PDF Oxu

Sosial

  • 993

Suraxanıda 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi anılıb

Suraxanıda 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi anılıb

Suraxanı rayon icra hakimiyyətinin və YAP Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində ümumrayon anım tədbiri keçirilib.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlanıb. Sonra 20 Yanvar faciəsinin şəhidləri və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov qeyd edib ki, keçmiş sovet dövlətinin hərb maşınının 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı həyata keçirdiyi qanlı terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq xatırlanır.

Rayon rəhbəri çıxışında onu da qeyd edib ki, dəhşətli faciəyə kəskin etiraz olaraq 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirən Azərbaycan xalqının Ümummilli Lideri, Heydər Əliyev hadisəyə operativ və düzgün qiymət verən ilk vətənpərvər Lider oldu: "Ümummilli Lider Heydər Əliyev bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, mənsub olduğu xalqın faciəsinə məsuliyyət daşıyanları Kremlin bir addımlığında, həm də bütün dünyanın gözü qarşısında ittiham etdi. Təsadüfi deyil ki, hadisəyə ilk hüquqi-siyasi qiymət də 1991-ci ilin noyabr ayında Ulu Öndərin Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtda verildi".

İ.Abbasov qeyd edib ki, bu gün 20 Yanvar faciəsinin iştirakçıları və şəhid ailələri dövlətin daim diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəhidlərin adının uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin həllinə xüsusi qayğı göstərir.

Tədbirdə Milli Məclisin deputatı Sevinc Fətəliyeva, YAP Suraxanı rayon təşkilatını sədri Vüqar Seyidov, "Şəhidlər" kitabının müəllifi Rafiq Səməndər, "Səhər" qəzetinin keçmiş redaktoru, "20 Yanvar: Güllələnmiş qəzet" kitabının müəllifi Məzahir Süleymanov, jurnalist, tədqiqatçı Zemfira Məhərrəmli, "Qadın və İnkişaf" Mərkəzinin direktoru, 20 Yanvar şəhidinin həyat yoldaşı Şövkət Xanməmmədova, 20 Yanvar Cəmiyyətinin Suraxanı rayon şöbəsinin sədri Bəxtiyar Ağayev çıxış edib.

Tədbir boyu zaldakı ekranlarda bəşər tarixinin dəhşətli cinayət hadisəsi olan "20 Yanvar" faciəsi haqqında video-çarx nümayiş olunub. Tədbirdən sonra 20 Yanvar Cəmiyyətinin Suraxanı rayon şöbəsinin üzvlərinə ərzaq yardımı göstərilib.

ZÜMRÜD

Digər xəbərlər