Dünən Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının 1 saylı Klinik Tibbi Mərkəzlə birgə 1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı həlak olmuş bir qrup şəhidlərin ailə üzvlərinin və əlillərin partiyanın fəalları ilə təşkil etdiyi görüş keçirildi.
Tədbirin məqsədi də bu tarixin təbliği və 20 Yanvar faciəsinin müstəqilliyimizin qazanılmasında rolunun və əhəmiyyəti nəsillərə çatdırılmalıdır. Qeyd edək ki, tədbirdən öncə 20 Yanvar faciəsi qurbanlarının və veteranların tibbi müayinəsi təşkil olunub. Tədbir 20 Yanvar şəhidlərinin və Azərbaycanın istiqlaliyyəti uğrunda şəhid olanların xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Tədbiri giriş sözü ilə YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı açaraq sovet imperiyasına məxsus hərbi birləşmələrin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dinc əhaliyə qarşı törətdiyi cinayətdən, Azərbaycan xalqının azadlığı uğrunda göstərdiyi şücaətdən danışıb. M.İbrahimqızı bildirib ki, məhz 20 Yanvardan başlayaraq Azərbaycan xalqı SSRİ-nin tərkibində ədaləti bərpa etməyin qeyri-mümkünlüyü və milli haqlarımıza obyektiv yanaşma nümayiş olunacağına öz inamını birdəfəlik itirdi: "Ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə həyata keçirilmiş 20 Yanvar faciəsi totalitar kommunist rejiminin Azərbaycan xalqına qarşı hərbi təcavüzü və cinayəti idi".
M.İbrahimqızı 20 Yanvar günündə xalqının səsinə birinci olaraq, məhz Ulu Öndər Heydər Əliyevin səs verdiyini bildirdi. Ulu Öndər Heydər Əliyev 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərdi.
M.İbrahimqızı 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması məsələsi istiqamətində mühüm addımlar atıldığını diqqətə çəkdi.
M.İbrahimqızı Ulu Öndərin siyasi kursunu inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların xatirəsinə böyük ehtiram bəslədiyini bildirdi.
Tədbirdə çıxışnda 1 saylı Klinik Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov öz hüquqları uğrunda mübarizəyə qalxmış bir xalqın 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə öz zəhmli ordusunun tankları, işıqsaçan zəhərli güllələri, xüsusi təyinatlı hərbi dəstələri, pozuculuq-təxribat işlərini təşkil edən çevik qrupları ilə üzləşdiyini bildirdi.
Tədbirdə çıxış edən 1 saylı Klinik Tibbi Mərkəzi baş həkimin müavini, YAP Nərimanov rayon təşkilatı qadınlar şurasının sədri Məhəbbət İbrahimova, Nəsimi rayonu üzrə 20 Yanvar Əlillər Cəmiyytinin sədri Tofiq Allahverdiyev ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinin daim diqqət mərkəzində saxlanıldığını, sosial problemlərinin həllində dövlət dəstəyinin olduğunu qeyd edərək, hər kəsi ölkəmizin firavanlığı və xoş gələcəyi naminə dövlətçiliyimizin keşiyində durmağa çağırdılar.
NƏZAKƏT