PDF Oxu

Sosial

  • 729

Daşkəsəndə 20 Yanvar faciəsinin 27-ci ildönümü və şəhidlərimizin əziz xatirəsi böyük ehtiram və hörmətlə yad edildi

Daşkəsəndə 20 Yanvar faciəsinin 27-ci ildönümü və şəhidlərimizin əziz xatirəsi böyük ehtiram və hörmətlə yad edildi

Əhəd Abıyev: "20 Yanvar və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin and yeri olan üçrəngli bayrağımızın tezliklə işğal olunmuş ərazilərimizdə dalğalanacağına əminik"

20 Yanvar faciəsinin 27-ci ildönümü və şəhidlərimizin əziz xatirəsi, bütün ölkə ərazisində olduğu kimi, Daşkəsən rayonunda da dərin ehtiramla yad edilib.

Silsilə tədbirlərin davamı olaraq, dünən 20 Yanvar faciəsinin 27-ci ildönümü münasibətilə rayon ictimaiyyətinin 3500-dən çox nümayəndəsinin iştirakı ilə Daşkəsən rayon Şəhidlər Xiyabanında ümumrayon anım mərasimi keçirilib. Anım mərasimində rayonun icra hakimiyyətinin başçısı Əhəd Abıyev rayon sakinləri adından Şəhidlər Xiyabanındakı əbədi məşəlin önünə əklil qoyub.

Sonra Əhəd Abıyev şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və iştirakçıları, rayon ağsaqqalları və veteranları ilə görüşərək, şəxsən onların ehtiyac və qayğıları ilə maraqlanıb, müvafiq strukturlara tapşırıqlarını verib.

Anım mərasimi mədəniyyət mərkəzində davam etdirilib. Mərkəzin foyesində məktəblilərin 20 Yanvar faciəsinə həsr olunmuş rəsm sərgisi təşkil olunub, toplantı iştirakçıları tərəfindən şərgiyə baxış keçirilib.

Sərgiyə baxşdan sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daşkəsən rayon İH-nin başçısı Əhəd Abıyev tədbirdə çıxış edərək, 20 Yanvar faciəsinin mahiyyəti barədə danışaraq qeyd edb ki, 1990-cı ilin 20 yanvarında törədilmiş qanlı faciəli hadisələri xalqımızın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub: "1990-cı il yanvarın 19-dan 20-nə keçen gecə sovet ordusu erməni silahlı quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror aktı həyata keçirib. Azərbaycanın müstəqillik və milli azadlıq uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 yanvarında xalqımıza qarşı misli görünməmiş vəhşiliklər törədilmişdir. Bu qanlı faciə Azərbaycan xalqının milli azadlığı və ərazi bütövlüyü uğrunda aparmış olduğu şanlı mübarizə tarixində qara səhifə kimi heç vaxt unudulmayacaqdır.

İcra hakimiyyətinin başçısı çıxışında bildirmişdir ki, bu qanlı hadisəyə, ilk olaraq öz münasibətini bildirən şəxs Ümummilli Lider Heydər Əliyev olmuşdur: "Ulu Öndər Heydər Əliyev 1990-cı il yanvarın 21-də faciənin səhərisi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində çıxış edərək, bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib. Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirib.

"Yalnız Ümummilli Liderimiz Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi"-deyə qeyd edən Ə.Abıyev əlavə edib ki, Ulu Öndər Heydər Əliyev şəhidləri və şəhid ailələrini heç vaxt diqqətdən kənar qoymurdu: "20 Yanvar faciəsinin bütün ildönümlərində şəxsən Şəhidlər Xiyabanını ziyarət edən Ulu Öndər şəhid ailələrinə müraciətlə bütün Azərbaycan xalqı adından onlara baş sağlığı verir, problemləri ilə yaxından maraqlanırdı. O, bu faciəni böyük bir tarixi hadisə kimi qiymətləndirmiş və qəhrəman övladlarımızın özünü qurban verərək, Azərbaycan xalqının milli azadlığı üçün, Azərbaycanın müstəqilliyi üçün yol açdıqlarını ifadə etmişdir. Ümummilli Lider bu məkanın Azərbaycan xalqı üçün ən müqəddəs yer və ən qiymətli abidə olduğunu bildirmişdir. Biz bu qanlı faciənin ildönümü ərəfəsində həmrəyliyimizi, azadlıq və ərazi bütövlüyümüz uğrunda mübarizə əzmimizi bir daha nümayiş etdirdik. Bu gün 20 Yanvar şəhidlərinin ruhu şaddır. Ona görə ki, Azərbaycan müstəqil və azaddır. Biz inanırıq ki, 20 Yanvar şəhidlərinin ruhu bu gün Qarabağın üzərində, işğal olunmuş ərazilərimizdə narahatdır. 20 Yanvar və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin and yeri olan üçrəngli bayrağımızın tezliklə Şuşada, Laçında, Kəlbəcərdə, Xankəndində, Qubadlıda, Xocalıda və digər işğal olunmuş ərazilərimizdə dalğalanacağına əminik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qazanacağımız o uğurlu qələbə günü çox da uzaqda deyil. Ölkə rəhbərimiz, möhtərəm Prezidentimiz İlham Əliyevin aparmış olduğu doğru-düzgün uğurlu siyasəti bizi inamla işıqlı gələcəyə, yeni-yeni parlaq qələbələrə aparır. Bu gün Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır".

Rayon icra hakimiyyətinin başçısı Uca Allahdan bütün şəhidlərimizə rəhmət diləyib.

Anım mərasiminin sonunda rayon mədəniyyət işçilərinin və məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilmiş və 20 Yanvar faciəsindən bəhs edən filmə baxış keçirilmişdir.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər