Tahir Rzayev: "Separatçı quldur rejimin mövqeyindən çıxış etmək Rusiyaya heç də hörmət gətirməyəcək"
Müsahibimiz millət vəkili Tahir Rzayevdir
- Tahir müəllim, Rusiyanın xarici işlər naziri Sergey Lavrov keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağın yalnız Azərbaycanın daxili işi olmadığını bildirib. Bu, ermənipərəst mövqe nədən irəli gəlir?
- Sergey Lavrov və Lavrov kimilər dəfələrlə bu fikirləri səsləndirirlər. Bu, beynəlxalq normalara, ATƏT-in prinsiplərinə, BMT-nin qəbul etdiyi qətnamələrə və bir çox beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərin mahiyyətinə zidd olan fikirlərdir. Çünki dünya artıq Azərbaycanı bütöv bir ölkə kimi təqdim edir və Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi kimi qəbul olunub. Sergey Lavrov, eləcə də onun təmsil etdiyi ölkənin rəhbərləri dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını və Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu bildiriblər. Təəssüflər olsun ki, müəyyən məsələlər ortaya gələndə, bu məsələlərin nizamlanmasına addımlar atanda Sergey Lavrov və Lavrov kimilər suyu bulandırmağa çalışırlar. Yəni onlar nə isə qıcıqlandırıcı bir mövqe tuturlar və sözsüz ki, bu qıcıqlandırıcı mövqe də Dağlıq Qarabağ münaqişəsinin həllinə yox, əslində, onun uzanmasına xidmət edir.
- Lavrovun mövqeyini, Rusiyanın münaqişənin həllində maraqlı tərəf olduğunu təsdiqləyən fakt hesab etmək olarmı?
- Hər kəs yaxşı bilir ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında Rusiya tərəfi önəmli rol oynayır. Sözsüz ki, bu gün Ermənistan Rusiyanın bir əyaləti hesab olunur. Demək olar ki, Ermənistan artıq çöküb və onun özünün iqtisadi, siyasi, sosial bir siyasəti yoxdur. Yəni Ermənistan müstəqil bir dövlət deyil. Belə olan halda da, işğalçı ölkə olan Ermənistan Rusiyadan asılıdır. Təəssüf olsun ki, ATƏT-in həmsədr dövləti kimi Rusiyanın xarici işlər naziri bu fikri səsləndirir. Bu siyasətçiyə yaraşmayan və xarici siyasəti təmsil edən bir şəxs üçün heç bir prinsipə sığmayan bir fikirdir. Çünki Sergey Lavrov böyük bir dövləti təmsil edir. O bilir ki, tarixən bu torpaqlar Azərbaycan ərazlsizdir. Belə bir halda, Dağlıq Qarabağın mövqeyindən və separatçı quldur rejimin mövqeyindən bu cür çıxış etmək, Rusiyaya heç də hörmət gətirməyəcək. Əksinə, Rusiyanın dünyada olan nüfuzuna çox ciddi ziyan vuracaq.
- Sergey Lavrovun bu açıqlamasına əsasən demək olarmı ki, Azərbaycan Dağlıq Qarabağda hərbi əməliyyatlara başlasa Rusiya öz vassalı olan işğalçı Ermənistanı tək buraxmayacaq?
- Rusiya daimi ikibaşlı oyunlar oynayıb. O, sözdə Azərbaycanla strateji əməkdaş olduğunu, Azərbaycanı dəstəklədiklərini daimi nümayiş etdirir. Ancaq təəssüflər olsun ki, arxada Ermənistanı silahlandırır, işğalçı ölkəyə maliyyə yardımları edir. Yəni bu gün hər kəs yaxşı bilir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində əsas söz sahibi Ermənistan yox, Rusiyadır. Sadəcə olaraq, Ermənistan ikinci bir qüvvədir. Birmənalı şəkildə demək olar ki, Ermənistanın ordusu, rəhbərliyi o gücə malik deyil. O cümlədən də, işğalçı ölkənin iqtisadi vəziyyəti də müharibə aparmağa imkan vermir. Bu baxımdan da, Ermənistan bu gün ancaq Rusiyaya arxalanır. Təəssüflər olsun ki, dünya birliyi ölkələri belə məsələlərdə konkret mövqe ortaya qoymurlar. Əgər doğurdan da, onlar konkret mövqe ortaya qoysalar, Sergey Lavrov kimilər bu cür fikirləri səsləndirməz.
- Aprel döyüşlərinin yenidən təkrarlanmasının qaçılmaz olduğunu demək olarmı?
- Aprel döyüşləri göstərdi ki, Azərbaycan Ordusu öz ərazilərini az bir müddətdə işğaldan azad etməyə qadirdir. Azərbaycan Ordusu dəfələrlə Ermənistanın ordusundan güclüdür. Azərbaycanın bu gün iqtisadi potensialı, insanların həmrəyliyi, düşməni öz torpaqlarından azad etmək yönündə mübarizə aparmaq ruhu qat-qat Ermənistandan güclüdür. Ancaq təəssüflər olsun ki, bu gün Rusiya Ermənistanı müdafiə edir. Dağlıq Qarabağda təşkilatlanan terror qruplaşmasıdır. Nəyinki Dağlıq Qarabağda, bu gün Ermənistan hakimiyyətində oturanlar və ona rəhbərlik edənlər, hamısı terror təşkilatlarının üzvləridir. Nə qədər ki, hakimiyyətdə və xarici siyasətdə Sergey Lavrov kimi şəxslər var, o zaman Dağlıq Qarabağ münaqişəsinin həll olunması yolları çətinləşəcəkdir. Ümumiyyətlə, Azərbaycan xalqı səfərbər olmalıdır, öz Prezidentinə, ordusuna arxalanmalı, həmrəy olub, öz sözünü deməlidir. Heç kim işğal altında olan torpaqları bizə verəsi deyil. Biz ancaq öz gücümüz və birliyimizlə öz Ali Baş Komandanımız Prezident İlham Əliyevin ətrafında möhkəm birləşməyimizlə bu torpaqları azad edəcəyik.
GÜLYANƏ