Dünən ET Travmotologiya və Ortopediya İnstitutunda Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edən institutun direktoru, tibb elmləri doktoru, professor Vaqif Verdiyev bildirib ki, görkəmli alim və dövlət xadimi, əməkdar həkim, tibb elmləri doktoru, professor Əziz Əliyevin anadan olmasının 120 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı məlum Sərəncama əsasən, respublikamızda silsilə tədbirlər keçirilir: "Müasirləri onu "cəmiyyətin təbibi" adlandırırdılar. Respublikanın əməkdar həkimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin keçdiyi mənalı həyat yolu hər bir azərbaycanlı üçün örnəkdir, zəngin həyat məktəbidir. 1951-1959-cu illərdə institutun direktoru olmuş Əziz Əliyev, birinci növbədə, keçmiş məktəb binasında yerləşən institutu xeyli abadlaşdırmışdı. Əziz Əliyev bu işlərin görülməsində özü də şəxsən iştirak edərək, başqaları üçün nümunə göstərmişdir".
Vaqif Verdiyev Əziz Əliyevin institutun ortopediya-travmatologiya üzrə baş müəssisə olaraq respublikanın regionlarında mütəmadi elmi-praktiki səyyar sessiyalar keçirərək, ixtisasın səviyyəsinin sürətlə qalxmasına nail olduğunu bildirib. Ortopedik-travmatoloji yardımı yaxşılaşdırmaq üçün 10 il ərzində - 1952-ci ildə - 29, 1953-cü ildə - 36, 1954-cü ildə - 49, 1955-ci ildə - 38 obyektə təlimat verilmişdir: "1946-1951-ci illərdə "Azərbaycan SSR-də vətən müharibəsi iştirakçılarının bərpaedici müalicəsinin yekunu", "Neft sənayesində travmatizmin azaldılması tədbirləri", "Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun neft sənayesi travmatizminə qarşı mübarizə", "Bakı Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun kənd təsərrüfatında travmatizmin səviyyəsinin minimuma endirilməsi haqqında tədbirləri" və başqa məqalələri travmatizmin müxtəlif problemlərinə həsr olunmuş, vaxtında yazılmış əsərlərdir. Keçmiş Sovet ittifaqı miqyasında ETTOİ-u öndə gedən bir elm ocağına çevrilir. Əziz Əliyevin Bakı Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunda apardığı böyük işlər bunlarla bitmirdi".
Tədbirdə çıxış edənlər Əziz Əliyevin şaxəli fəaliyyətinə nəzər salaraq, Onun səhiyyə sahəsində kadrların yetişdirilməsində rolunun xüsusi olduğunu qeyd ediblər.
NƏZAKƏT