Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının X konfransına hazırlıqla əlaqədar ilk ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi davam etdirilməkdədir. Növbəti hesabat-seçki yığıncağı Yeni Azərbaycan Partiyası Ağdam rayon Dövlət Sosial-İqtisad Kolleci ərazi ilk partiya təşkilatında keçirilib. Yığıncaqda üç məsələ müzakirə edilib.
Ərazi ilk partiya təşkilatının sədri Natiq Cavadov hesabat məruzəsi ilə çıxış edərək, təşkilatın fəaliyyəti barəsində geniş məlumat verib. O, Yeni Azərbaycan Partiyasının Azərbaycanda aparıcı siyasi qüvvəyə malik olduğunu və müstəqil Azərbaycanın əbədiliyini təmin etdiyini bildirib: "Bu gün Yeni Azərbaycan Partiyasına müraciət edənlər arasında gənclər üstünlük təşkil edirlər. Gənclər Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində aktiv fəaliyyət göstərir, onlar intellektual imkanları və yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsinə öz töhfələrini verirlər".
Yığıncaqda Yeni Azərbaycan Partiyası Ağdam rayon Dövlət Sosial- İqtisad Kolleci ərazi ilk partiya təşkilatının fəaliyyəti yüksək qiymətləndirilib. Yığıncaqda gündəliyə çıxarılan məsələlər ətrafında geniş müzakirələr aparılıb və müzakirəyə çıxarılan bütün məsələlər barədə qərar qəbul edilib. Sonra ərazi ilk partiya təşkilatına yenidən Natiq Cavadov sədr, Mütəllim Cavadov, İradə Şəfiyeva sədrin müavinləri, 9 nəfərdən ibarət idarə heyəti və Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının X konfransına isə 7 nəfər nümayəndə seçilib.
ZÜMRÜD