Dünən Naxçıvan şəhərindəki Xatirə Muzeyi ilə muxtar respublikanın ümumtəhsil, orta ixtisas və peşə məktəbləri arasında interaktiv əlaqə yaradılıb.
"Şərq qapısı" qəzeti xəbər verir ki, interaktiv dərs 20 Yanvar faciəsinin növbəti ildönümünə həsr olunub. Xatirə Muzeyinin bələdçisi Rəqsanə Kərimova bildirib ki, muzeydə 2 mindən çox eksponat var və onlardan 400-ə yaxını ekspozisiyada nümayiş etdirilir. Ötən əsrin əvvəllərindən başlayaraq, təcavüzkar erməni daşnaklarının azərbaycanlılara qarşı müxtəlif illərdə törətdikləri dəhşətli cinayətlərin izləri bu eksponatlarda öz əksini tapıb.
Xatirə Muzeyi azərbaycanlılara qarşı 1905-1907-ci, 1918-1920-ci illərdə baş verən kütləvi soyqırımı aktlarını, həmçinin, 1948-1953-cü illərdə azərbaycanlıların öz dədə-baba torpaqlarından deportasiyasını, 1990-cı il 20 Yanvar, 1992-ci il Xocalı faciələrini özündə əks etdirən eksponatlarla zəngindir. Muzeydə ermənilərin Bakıda, Şamaxıda, Qarabağda, Naxçıvanda və digər bölgələrimizdə törətdikləri soyqırımları əks etdirən sənədlər, şəkillər, hadisələri tarixi faktlarla oxuculara çatdıran qiymətli kitablar vardır.
Qəhrəmanlıq və qürur tariximiz olan 20 Yanvar faciəsi barədə danışan Rəqsanə Kərimova deyib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror aktı həyata keçirib. Azərbaycanı sovet imperiyasının buxovunda saxlamaq və sovet rejiminin hegemonluğunu hələ uzun müddət davam etdirmək məqsədilə Bakıya ordu yeridilib, misli görünməmiş qətliam törədilib.
Diqqətə çatdırılıb ki, xalqımıza qarşı törədilən bu cinayəti ilk dəfə Ümummilli Liderimiz Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində mətbuat konfransı keçirərək, insanlığa zidd aksiya kimi pisləyib. Əsl vətəndaşlıq və ümummilli mübarizəyə çağırış məqamı olan bu addım Azərbaycan xalqının milli azadlıq uğrunda apardığı mücadilədə əsas stimul olub. 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi də Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi və Təhsil Nazirliyinin təşkilatçılığı ilə dünən aparılan interaktiv dərsi muxtar respublikanın 200-dən çox ümumtəhsil, orta ixtisas və peşə məktəbindən izləyiblər.