PDF Oxu

Sosial

  • 13 957

Azərbaycanda əczaçılıq sənayesi inkişaf edəcək

Azərbaycanda əczaçılıq sənayesi inkişaf edəcək

İlham Əliyev: "İndi vaxt gəlib çatıb ki, Azərbaycanda dərman preparatlarının istehsalına başlansın"

Müasir dövrümüzdə Azərbaycanın uğurlu inkişafı təmin edilir, ölkəmizdə təhlükəsizlik yüksək səviyyədə qorunur, ictimai-siyasi sabitlik möhkəmlənir. Ölkə qarşısında duran bütün əsas vəzifələr uğurla icra edilir. Bunun təməlində düşünülmüş siyasət, həyata keçirilən islahatlar, dövlət proqramları dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs çərçivəsində sosial məsələlərin həlli, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi də hər zaman diqqət mərkəzindədir. Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların maddi və mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraiti yaradılıb ki, bu da Azərbaycan dövlətinin apardığı siyasətin mühüm prinsiplərindəndir. Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi siyasətinə uyğun olaraq, insan amili hər zaman yüksək tutulur. İnsan sağlamlığı, onun hərtərəfli təminatı istiqamətində ardıcıl işlər görülür. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində, bütün sahələrdə oludğu kimi, ölkə səhiyyəsi də yeni inkişaf mərhələsinə qədəm qoyub. Son illər Azərbaycanda əhalinin sağlamlığının etibarlı təminatına imkan verən müasir tibb infrastrukturunun yaradılması Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Müxtəlif aspektlərdən səhiyyədə aparılan uğrulu islahatlar əhalini sağlamlığının təminatına, onun tam şəkildə dünya standartları səviyyəsində qurulmasına istiqamətlənib. Bu məqsədlə son illər səhiyyənin maddi-texniki bazası möhkəmləndirilib, ölkə büdcəsindən səhiyyəyə ayrılan xərclər 11 dəfədən çox artıb. "Biz artan iqtisadi imkanlarımızı, ilk növbədə, sosial sahələrin inkişafına, o cümlədən səhiyyənin problemlərinin həllinə yönəltməliyik" - deyən Azərbaycan Prezidenti İlham Əliyev tərfindən səhiyyənin inkişafı ilə bağlı mühüm addımlar atılıb. Azərbaycanda müasir tibb avadanlığı və cihazlarla təchiz olunmuş 600-dən çox səhiyyə müəssisəsi əhalinin istifadəsinə verilib. Maddi-texniki bazası gücləndirilən tibb müəssisələri dünyanın qabaqcıl səhiyyə ocaqlarından geri qalmır, hətta mübaliğəsiz desək, onları üstələyir. Yeni istifadəyə verilən və təmir və bərpa olunan səhiyyə ocaqlarına dünyanın inkişaf etmiş ölkələri olan Almaniya və İsveçrə kimi ölkələrdən avadanlıqlar gətirilir. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, "İndi dünya səviyyəsində müxtəlif elmi mərkəzlər var və bizim mərkəzlər - son illər ərzində təmir edilmiş, yaxud da ki, yeni tikilmiş mərkəzlər bütün cəhətlərdən ən yüksək səviyyədədir: həm keyfiyyət, həm rahatlıq, palataların ölçüləri, xəstələrə, həkimlərə yaradılmış şərait və əlbəttə ki, avadanlıq."

ƏHALİNİN SAĞLAMLIĞININ QORUNMASI AZƏRBAYCAN DÖVLƏTİNİN ƏSAS HƏDƏFLƏRİNDƏNDİR

Əhalinin sağlamlığına artan diqqətin bir nümunəsi də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə hər bir Azərbaycan vətəndaşının ildə bir dəfə müayinədən keçirməsidir. Müayinələr zamanı müəyyən xəstəliklərin aşkar olunduğu tədqirdə, proflaktik tədbirlərin həyata keçirilməsi insanların sağlamlığı üçün faydalı və əhəmiyyətlidir. Hər bir vətəndaş yaşadığı əraziyə yaxın olan tibb müəssisələrində tibbi müayinədən keçir. Bu, onu göstərir ki, əhalinin sağlamlığının qorunması Azərbaycan dövlətinin əsas hədəflərindəndir. İllərlə həkimə müraciət etməyənlər indi müayinələrə cəlb olunurlar. Bu baxımdan, reallıqlara söykənib, qətiyyətlə deyə bilərik ki, Azərbaycan səhiyyəsinin inkişafı bu gün ən yüksək səviyyədədir və ölkəmizdə keyfiyyətli, səviyyəli tibbi xidmətin göstərilməsi üçün bütün imkanlar mövcuddur.

