PDF Oxu

Sosial

  • 834

Ermənilər bir daha heç zaman beynəlxalq ictimaiyyəti aldada bilməyəcəklər

Ermənilər bir daha heç zaman beynəlxalq ictimaiyyəti aldada bilməyəcəklər

Mübariz Əhmədoğlu: "Lavrovun dili ilə Rusiya ilk dəfə olaraq "işğal olunmuş ərazilər" terminini işlətdi"

Azərbaycanlı jurnalistin Rusiyanın xarici işlər naziri Sergey Lavrova verdiyi sual və bu suala cavabı ətrafında bir neçə gündür ki, müzakirələr gedir. Əslində nə baş verib? Jurnalistin "Azərbaycan tərəfinin antiterror əməliyyatlarına başlayacağı və işğal olunmuş əraziləri işğalçılardan təmizləyəcəyi təqdirdə, Moskva necə hərəkət edəcək: buna göz yumacaq, yoxsa Azərbaycanın daxili işlərinə qarışacaq?" sualına cavabında Lavrov nə deyib və məsələnin əsl mahiyyəti nədən ibarətdir? Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib ki, Sergey Lavrovun bəyanatı Dağlıq Qarabağ tənzimlənməsində ermənilərin mövqeyinə ən ciddi zərbələrdən biridir: "Sadəcə, ermənilər emosional ritorikaya söykənərək, belə düşünürlər ki, guya Lavrov Azərbaycan jurnalistinin sualına sərt cavab verib və Azərbaycan jurnalistinin üstündən tankla keçib. Reallıqda isə ekspertlərindən fərqli olaraq, rəsmi Yerevan Lavrovun bəyanatına qarşı etiraz edir. Ermənistan xarici işlər naziri E.Nalbandyan dərhal Moskvaya qaçdı, Lavrovla görüşdü. Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı foto-şəklin tərtibatından bəlli olur ki, əvvəlcədən planlaşdırılmamış görüş qeyri-rəsmi ərazidə keçirilib. Nalbandyanın müavini Şavarş Koçaryan da Lavrovun bəyanatını rəsmi mövqe hesab etmir". Rəsmi Yerevan başa düşüb ki, Lavrovun dilindən "işğal olunmuş ərazilər" termini səslənibsə, Rusiya bunu gec-tez Ermənistana qarşı ciddi şəkildə istifadə edəcəkdir. Çünki əgər ərazilər işğal olunubsa, demək, işğalçı var. İşğalçı varsa, demək, BMT Təhlükəsizlik Şurasının yeni qətnaməsi ilə cəzalandırılmalıdır. Rəsmi Yerevanı perspektiv ciddi narahat edir".

M.Əhmədoğlu Sergey Lavrovun "Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın daxili işi deyil" fikrinə də münasibət bildirib: "Qaldı ki, Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın daxili işi olmamasına, burada da Lavrov həqiqətdən uzaq bir şey demir. 1992-ci ildə ATƏT-in Minsk Qrupu yaradılarkən və onun tərkibi formalaşdırılarkən, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan daxili, yoxsa beynəlxalq münaqişə olması ilə bağlı Azərbaycanda qızğın müzakirələr başladı, uzun müddət davam etdi. Hətta bəzi erməni ekspertləri də Azərbaycanın daxilində gedən bu diskussiyalara münasibət bildirdi. ATƏT-in (o zamankı ATƏM) Budapeşt sammiti (1994-cü il) zamanı artıq ATƏT-in Minsk Qrupunun fəaliyyəti, Dağlıq Qarabağ münaqişəsinin tərəfləri və sülhməramlıların tərkibi ilə bağlı qərarlar qəbul edildi. Bütün bunlar, artıq bir daha təsdiq etdi ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi beynəlxalq məsələyə çevrilib. Burda Azərbaycan üçün ciddi zərərli bir şey yoxdur. Çünki ermənilər sovet dönəmində Dağlıq Qarabağla bağlı qəbul olunan qərarları qəbul etmirlər. Bu qərarları təkcə bir qrupun- ya Sovet İttifaqının Kommunist Partiyasının və yaxud Stalinin qəbul etdiyi qərar hesab edirlər. Dağlıq Qarabağ ermənilərinin 1923-cü ildə Azərbaycanın tərkibində qalmağa səs verdiklərini unutdurmağa çalışırlar. İndi beynəlxalq ictimaiyyət, BMT, ATƏT-in Minsk Qrupu, Avropa İttifaqı və Avropa Şurası Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğuldur. Maraqlısı da budur ki, bütün bu təşkilatların mövqelərində Dağlıq Qarabağa müstəqilliyin verilməsi nəzərdə tutulmayıb. Dağlıq Qarabağ münaqişəsinə dair olan bütün sənədlərdə iki istisna var:

1. Dağlıq Qarabağ münaqişəsi regionunda üçüncü dövlət olmayacaq.

2.Dağlıq Qarabağ azərbaycanlıları olmadan Dağlıq Qarabağın statusu müəyyənləşdirilməyəcək.

Beynəlxalq ictimaiyyətin iştirakı ilə Dağlıq Qarabağ Azərbaycana qaytarılır. Bu tsiklik erməni xəstəliyinə qarşı ən yaxşı vasitələrdən biridir.

"Bəli, Dağlıq Qarabağ münaqişəsi təkcə Azərbaycanın daxili məsələsi deyil, bu BMT, ATƏT MQ, Aİ, AŞ və s. qurumların məşğul olduğu məsələdir"

M.Əhmədoğlu onu da əlavə edib ki, ermənilər bir daha heç zaman beynəlxalq ictimaiyyəti aldada bilməyəcək, Azərbaycana qarşı ərazi iddiası qaldıra bilməyəcəklər: "Görünür, erməni ekspertləri siyasətin, o cümlədən, Dağlıq Qarabağ münaqişəsinin tarixini özlərinin siyasi fəaliyyətə başladığı dövrdən hesablayırlar. Ona görə də, özlərindən əvvəlki dövrlərdə baş verənlər onlar üçün yoxdur. Bəli, Dağlıq Qarabağ münaqişəsi təkcə Azərbaycanın daxili məsələsi deyil, bu, BMT, ATƏT MQ, Aİ, AŞ və s. qurumların məşğul olduğu məsələdir. S.Lavrovun bəyanatında Rusiya-İsrail vətəndaşı Aleksandr Lapşinlə bağlı məsələlər də ermənilərin maraqlarına nəzərdə tutulan məsələ deyil. Azərbaycanın Belarusla arasındakı münasibətlərindən bəzi Rusiya rəsmilərinin narahatçılığı var. İndi görünür, bəzi Rusiya rəsmiləri, məhz Lapşin məsələsindən istifadə edərək, Belarusla Azərbaycanın arasında narazılıq yaratmağa cəhd elədilər. Ona görə Lapşinlə bağlı məsələyə Ermənistan mövqeyindən yanaşmaq düzgün deyil. Həm də Rusiya, doğrudan da, öz vətəndaşını müdafiə etmək niyyətində idisə Dilqəm Əsgərovun qismində bu məsələni həll edə bilərdi. Ermənilər Rusiya vətəndaşı olan Dilqəm Əsgərovu həbs ediblər və Rusiya rəsmilərinin bir neçə müraciətini qulaqardına vurublar. İndi belə olan təqdirdə, Ermənistanın Rusiyadan, Rusiya vətəndaşlığına istinad edərək, Lapşinlə bağlı məsələ qaldırmaları yalnız erməni məntiqi ilə izah oluna bilər".

Samir Feyruzov

Digər xəbərlər