PDF Oxu

Sosial

  • 820

Ölkəmizdə əhalinin sosial müdafiəsi daha da gücləndirilir

Ölkəmizdə əhalinin sosial müdafiəsi daha da gücləndirilir

Ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın Azərbaycan modeli yaranıb. Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən və praqmatik xarici siyasətinin nəticəsi olaraq, həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış siyasət ölkəmizi regionun ən güclü və nüfuzlu dövlətinə çevirib. Vurğulamaq yerinə düşər ki, ölkənin inkişafında əsas rol oynayan sabitliyin möhkəmlənməsi Azərbaycanda iqtisadi imkanların genişlənməsi üçün biri-birindən əhəmiyyətli layihələrin icrasını sürətləndirir. Ölkə Prezidenti tərəfindən həyata keçirilən strateji kurs özündə millətin, dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları ehtiva edir. Möhtərəm Prezidentin rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin paralel inkişafını ən yüksək səviyyədə təmin edib və bu, davam etdirilməkdədir. Bu iqtisadi inkişaf ölkəmizdə mütərəqqi sosial siyasətin həyata keçirilməsi, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əhəmiyyətlidir. Vətəndaşlara qayğı, onun maddi-mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Azərbaycan dövlətinin apardığı siyasətin mühüm prinsiplərindəndir. Sosial siyasətin uğurla həyata keçirilməsinin məntiqi nəticəsi olaraq, vətəndaşların maddi rifah halı yaxşılaşdırılıb, sosial müdafiə və təminat sistemi gücləndirilib. Onu da qeyd etmək lazımdır ki, hər il dövlət büdcəsinin təxminən 30 faizə qədəri sosial məsələlərə yönəldilir ki, bu da ölkəmiz üçün tamamilə məqbuldur.

MƏCBURİ KÖÇKÜNLƏRİN VƏ ONLARA BƏRABƏR TUTULAN ŞƏXSLƏRİN SOSİAL MÜDAFİƏSİ ÜÇÜN AYRILAN VƏSAİTİN ÇATDIRILMA MEXANİZMİ SADƏLƏŞDİRİLİB

Ötən 13 il ərzində Azərbaycan iqtisadi sahədə böyük inkişaf dövrünü yaşayıb. Bu illər ərizində iqtisadiyyat və sənaye istehsalı üç dəfə artıb. Yoxsulluq 50 faizdən 5 faizə düşüb. Dövlət proqramlarının icrasının məntiqi nəticəsi olaraq, bölgələrdə 1 milyon 300 mindən çox iş yeri açılıb. İnsanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, maaşların, pensiyaların artırılması, yeni sosial obyektlərin tikintisi dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindəndir. Mütəmadi olaraq, maaş və pensiyaların artırılması da bunu sübut edir. Demək olar ki, Azərbaycan Prezidentinin məlum sərəncamları ilə hər il əməkhaqları, təqaüdlər, sosial müavinətlər artırılır. O cümlədən, aztəminatlı ailələrə verilən ünvanlı sosial yardımlar, şəhid ailələrinin, Qarabağ əlillərinin, ümumillikdə, sağlamlığı məhdud olan insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri addımlar atılır. Ölkə əhalisinin ən həssas və zərif hissəsi olan qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə də diqqət artır. Ölkəmizdəki çadır düşərgələri, dəmir yolu yük vaqonlarından ibarət qəsəbələr 2007-ci ildə ləğv olundu. Statistik rəqəmlərə diqqət etsək, görərik ki, son 13 ildə 380 min nəfər əmək qabiliyyətli məcburi köçkündən 161 min nəfəri büdcə təşkilatlarında və digər sahələrdə daimi, 200 min nəfəri isə müvəqqəti işlə təmin edilib. Bu da 2003-cü illə müqayisədə 2 dəfə çoxdur. Nəticədə, məcburi köçkünlər arasında yoxsulluq həddi 74 faizdən 12 faizədək azalıb. Məcburi köçkünlərin məşğulluğunun artırılması, sahibkarlığın inkişafı məqsədilə 11 min nəfər məcburi köçkünə 7,7 milyon manat məbləğində mikrokredit, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən isə 2 min nəfər məcburi köçkün sahibkara 40 milyon manat güzəştli kredit verilib, 3600 yeni iş yeri yaradılıb.

Bu günlərdə isə Azərbaycan Respublika Prezidentinin "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi" haqqında Fərmanı ölkə başçısının daha bir diqqət və qayğısını təzahürüdür. Fərmana əsasən, dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizmi sadələşdirilib. Belə ki, bu kateqoriyaya aid olanların yemək xərci müavinəti, habelə, kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 (otuz altı) manat məbləğində vahid aylıq müavinət alacaqlar. Bu Fərman Azərbaycan Prezidentinin mütərəqqi sosial siyasətinin məntiqi davamıdır. Azərbaycan dövləti tərəfindən, ardıcıl olaraq, bu kateqoriyalı insanların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirilir.

AZƏRBAYCAN İQTİSADİYYATININ İNKİŞAFI DÖVLƏTİN SOSİALYÖNÜMLÜ SİYASƏTİNİN DAHA DA GÜCLƏNDİRİLMƏSİNƏ İMKAN VERİR

Həyata keçirilmiş və yaxın gələcəkdə yerinə yetiriləcək tədbirlər və islahatlar respublikada əhalinin sosial vəziyyətinin getdikcə daha da yaxşılaşması üçün əsaslı zəmin yaradıb və yaradacaqdır. Belə ki, insana qayğı, onun maddi və mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Azərbaycan dövlətinin apardığı siyasətin mühüm prinsiplərindəndir. Azərbaycan iqtisadiyyatında ardıcıl müşahidə olunan inkişaf meyilləri, ayrı-ayrı sahələrdə əldə edilən müsbət nəticələr dövlətin sosialyönümlü siyasətinin daha da gücləndirilməsinə imkan verir. Elə bu günlərdə "Minimum aylıq əməkhaqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əhalinin maddi rifahını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi daşıyır. Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2017-ci il yanvarın 1-dən 116 manat müəyyən edildi. Eyni zamanda, dövlət başçısı tərəfindən "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" Sərəncamı da Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsini gücləndirilməsinə hesablanıb. Bu sənədə əsasən də, bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılması təmin ediləcək və fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirəcək. Bütün bu rəsmi sənədlər qanunvericilik bazasını daha təkmilləşdirir və əhalinin maddi rifah halının daha da yaxşılaşdırılmasına təkandır.

Bir sözlə, sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər