PDF Oxu

Sosial

  • 1 638

Prezident Kitabxanasında "Görkəmli dövlət və elm xadimi Əziz Əliyev" adlı elektron resurs təqdim edilib

Prezident Kitabxanasında "Görkəmli dövlət və elm xadimi Əziz Əliyev" adlı elektron resurs təqdim edilib

Dünən Prezident Kitabxanasında görkəmli dövlət və elm xadimi Əziz Əliyevin anadan olmasının 120 illiyi münasibətilə hazırlanan elektron resursun təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Mayıl Əhmədov bildirmişdir ki, hər bir xalqın tarixində iz qoyan elə şəxsiyyətlər vardır ki, onlar keçdikləri həyat yolu ilə hər zaman xatırlanır və nəsillərə örnək olurlar. Azərbaycanın dövlətçilik və elm tarixində özünəməxsus yeri olan Əziz Məmmədkərim oğlu Əliyev belə şəxsiyyətlərdəndir. Uşaqlıq və gənclik illəri məşəqqətli olan, erməni vandalizminin və təcavüzünün ağrı-acılarını öz taleyində yaşayan Əziz Əliyev sonrakı illərdə parlaq zəkası və qabiliyyəti ilə işlədiyi sahələrdə böyük nüfuz qazanmış, tapşırılan bütün işlərin öhdəsindən bacarıqla gələrək, tez bir zamanda, dövlət orqanlarında yüksək vəzifələrə layiq görülmüşdür. İxtisasca həkim olan Əziz Əliyev, eyni zamanda, tibb elminə və səhiyyə sahəsinə də sanballı töhfələr vermişdir. Nümunəvi ailə başçısı kimi də Əziz Əliyev həmişə örnək olmuşdur. Respublika rəhbərliyinin Olimpinə yüksəlişinin qarşısını almaq üçün o, repressiyaya məruz qoyulsa da, tutduğu yüksək vəzifədən uzaqlaşdırılsa da, sonradan bəraət almış, yenidən tibb sahəsində yeni-yeni uğurlara imza atmışdır. Harada işləməsindən, hansı sahəyə rəhbərlik etməsindən asılı olmayaraq, Əziz Əliyev öz ölkəsinə, xalqına və sənətinə sədaqət nümunəsi göstərmişdir. M.Əhmədov onu da qeyd etmişdir ki, Prezident Kitabxanasında Azərbaycanın ictimai-siyasi və dövlətçilik tarixində xüsusi yeri olan şəxsiyyətlərin həyat və fəaliyyətlərinə aid materiallar toplanılır, sistemləşdirilir və oxucuların istifadəsinə təqdim edilir. Kitabxananın "Odlar yurdu" Azərbaycan elektron nəşrinin "Görkəmli azərbaycanlılar" bölməsində 200-dən artıq şəxsiyyət haqqında zəruri informasiya yerləşdirilmişdir. Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin, Mehriban xanım Əliyevanın həyat və fəaliyyətlərini işıqlandıran xüsusi elektron resurslar hazırlanmışdır. Görkəmli dövlət, ictimai və elm xadimi Əziz Əliyevin anadan olmasının 120 illiyi münasibətilə hazırlanan və bu gün təqdim edilən "Görkəmli dövlət və elm xadimi Əziz Əliyev (1897-1962)" elektron resursu həmin istiqamətdə görülən işlərin davamıdır.

Elektron resursun strukturu haqqında məlumat verən kitabxananın direktoru bildirmişdir ki, resursda materiallar 9 bölmədə qruplaşdırılmışdır. Azərbaycan və rus dillərində hazırlanan elektron nəşrin "Bioqrafiya" bölməsində Əziz Əliyev və Onun ailə üzvləri barəsində qısa məlumat verilmişdir. "Xronologiya" adlanan bölmədə isə, ilk dəfə olaraq, Əziz Əliyevin həm dövlət xadimi, həm də bir alim kimi istər Azərbaycanda, istərsə də Dağıstandakı həyat və fəaliyyətinin mühüm məqamları geniş şəkildə işıqlandırılmışdır. Bu bölmədə, həmçinin, Əziz Əliyevin dövlət səviyyəsində keçirilən yubiley tədbirləri haqqında məlumatlar əks etdirilmişdir. "Əsərləri" adlanan bölmədə isə Əziz Əliyevin tibb sahəsində qələmə aldığı əsərlərin mətnləri, ilk dəfə olaraq, elektron formatda (pdf) təqdim olunur. Elektron nəşrin "Sənədlər" bölməsində Əziz Əliyevin yubileylərinin keçirilməsi ilə bağlı sərəncamların və dövlət səviyyəsində keçirilən tədbirlərdə edilən nitqlərin və məruzələrin mətnləri öz əksini tapmışdır. "Digər resurslar" bölməsində Əziz Əliyevlə bağlı Dağıstan Respublikasının Rəsul Həmzətov adına Milli Kitabxanasından və Rəsul Həmzətov adına Xasavyurt Mərkəzi-Şəhər Kitabxanasından Prezident Kitabxanasına göndərilən materiallar istifadəçilərin ixtiyarına verilmişdir. "E-Kitablar" bölməsində isə Əziz Əliyevin həyat və fəaliyyətindən bəhs edən ayrı-ayrı müəlliflərin tədqiqat əsərlərini, konfrans materiallarını əhatə edən kitabların elektron versiyaları hazırlanaraq, saytda yerləşdirilmişdir. "E-Məqalələr" bölməsində Əziz Əliyevin həyat və fəaliyyətindən bəhs edən, Onun yubileyləri münasibətilə keçirilən tədbirləri işıqlandıran məqalələrin elektron versiyaları toplanılmışdır. Elektron resursun "Biblioqrafiya" bölməsində Prezident Kitabxanasına daxil olan dövri mətbuat səhifələrində dərc edilən məqalələrin və kitabların biblioqrafik təsviri verilmişdir. Bu bölmədə, həmçinin, Əziz Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş dissertasiyaların avtoreferatların mətni ilə tanış olmaq olar. Elektron resursun ən maraqlı və əyani bölmələrindən olan "Multimedia" bölməsində Əziz Əliyevin gənclik illərindən başlamış ömrünün son illərinədək fotoaparatın yaddaşına köçürülən və hazırda Azərbaycan Respublikasının Dövlət Kino-Foto Sənədləri Arxivində saxlanılan şəkillərindən ibarət "Fotoqalereya" təqdim edilir. Bu bölmədə, həmçinin, AMEA Milli Azərbaycan Tarixi Muzeyində saxlanılan Əziz Əliyevə məxsus sənədlərin fotosurətlərini əks etdirən kolleksiya nümayiş etdirilir. "Multimedia" bölməsində "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin və "Lider TV və Radio Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşlarının ərsəyə gətirdikləri dörd film də istifadəçilərə təqdim edilir.

Tədbir iştirakçılarına "Multimedia" bölməsində yerləşdirilən materiallardan fraqmentlər nümayiş etdirilmişdir. Sonda kitabxananın direktoru bildirmişdir ki, http://azizaliyev.preslib.az/ domenində yerləşdirilən "Görkəmli dövlət və elm xadimi Əziz Əliyev (1897-1962)" elektron resursu yeni materiallar əldə edildikcə daha da zənginləşdiriləcəkdir.

Samir Feyruzov

Digər xəbərlər