PDF Oxu

Sosial

  • 985

Bilik Fondu 20 Yanvar şəhidlərini yad etdi

Bilik Fondu 20 Yanvar şəhidlərini yad etdi

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı ilə təsdiq edilmiş "20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı"na müvafiq olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu silsilə tədbirlər keçirib. Fondun icraçı direktoru Oktay Səmədov gənc nəslə yanvar hadisələri barədə geniş məlumat verməklə yanaşı, ölkəmizdə təhsil alan xarici vətəndaşlara da Azərbaycanın müstəqillik mücadiləsi yolundan və bu yolda verilən qurbanlardan, bütövlükdə, Azərbaycan gerçəklərindən danışmağın vacibliyini vurğulayıb.

Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı bu qanlı faciənin tarixi kökləri, onu doğuran səbəblər barədə ətraflı məlumat verərək, bildirdi ki, 1990-cı il yanvarın 20-də Azərbaycan xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətən övladları canlarından keçərək, şəhidlik zirvəsinə ucalıblar. Ona görə də, bu hadisə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm də bir qəhrəmanlıq səhifəsi kimi daxil olub.

Bilik Fondunun aparat rəhbəri professor İsaxan Vəliyev çıxışında bildirib ki, 1990-cı il yanvar ayının 20-i Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, eyni zamanda, xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut edib. Məhz buna görə də, 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin rəmzidir. Aparat rəhbəri xatırladıb ki, faciədən bir gün sonra Ümummilli Lider Heydər Əliyev təhlükə və təqiblərə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinə, kommunist rejiminə qarşı etirazını bildirməklə ekstremal durumda ani olaraq düzgün qərar qəbul etmək bacardığını nümayiş etdirib. Bu faciə zamanı xalqımız vahid bir Azərbaycan milləti kimi düşmənə qarşı çiyin-çiyinə birləşdi.

Sonra anım mərasimində 20 Yanvar hadisələrinin şahidi olan Əlizadə Elşən faciə ilə bağlı xatirələrini bölüşdü.

Daha bir tədbir Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə həyata keçirdiyi "Məktəblinin dostu" pilot layihəsi çərçivəsində Bilik Fondunun iştirakı və dəstəyilə şəhid Akif Abdullayev adına 211 nömrəli məktəbdə keçirildi. Binə qəsəbəsi 117 nömrəli məktəbin şagirdlərinin də iştirakı ilə keçirilən anim mərasimində şagirdlərin ifasında 20 Yanvar faciəsi ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirildi. İştirakçılar "20 Yanvar" abidə-kompleksi və "Şəhidlər Xiyabanı"nı ziyarət edərək, şəhidlərin məzarına qərənfil dəstələri qoydular.

Faciənin ildönümü ərəfəsində Bilik Fondunun yerli nümayəndələrinin təşkilatçılığı ilə Qax, Oğuz, Şəmkir, Nardaran Bilik evlərində, həmçinin, rayonlarda məktəblilərin, yerli ziyalıların iştirakı ilə toplantılar keçirilib. Bütün ümumtəhsil məktəblərində qanlı Yanvar hadisələrinə həsr edilmiş xüsusi dərslər aparılıb, sinif divar qəzetləri 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr edilib, ümumtəhsil məktəblərində tariximizin bu şanlı səhifəsini əks etdirən güşələr tərtib edilib, şagirdlərin əl işləri və rəsmlərindən ibarət sərgilər təşkil olunub.

NƏZAKƏT

Digər xəbərlər