PDF Oxu

Sosial

  • 672

AMEA-da "Zamanın sorağında" kitabının təqdimatı olub

AMEA-da "Zamanın sorağında" kitabının təqdimatı olub

Dünən AMEA-nın əsas binasında A.A.Bakıxanov adına Tarix İnstitutunun təşkilatçılığı ilə tanınmış azərbaycanlı milyonçu, neft hasilatçısı, xeyriyyəçi Ağa Musa Nağıyevə həsr olunmuş "Zamanın sorağında" kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, elm və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Təqdimat mərasimində Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Bakı milyonçusu Ağa Musa Nağıyevdən bəhs edən yeni nəşrin əhəmiyyətindən danışıb. Bildirib ki, bu cür kitablar tarixi şəxsiyyətlərin həyatının öyrənilməsi, onlar haqqında gələcək nəsillərə dolğun məlumatların çatdırılması baxımından çox önəmlidir. Diqqətə çatdırılıb ki, kitabın müəllifi Ağa Musa Nağıyevin nəvəsi və tədqiqatçısı Dilarə Ağamusa Nağıyeva, elmi redaktoru isə akademik Arif Həşimovdur.

Daha sonra çıxış edən İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova qeyd edib ki, ictimaiyyətə təqdim olunan kitabda Ağa Musa Nağıyevin sahibkarlıq, xeyriyyəçilik və ictimai fəaliyyəti kompleks şəkildə tədqiq olunmuşdur.

Tədbirdə Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun "Ağa Musa Nağıyev: Azərbaycanın böyük sənayeçisi", həmin institutun aparıcı elmi işçisi Sevinc Mustafayevanın "Məşhur xeyriyyəçi Ağa Musa Nağıyev" mövzusunda məruzələri dinlənilib.

Milli Məclisin deputatları Qənirə Paşayeva, Jalə Əliyeva, Dilarə Cəbrayılova və başqaları çıxış edərək, Ağa Musa Nağıyevin xeyriyyəçilik və ictimai fəaliyyətindən bəhs edən "Zamanın sorağında" kitabının sanballı tədqiqat əsəri olduğunu bildiriblər. Qeyd olunub ki, Bakının arxitekturasına gözəllik verən, tikdirdiyi binaların və vəsaitinin hesabına görə, Ağa Musa Nağıyev 11 milyonçu sırasında birinci olmuşdur.

ZÜMRÜD

Digər xəbərlər