DSX-də 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir
Dövlət Sərhəd Xidmətində 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar keçirilən silsilə tədbirlərdə həyatlarını Vətənimizin azadlığı, müstəqilliyi yolunda qurban vermiş, xalqımızın qürur mənbəyinə çevrilmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilir.
DSX-dən "SƏS" qəzetinə daxil olan məlumata görə, 18 yanvar 2017-ci il tarixində Dövlət Sərhəd Xidməti Aparatında anım mərasimi keçirilib. Öncə tədbir iştirakçıları faciənin növbəti ildönümü ilə bağlı hazırlanmış sərgiyə tamaşa ediblər.
Tədbirlərin rəsmi hissəsində şəhidlərin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Anım mərasimində DSX rəisinin müavini general-leytenant Azad Ələkbərov və Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxış edərək, xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə ətraflı məlumat veriblər. Qeyd edilib ki, SSRİ rəhbərliyinin göstərişi ilə törədilmiş bu dəhşətli cinayət Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilməmiş, əksinə, milli-azadlıq mübarizəsini daha da gücləndirmişdir.
Məhz qanlı faciədən dərhal sonra Ulu Öndər Heydər Əliyevin böyük cəsarət nümayiş etdirərək, ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bəyanat verməsi, təcavüzə kəskin etiraz bildirməsi, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etməsi xüsusi olaraq vurğulanıb.
Qanlı Yanvar hadisələrinə dövlət səviyyəsində əsl siyasi-hüquqi qiymətin də yalnız Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra verilməsi qeyd edilmişdir. Ulu Öndər 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutaraq, onların adlarının əbədiləşdirilməsi ilə bağlı bir sıra fərman və sərəncamlar imzalamış, 20 Yanvar Ümumxalq Hüzn Günü elan olunmuşdur.
Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ölkəmizin azadlığı, süverenliyi uğrunda həlak olanların xatirəsinə böyük ehtiramın göstərilməsi, şəhidlərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının daha da artırılması məqsədilə mühüm qərarların qəbul olunması barədə ətraflı məlumat verilmişdir.
Tədbirin sonunda 20 Yanvara həsr olunmuş sənədli film nümayiş etdirilib.
Rövşən RƏSULOV