Dünən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş toplantı keçirilib. Tədbirdə 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BBMM-in icraçı direktoru Azad Məmmədov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələrinin Azərbaycan xalqına dəhşətli faciə yaşatdığını qeyd edib. İcraçı direktor bu faciəni, eyni zamanda, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixində yeni səhifə kimi səciyyələndirib.
İcraçı direktor deyib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan multikulturalizminin tədrisi, qurumun müxtəlif ölkələrdə fəaliyyət göstərən filialları və beynəlxalq elita ilə mütəmadi keçirilən görüşlər vasitəsilə 20 Yanvar faciəsini, ümumiyyətlə, Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində səylərini bundan sonra da əsirgəməyəcək.
Mərkəzin aparat rəhbəri, professor Aytən Qəhrəman qanlı gecənin dəhşətli statistikasından söz açıb:"Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən, təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilib. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin, təcili yardım işçiləri və milis nəfərləri olub. Öncədən düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək, ona mənəvi zərbə vurmaq məqsədi ilə gerçəkləşdirilib. Ancaq xalqımızın azadlıq istəyinə qarşı yönələn bütün təcavüzlərə, zorakılıqlara və faciələrə baxmayaraq, aradan keçən 27 il ərzində, heç bir şey suveren, sabit iqtisadiyyata, mütəşəkkil orduya malik və ümumxalq birliyinə müvəffəq olan güclü Azərbaycanın formalaşmasına mane ola bilmədi.
NƏZAKƏT