Azərbaycan Memarlıq və İnşaat Universitetində görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə çıxış edən universitetin rektoru, professor Gülçöhrə Məmmədova görkəmli alim və dövlət xadimi, əməkdar həkim, tibb elmləri doktoru, professor Əziz Əliyevin anadan olmasının 120 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı məlum Sərəncamı tədbir iştirakçılarının diqqətinə çatdırdı. O, qeyd etdi ki, Əziz Əliyev Azərbaycanın inkişafında son dərəcə böyük xidmətlər göstərib, təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da tanınıb: "Onun milli tibb kadrları və səhiyyə işçilərinin hazırlanmasında çoxşaxəli fəaliyyəti və müstəsna xidmətləri, xüsusilə, vurğulanmalıdır. Ə.Əliyevin Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun inkişafında və beynəlxalq aləmdə tanınmasında müstəsna rolu olmuşdur. Onun şərəfli ömrünün bir hissəsi Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə bağlı olub. İnstitutun rektoru vəzifəsində çalışmış və hal-hazırda institut Əziz Əliyevin adını daşıyır. Respublikanın Xalq Komissarlığının müalicə şöbəsinin rəhbəri, Bakı şəhərinin səhiyyə şöbəsinin rəisi, Azərbaycan Tibb İnstitutunun rektoru vəzifələrində işləyərkən Ə.Əliyev nail olduğu təcrübəsini, istedadını, sönməz enerjisini respublikanın səhiyyəsinə, yüksək ixtisaslı həkimlərin yetişdirilməsinə və elmin inkişafına yönəltmişdir".
Onun instituta rəhbərlik etdiyi illərdə öz fəaliyyətini genişləndirərək tək Azərbaycanın yox, bütün sovet respublikalarının, Monqolustanın, Bolqarıstanın həkimlərinin hazırlanmasında iştirak etmişdir. Yeni-yeni kafedralar yaradılmışdır, elmi-pedaqoji kadrların hazırlığı maksimum dərəcədə yaxşılaşdırılmış, Onun redaktor kimi rəhbərliyi altında institut əməkdaşlarının elmi əsərlərinin bir neçə məcmuəsi nəşr olunmuşdur.
Natiq Əziz Əliyevin siyasi xadim kimi fəaliyyətinə də nəzər saldı. Qeyd etdi ki, o, istər Azərbaycanda, istər Dağıstanda və istərsə də Moskvada yüksək dövlət vəzifələrində çalışarkən özünü uzaqgörən, səriştəli və bacarıqlı dövlət xadimi kimi göstərə bilmişdi. 1960-cı ildə Əziz Əliyevə "Azərbaycan SSR əməkdar həkimi" fəxri adı verilir. O, I-II çağırış SSRİ Ali Sovetinin deputatı, həmçinin, Azərbaycan SSR Ali Sovetinin I-III çağırış, Dağıstan MSSR Ali Sovetinin II çağırış deputatı olub.
Tədbirdə çıxış edən ATU-nun prorektoru Rauf Bəylərov Əziz Əliyevin mənalı ömür yolu və Azərbaycanda səhiyyənin inkişafındakı əvəzolunmaz xidmətləri barədə geniş məruzə ilə çıxış edib. Qeyd edib ki, Ə.Əliyev 1929-cu ildə aspiranturanı bitirərək, müvəffəqiyyətlə namizədlik dissertasiyasını müdafiə etmiş və sonradan Azərbaycan Tibb İnstiutunun terapiya kafedrasında həm assistent, həm də dosent vəzifəsində çalışarkən, respublikamız üçün vacib problemlər üzərində həvəslə və məharətlə işləmişdir. Həmin dövrdə həkimlərin və tələbələrin kliniki hazırlığı üçün zəruri olan ilk "Klinik analizlər" dərsliyini ana dilimizdə nəşr etdirib. 1937-ci ildə Əziz Əliyev "Eksperimental nefrit" doktorluq dissertasiyasını müdafiə edir. Bu iş Azərbaycan təbibləri tərəfindən müdafiə olunmuş ilk doktorluq dissertasiyalarından biri idi. Əziz Əliyev 87 elmi əsərin müəllifidir, onlardan 70-i təbabətin ayrı-ayrı sahələrinə, 17-si isə tarixi və siyasi problemlərə aiddir.
O, çıxışında Əziz Əliyevin ictimai fəaliyyətinə də nəzər salaraq, bildirib ki, O, 1941-1942-ci illərdə Azərbaycan KP MK-nın katibi, 1942-1948-ci illərdə isə Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışaraq özünü bacarıqlı dövlət xadimi kimi göstərə bilib.
Tədbirdə universitetin İctimai fənlər kafedrasının dosentləri İzzət Musayeva, Könül Əliyeva və başqaları çıxış edərək, görkəmli ictimai xadim Əziz Əliyevin müxtəlif məsul vəzifələrdə çalışdığını dövlət idarəçiliyinin təkmilləşdirilməsində səmərəli fəaliyyətindən danışaraq, bu tarixi şəxsiyyətin xalqımız və dövlətimiz üçün gördüyü işlərin əhəmiyyətini bir daha diqqətə çatdırıblar.
NƏZAKƏT