraq, Sərgi salonunda "Qanlı Yanvar" faciəsi ilə əlaqədar sərgi təşkil edib. Qanlı Yanvarın - xalqımıza qarşı keçmiş SSRİ rəhbərliyinin növbəti məkrli siyasəti sərgilənən kitablarda əksini tapıb. Sərgidə R.Səməndərin "Şəhidlər", A.Balayev və R.Mirzənin "20 Yanvar hadisələri, sənədlər, mövqelər və şərhlər", R.Tağızadənin "Qarabağ rüzgarları", Q.Təngərin "Qara yanvar şəhidləri", E.Məmmədovun "28-dən 29-na keçən gecə", S.Qarayev və İ.Cəfərzadənin "Azərbaycan Dövlət Neft Akademiyası Yanvar şəhidləri", A.Qurbaninin "Şəhidlər dastanı", Q.Əbdülsəlimzadənin "Qanlı Yanvardan 15 il keçdi" və s. kimi kitabları nümayiş olunur. Sərgi yanvar ayının sonuna kimi davam edəcək.
Sərgilənən kitablarda Yanvar faciəsinin Azərbaycan xalqının mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmasından söz açılır. Həmin faciə təkcə minlərlə günahsız insanın qətlə yetirildiyi tarix deyil, eyni zamanda, gələcək azadlığın carçısı idi. Azərbaycan xalqına qarşı həyata keçirilən hərbi təcavüz insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaqdır. Minlərlə günahsız insanın qətlə yetirildiyi faciədə Azərbaycan xalqı ölkənin ərazi bötüvlüyünü və müstəqilliyini qorumaq üçün qanının son damlasına kimi döyüşdü.
Nümayiş olunun kitablarda tariximizin həmin faciəli günlərdə ölkəsinin ərazi bötüvlüyünü, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən üstün tutan Vətən övladlarının canlarından keçərək, şəhidlik zirvəsinə ucaldılması ön planda verilir.
ZÜMRÜD