Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin "20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planı haqqında" sərəncamına əsasən, Səbail rayon icra hakimiyyəti tərəfindən müvafiq tədbirlər hazırlanmış və bu plana uyğun olaraq rayonun idarə və təşkilatlarında, ali və orta təhsil müəssisələrində tədbirlər keçirilir, rayondakı muzey və sərgi salonlarında müxtəlif sərgilər təşkil olunur. Yanvarın 19-da rayondakı bütün təhsil müəssisələrində keçiriləcək birinci dərslər Qanlı Yanvar faciəsinə həsr ediləcəkdir.
Səbail rayon icra hakimiyyətinin təşəbbüsü ilə, hər il olduğu kimi, rayon rəhbərliyi, Yeni Azərbaycan Partiyası Səbali rayon təşkilatının sədri, respublika "20 Yanvar" cəmiyyəti", Sosial Müdafiə Fondu, Məşğulluq Mərkəzi və rayonun ictimai təşkilatlarının nümayəndələrinin iştirakı ilə rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı əlil olmuş rayon sakinləri ilə rayon icra hakimiyyətində görüş keçirilmişdir.
Tədbirdə çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov qeyd etmişdir ki, bu faciə xalqımızın qan yaddaşında əbədi həkk olunmuşdur. Keçmiş sovet ordusu qarşısına silahsız, əliyalın çıxaraq, canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhrəmanları olmuşlar: "Ümummilli Liderimiz Heydər Əliyev hər zaman 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələri, əlil olmuş vətəndaşlarımıza diqqət və qayğısını əsirgəməmişdir. Onun səyləri ilə faciə qurbanlarının ailələri və 20 Yanvar əlilləri dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunmuşlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş şəxslərə qayğının hər zaman diqqət mərkəzində olub, onlara verilən təqaüd və müavinətləri artırılıb və bu artımın gələcəkdə də davam olunacaq".
YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev isə bildirdi ki, 20 Yanvar hadisəsi xalqımızın tarixində həkk olunmuş ən qanlı faciələrdəndir. Bu faciəyə ilk hüquqi qiyməti isə Ulu Öndər Heydər Əliyev vermişdir. Bu gün möhtərəm Prezidentimiz həmin faciə zamanı həlak olanların ailələrinə və əlil olanlara qayğısını əsirgəmir, onların sosial ehtiyaclarını diqqətdə saxlayır.
Şəhid ailələri və əlillər adından çıxış edənlər onlara olan diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda RİH tərəfindən şəhid ailələri və əlillərə maddi yardım göstərilmiş və ərzaq bağlamaları təqdim olunmuşdur.
Tədbirdə qeyd olunmuşdur ki, yanvarın 20-də rayondakı Bibiheybət ziyarətgahında və İçərişəhərdəki "Cümə məscidi"ndə şəhidlərin xatirəsinə dualar oxunacaq və ehsanlar veriləcəkdir.
Rəfiqə HÜSEYNOVA