20 Yanvar faciəsinin 27-cı ildönümü ilə bağlı Suraxanı rayon icra hakimiyyətinin təşkilatçılığı ilə rayonda silsilə tədbirlər keçirilir. Növbəti tədbir Hövsan qəsəbəsində yerləşən 23 №-li şəhər Poliklinikasında keçirilib. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb. Sonra 20 Yanvar faciəsinin şəhidləri və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan poliklinikanın baş həkimi Şərəbanı Yusifzadə qeyd edib ki, qanlı 20 Yanvar hadisəsi insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində əbədi qalacaq.
Tədbirdə çıxış edən Suraxanı rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nazim Fətullayev qeyd edib ki, yalnız Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verilməsi məsələsi günün tələbi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəhidlərin adının uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi qayğı göstərir. Xeyirxahlıq missiyası ilə nəinki ölkəmizdə, dünyada diqqət mərkəzində olan Heydər Əliyev Fondu müharibə veteranlarının, şəhid ailələrinin problemlərinə də böyük qayğı ilə yanaşır. Tədbirdə çıxış edənlər vurğulayıblar ki, bu qanlı tarix - 20 Yanvar faciəsi, eyni zamanda, xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin kulminasiya və dönüş nöqtəsidir.
Sonda məktəblilərin ifasında 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya göstərilib.
ZÜMRÜD