YAP Xaçmaz rayon təşkilatında elmi-nəzəri konfrans keçirilib
Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatı nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına İdeoloji Mərkəzdə 20 yanvar hadisələrinə həsr olunmuş elmi-nəzəri konfrans keçirilib.
Konfransı giriş sözü ilə YAP Xaçmaz rayon təşkilatının qadınlar şurasının sədri Sevinc Sədullayeva açaraq konfrans iştirakçılarını 20 Yanvar şəhidlərinin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsini təklif edib. Sonra məktəblilərin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
"20 Yanvar-qan yaddaşı" mövzusunda Heydər Əliyev adına İdeoloji Mərkəzin direktoru Cavad Mehmanov məruzə edərək bildirib ki, bu hadisə Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazılıb və bu gün hər bir azərbaycanlı həmin tarixi qürurla xatırlayır.
"20 Yanvar xalqımızın milli qürur günüdür" mövzusunda YAP Xaçmaz rayon gənclər birliyinin fəalı Elvin Məmmədov çıxış edərək, hər bir azərbaycanlı gəncin baş verən hadisələri dərindən öyrənməli olduğunu və sonrakı nəslin nümayəndələrinə çatdırılmasının bir vəzifə borcu olduğunu qeyd edib.
Çıxış edən digər natiqlər - Kəmalə Nağıyeva, Jalə Orucəliyeva və başqaları 20 Yanvar faciəsi haqqında çıxış edərək, faciənin Azərbaycan xalqının başına gətirdiyi müsibətlərdən və tarixi həqiqətlərdən danışıblar.
YAP rayon qadınlar şurasının üzvü Yaqut Məsimova isə 20 Yanvar faciəsinin nəticələri, şəhidlər və əlillərə dövlət tərəfindən göstərilən qayğıdan danışaraq, dövlətin bu istiqamətdə apardığı genişmiqyaslı işlər barədə məruzə edib.
Elmi-nəzəri konfransın sonunda məktəblilər 20 yanvar hadisələrinə həsr edilmiş şeirlər səsləndiriblər.
Rəfiqə HÜSEYNOVA