PDF Oxu

Sosial

  • 703

"Qanlı Yanvardan istiqlala gedən yol"

"Qanlı Yanvardan istiqlala gedən yol"

Dünən AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 20 Yanvar faciəsinin 27-ci ildönümü münasibətilə "Qanlı yanvardan istiqlala gedən yol" mövzusunda elmi sessiya keçirilib.

Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov çıxış edərək xalqımızın mübarizə tarixində ən şanlı səhifələrdən olan Qanlı Yanvar faciəsini insanlığa qarşı törədilmiş qatı cinayət adlandırıb. O, 20 Yanvar hadisələrinin mənəvi, siyasi, hüquqi aspektləri barədə məlumat verib, xalqımızın həyatında və yaddaşında dərin iz qoymuş faciənin ağır nəticələrindən danışıb.

"Qəhrəmanlığın bədii salnaməsi: şəhidlərimiz şeirimizdə" mövzusunda məruzə edən akademik R.Hüseynov qeyd edib ki, həmin gecə günahsız və silahsız vətəndaşlarımız milli azadlığımız, suverenliyimiz uğrunda mübarizəyə qalxıblar: "Qanlı Yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymət Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənib, ölkəmiz sürətlə inkişaf edib və ordumuz daha da güclənib. "20 Yanvar hadisələri müasir tariximizdə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qürur tarixi, qəhrəmanlıq səhifəsidir".

Elmi sessiyada filologiya üzrə elmlər doktorları Şəfəq Əlibəylinin "Azərbaycan qadını Vətənin müstəqillik yollarında", Kamil Allahyarovun "20 Yanvar Azərbaycan tarixinin həm qəhrəmanlıq, həm də faciəvi bir səhifəsidir" mövzusunda məruzələri dinlənilib.

Tədbir çərçivəsində Qanlı Yanvar faciəsinə həsr olunan sərgi də nümayiş etdirilib.

NƏZAKƏT

Digər xəbərlər