YAP Xaçmaz rayon təşkilatının "Yeni Həyat" ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirildi
Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının ərazi ilk partiya təşkilatlarının hesabat-seçki yığıncaqları uğurla keçirilməkdə davam edir. Partiyanın rayon təşkilatından qəzetimizə verilən məlumata görə, növbəti hesabat-seçki yığıncağı "Yeni Həyat" ərazi ilk partiya təşkilatı tərəfindən keçirilib. Yığıncağın gündəliyinə 3 məsələ salınmışdı: ilk təşkilatın hesabatı, təşkilati məsələ və konfransa nümayəndələrin seçilməsi məsələlərinin müzakirəsi.
İlk təşkilatın hesabatı ilə "Yeni Həyat" ərazi ilk partiya təşkilatının sədri məruzə ilə çıxış edib. Məruzədə son illərdə görülmüş işlər, partiya sıralarına qəbul, üzvlük haqlarının köçürülməsi, rayonun ictimai-siyasi həyatında fəal iştirakı ötən müddət ərzində keçirilən bütün siyasi kampaniyalarda fəallıq nümayiş etdirməkdən danışılmışdır.
Yığıncaqda partiya fəalları Aqil Məmmədxanov, Sima Əliyeva, Həsrət Orucov və başqaları çıxış edərək, ilk təşkilatın fəaliyyətinə müsbət qiymət vermişlər. Xüsusi vurğulanmışdı ki, onların hər biri bundan sonra da partiyanın uğurlu fəaliyyətində siyasi aktivlik nümayiş etdirərək, siyasi-ictimai proseslərdə əzmkarlıq göstərəcəklər.
Yığıncaqda Milli Məclisin deputatı İlham Əliyev və YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev çıxış edərək, qeyd ediblər ki, ölkəsini sevən hər bir vətəndaş, birinci növbədə Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevə minnətdar olmalıdır ki, bu gün ölkəmizdə sabitlik və stabillik hökm sürür.
"Bölgənin ən qüdrətli partiyası olan Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin banisi olduğu qüdrətli siyasi təşkilat kimi ölkənin iqtisadi gücünün artırılmasında dünya ölkələri arasında nüfuz və hörmətin daima artırılması sahəsində ölkədə həyata keçirilən bir sıra böyük layihələr həyata keçirilməsində möhtərəm Prezidentimizə dayaq olur, partiyanın üzvləri Onun ətrafında sıx birləşir və böyük nəticələr əldə olunur"-deyə vurğulanan fikirlərdə, həmçinin, bildirilib ki, bu inkişaf regionlarda da öz təsirini göstərir: "Təkcə Xaçmaz rayonunda tədbirində iştirak etdiyimiz kəndin yolu yüksək səviyyədə təmir olunmuş, asvaltlanmış nəhəng Yalama Aqroparkı istifadəyə verilmişdir. Bu da xeyli iş yerinin açılması deməkdir".
Natiqlər qeyd ediblər ki, bu gün ölkəmizin yeganə böyük bir problemi Qarabağ problemidir: "İnanırıq ki, möhtərəm Prezidentimizin rəhbərliyi və səyi nəticəsində yaxın zamanda problem öz həllini tapacaqdır".
İkinci məsələ ilə əlaqədar təşkilat sədri məlumat verərək, qeyd edib ki, Nizamnaməyə uyğun olaraq, təşkilatın idarə heyəti seçilməlidir. Beləliklə, təklif olunan namizədlər səsə qoyularaq, idarə heyətinə seçiliblər.
Üçüncü məsələ ilə bağlı təşkilat sədri məlumat verərək bildirib ki, nümayəndəlik normasına uyğun olaraq, təşkilatdan 3 nəfər rayon konfransına nümayəndə seçilməlidir. Nəticədə, irəli sürülən təkliflər nəzərə alaraq, 3 nəfər nümayəndə rayon konfransına seçilib.
R.HÜSEYNOVA