PDF Oxu

Sosial

  • 824

2017-ci ilin "İslam Həmrəyliyi İli" elan olunması...

2017-ci ilin "İslam Həmrəyliyi İli" elan olunması...

Təkcə Azərbaycan üçün, islam dünyası üçün deyil, bütövlükdə, bəşəriyyət üçün önəmi var

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycanda 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan olunduğunu bildirdi. Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi Əli Əhmədov Prezident İlham Əliyevin bu qərarının islam dünyasının həmrəyliyinə böyük önəmin göstəricisi olduğunu bildirib: "İndiyədək müsəlman ölkələrini din ətrafında birləşməyə çağıran müəyyən təşəbbüslər göstərilib. Dövlətimizin başçısı isə, tarixdə ilk dəfə olaraq, islam dünyasına siyasi mesaj ünvanladı, vahid mövqedən çıxış etməyin, birliyə nail olmağın, eyni zamanda, dünyaya inteqrasiyanın vacibliyinə işarə etdi".

Söhbət etdiyimiz müsahiblərimiz də 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan olunmasının müsəlman dünyasında birliyin, həmrəyliyin yaranmasına böyük dəstəyin nümunəsi olduğunu söylədilər.

Politoloq Elçin Mirzəbəyli:

- Azərbaycanda 2017-ci ilin "İslam Həmrəyliyi ili" elan olunması, bütövlükdə, islam dünyasına, eləcə də dünyaya mesaj xarakteri daşıyır. Məqsədyönlü şəkildə dünyada, artıq uzun illərdi ki, islamofobiya hökm sürür, islam ölkələrinin əleyhinə kampaniya aparılır. Ayrı-ayrı güclər müsəlman dövlətlərinin enerji resurslarına yiyələnmək üçün fəaliyyətlərini islamofobiya faktoru üzərində qururlar. Belə amillərə qarşı mübarizə aparmaq və mübarizə üçün də həmrəylik nümayiş etdirmək lazımdır. Azərbaycan hər zaman islam həmrəylik prinsipindən çıxış edib. İslamın insanları terrora, zülmə, əsarətə deyil, azadlığa və insan haqlarının qorunmasına, günahsız insanlara qarşı mərhəmət nümayiş etdirməsinə dayandığını vurğulayıb. Yəni bütün dünyaya, bir daha islamın mərhəmət və humanizm prinsiplərinə əsaslanan bir din olduğunu çatdırıb. Bütün dinlərin, əslində, sülhə, həmrəyliyə çağırdığını xüsusi olaraq, vurğulayıb. Ölkəmizdə elan olunan 2017-ci il "İslam Həmrəylik ili" təkcə Azərbaycan üçün, islam dünyası üçün deyil, bütövlükdə, bəşəriyyət üçün önəmi var. Çünki dinlərarası qarşıdurma heç kəsə xoşbəxtçilik gətirmir. Günahsız insan ölümlərinə səbəb dünyada hökm sürən ziddiyyətlərdir. Yaxın Şərqdə baş verən hadisələr də bunu açıq şəkildə sübuta yetirir. İslamın əsl mahiyyətini Azərbaycan öz təqdimatında bütün dünyaya çatdırmağa cəhd göstərir. Təəssüflər olsun ki, bu gün maraqlı dairələr islamı terroru dəstəkləyən din kimi qələmə verirlər. Halbuki islamda dinc və günahsız insanın ölümü bəşəriyyətin ölümü kimi qiymətləndirilir.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli:

- 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olunması və İslam Həmrəylik Oyunlarına keçiriləcəyinə hazırlıq görülməsi Azərbaycanın müsəlman dünyasına verdiyi ən böyük töhfələrdəndir. Həm də Azərbaycanın təbliğ olunması və mədəniyyətinin nümayişi üçün də bunun əhəmiyyəti böyükdür. Nəyə görə? Birincisi, bu, islam ölkələri arasında həmrəyliyin daha da inkişaf etməsinə, mədəniyyətlərin daha da yaxınlaşmasına, xalqların və dövlətlərin biri-birini daha yaxından tanımasına dəstək verəcək. İkinci bir tərəfdən, Azərbaycanın burada bir özəlliyi var. Bu özəllik də ondan ibarətdir ki, Azərbaycan müsəlman dövləti olmaqla yanaşı, həm də demokratik bir ölkədir. Bildiyiniz kimi, bir çox islam ölkələrində hələ də müxtəlif sistemlər mövcuddur. Amma Azərbaycan müsəlman ölkəsi olaraq, eyni zamanda, kifayət qədər demokratik bir ölkədir. Bu baxımdan, Azərbaycanda mövcud olan siyasi, dini, multikurtiral sistemlərinin islam mədəniyyətinin yaşadılması, inkişaf etdirilməsi və dünyaya inteqrasiya olunması nümunəsini digər islam ölkələrinə göstərmiş olacaq. Bu baxımdan, həm İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, həm də 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan olunması kifayət qədər böyük önəm daşıyır.

"İnformasiya Təşəbbüslərinə Dəstək" ictimai birliyinin sədri Cəsarət Hüseynzadə:

- Sözün həqiqi mənasında, bu gün beynəlxalq münasibətlər sistemində öz fəaliyyətini beynəlxalq hüquq çərçivəsində həyata keçirən çox az dövlətlər mövcuddur. Azərbaycan Respublikası isə bütün sahələrdə bu hüququn prinsiplərini rəhbər tutan bir dövlətdir. Ölkəmiz həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli münasibətlərdə bu prinsipi əsas tutur. Amma fakt ondan ibarətdir ki, bəzi qüvvələr, islam ölkələrində müxtəlif çirkli fəaliyyətlər həyata keçirməklə, islam və onun dəyərlərinə kölgə salmağa çalışırlar. Belə bir şəraitdə 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan olunması dünyaya bir mesajdır. 2017-ci ildə həm ölkəmizdə 2017- İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, həm də "İslam Həmrəyliyi İli"nin elan olunması strateji əhəmiyyət daşıyır. Azərbaycan həddindən atıq multikultural dəyərlərə malik bir ölkədir. Eyni ilə əhalinin əksər hissəsi islam dəyərlərinə və inanclarına malikdir. Azərbaycan islam dünyasında böyük nüfuza malik bir ölkədir. Bu il həm "İslam Həmrəyliyi Oyunları"nın keçirilməsinin planlaşdırılması, həm də "İslam Həmrəyliyi İli"nin elan olunması, eləcə də müxtəlif çağırışları və digər fəaliyyətləri ilə islam dünyasına növbəti töhfəsini verəcəkdir.

GÜLYANƏ

Digər xəbərlər