AZƏRBAYCANDA DÖVRİYYƏDƏ OLAN DƏRMAN VASİTƏLƏRİNİN TƏXMİNƏN 85 FAİZİNİN QİYMƏTİ DÖVLƏT TƏRƏFİNDƏN TƏNZİMLƏNİB

Bildiyimiz kimi, 2015-ci ilin ortalarından başlayaraq, ölkəmizdə dövlət başçısının göstərişləri əsasında dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi həyata keçirilib. Məlum olduğu kimi, məsələnin həm sosial, həm də iqtisadi əhəmiyyəti nəzərə alınaraq, dərman vasitələri bazarında müşahidə edilən xaotik vəziyyətin aradan qaldırılması, bu sahəyə nəzarətin gücləndirilməsi və ölkədə əczaçılıq sənayesinin inkişafı ilə bağlı dövlətimizin başçısı tərəfindən müvafiq tapşırıqlar verilib. Prezident İlham Əliyevin tövsiyəsi ilə Milli Məclisdə bu məsələ müzakirə olundu və dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi üçün "Dərman vasitələri haqqında" Qanuna dəyişiklik edildi. Tarif Şurası tərəfindən görülən işlərin nəticəsi olaraq, bu gün Azərbaycanda dövriyədə olan dərman vasitələrinin təxminən 85 faizinin qiyməti dövlət tərəfindən tənzimlənib.

ÖLKƏMİZ 10 MİLYONA YAXIN İSTEHLAKÇISI OLAN, DAXİLİ TƏLƏBATI İLBƏİL ARTAN VƏ DİNAMİK İNKİŞAF EDƏN DƏRMAN VASİTƏLƏRİ BAZARINA MALİKDİR

Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi sahəsində həyata keçirilən tədbirlərdən biri də ölkəmiz üçün yeni sənaye sahəsi olan əczaçılıq məhsullarının istehsalı sənayesinin yaradılmasıdır. Beynəlxalq təcrübə göstərir ki, əhalinin rifah səviyyəsi yüksəldikcə insanlar öz sağlamlığına daha çox diqqət yetirirlər və nəticə etibarilə dərman vasitələrinin istehlakı artır. Azərbaycan 10 milyona yaxın istehlakçısı olan, daxili tələbatı ilbəil artan və dinamik inkişaf edən dərman vasitələri bazarına malikdir. Ölkəmizə xaricdən dərman idxal olunur və buna çox böyük vəsait xərclənir. Bu vəsaitin ölkədən çıxmasının qarşısını almaq, ölkəyə valyuta gətirmək üçün dərman istehsalı çox vacib məsələlərdən biridir.

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkəmizdə dərman preparatlarının istehsalı üçün də hazırda ciddi proqram hazırlandığını bildirib: "İndi vaxt gəlib çatıb ki, Azərbaycanda dərman preparatlarının istehsalına başlansın. Müvafiq göstərişlər verilibdir, bir neçə xarici şirkətlə danışıqlar aparılır, böyük maraq var. Çünki Azərbaycan bazarı kifayət qədər böyük bazardır. Azərbaycan əhalisinin sayı 10 milyona yaxınlaşır və dinamika da müsbətdir. Ona görə xarici firmalar böyük maraq göstərirlər. Biz bundan istifadə etməliyik".

"MİLLİ SAĞLAMLIĞIN QORUNMASI ÜÇÜN DƏ DƏRMANLARIN ÖLKƏDƏ İSTEHSALI VACİBDİR"

2018-ci ilədək Azərbaycanda artıq 4 dərman istehsalı zavodu fəaliyyət göstərəcək. Rusiya və İran kimi dövlətlərlə birgə Azərbaycanda əczaçılıq zavodları fəaliyyətə başlayacaq. Bu fonda dərman preparatlarının idxaldan asılılığına müəyyən dərəcədə son qoyulacaq və əczaçılıq sənayesi inkişaf edəcək, dərmanların qiymətinin ucuzlaşmasına səbəb olacaq, bolluq yaradacaq. Azərbaycan Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədovun sözlərinə görə, Azərbaycanda dərman preparatlarının istehsalına başlanandan sonra xaricdən dərman gətirilməsinə son qoyulacaq:"Hazırda ölkəyə dərman preparatları idxal olunur. Bunun üçünsə böyük məbləğdə valyuta lazımdır. Milli sağlamlığın qorunması üçün də dərmanların ölkədə istehsalı vacibdir".

İlkin mərhələdə dərmanların hazırlanması üçün xammal xaricdən gətiriləcək. Daha sonra xammalın da ölkədə istehsalına start veriləcək. "Buna görə də, yeganə çıxış yolu korporasiya əsasında xarici ölkələrin ciddi dərman firmaları ilə əlaqələr quraraq müəssisə yaratmaqdır"- deyən Əli Əhmədov bildirib ki, ilkin mərhələdə Azərbaycanda korporasiya əsasında yaxşı imici olan, keyfiyyətli dərman buraxan müəssisələrlə birlikdə dərman istehsalı müəssisələri yaradılacaq. Baş nazirin müavini hesab edir ki, gələcəkdə Azərbaycanın özünün də tədricən dərman istehsalı üzrə praktikası formalaşacaq.

Qısa bir müddətdə Azərbaycanda 4 dərman istehsalı zavodunun fəaliyyətə başlaması müvafiq mütəxəssislərin Azərbaycanda da yetişməsinə gətirib çıxaracaq.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər