Məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatının 70-ci Baş Assambleyası 2017-ci ili İnkişaf Naminə Beynəlxalq Davamlı Turizm İli elan edib. Madrid şəhərində Davamlı Turizm İlinin rəsmi açılış mərasimi keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən qəzetimizə verilən məlumata istinadən, 65 ölkədən nazir və digər yüksək səviyyəli rəsmilərin iştirak etdiyi mərasimdə Azərbaycanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və ölkəmizin İspaniyadakı Fövqəladə və Səlahiyyətli səfiri, BMÜTT yanında daimi nümayəndəsi Anar Məhərrəmov təmsil edib.
Açılış mərasiminin rəsmi hissəsində çıxış edən BMÜTT-nin baş katibi Taleb Rifai qeyd edib ki, bu il davamlı turizmin inkişafa verdiyi töhfə üzrə dövlət və özəl sektor rəhbərləri və cəmiyyət arasında məlumatlılığı artırmaq və turizmi müsbət dəyişikliyin katalizatoru etmək üçün bütün maraqlı tərəfləri birgə fəaliyyətdə səfərbər etməkdə unikal imkandır. Daha sonra Gürcüstanın baş naziri, Hondurasın vitse-prezidenti, İspaniyanın xarici işlər naziri çıxış edərək, sözügedən ilin əhəmiyyətini vurğulayıblar.
Tədbir çərçivəsində nazir Əbülfəs Qarayev FİTUR sərgisinə baş çəkmiş və bir sıra ölkələrin təmsilçiləri ilə ikitərəfli müzakirələr aparıb. Görüşlərdə turizm sahəsində səmərəli əməkdaşlığın qurulması müzakirə edilib.
ZÜMRÜD