Dünən İtaliya Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Mədəniyyət və Turzim Nazirliyinin birgə Aİ Tvinninq "Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə dəstək" layihəsindən irəli gələn məsələlərin həlli məqsədilə İtaliyanın Florensiya Əyaləti Hökumətinin informasiya texnologiyaları üzrə meneceri Jurgen Assfalg Milli Kitabxanada olub. Görüşdə Mədəniyyət və Turizm Nazirliyinin Texniki təchizat və proqram təminatı şöbəsinin müdir müavini Qabil Abbasov, layihə üzrə RTA assistenti Səbinə Yadullayeva da iştirak ediblər.
İtaliyalı qonaq informasiya texnologiyaları üzrə menecer Jurgen Assfalg mədəniyyət sektorunda rəqəmsallaşmanın vəziyyəti, mövcud proseslərlə maraqlanıb.
Milli Kitabxananın direktoru professor Kərim Tahirov kitabxananın 2000-ci ildə Virtua avtomatlaşdırılmış sistemə qoşulmasından, bütün kitabxana proseslərinin avtomatlaşdırılmasından, elektron kitabxana, elektron kataloqdan, virtual biblioqrafik xidmət imkanlarından danışıb.
Mədəniyyət və Turizm Nazirliyi ilə Milli Kitabxananın birgə layihəsi əsasında ULTRA şirkəti tərəfindən 2010-cu ildə tərtib olunmuş ALİSA proqramından danışan direktor, proqramın artıq 2 ildir Bakı şəhər kitabxanalarında və 30 rayon MKS-də tətbiq edildiyini, proqramın cari ilin sonunadək bütün rayon kitabxanalarında işləyəcəyini, Milli Kitabxana respublikanın bütün kitabxanalar üçün metodik mərkəz olduğu üçün, ALİSA-nın kitabxanalara tətbiqindən öncə kadrların Milli Kitabxanada treninq keçdiklərini, data mərkəzin Milli Kitabxanada yerləşdiyini və buradan idarə olunduğunu söylədi.
Proqramın imkanları ilə maraqlanan J.Assfalga ALİSA-nın dünya standartlarına cavab verən proqramlar əsasında yazıldığını, Virtua ilə sinxronlaşdırıldığını, kitabxanalarda əvvəllər mövcud olan İRBİS proqramında yazılmış bütün bazaların artıq ALİSA-ya inteqrasiya olunduğunu qeyd ediblər. O da bildirilib ki, hazırda proqram üzərində təkmilləşmə işlərinin aparıldığı, ALİSA-nın yaxın gələcəkdə çox mükəmməl proqrama çevriləcəyini bildiriblər.
İtaliyalı qonaq əyani şəkildə həm Milli Kitabxanada gedən atomatlaşdırılma prosesləri, Virtua proqramı, server otağı, həm də ALİSA proqramı ilə yaxından tanış olub.
Əvvəlcə oxucuların qeydiyyat bölməsində qeydiyyatdan keçən qonağa oxucu kartı təqdim edilib, plastik kartı turniketə yaxınlaşdırıb kitabxanaya daxil olub, elektron kataloqda axtarış aparıb. Müəyyən ədəbiyyatı seçdikdən sonra kitab sifariş verilib, sifariş Kitab fondlarının mühafizəsi şöbəsində qəbul olunub və dərhal monitorda sifarişin qəbul olunması barədə məlumat əks olunub. Daha sonra sifarişin cavabını əks etdirən monitorda kitabı hansı oxu zalında əldə edə biləcəyi barədə məlumat əks olunub.
Milli Kitabxananın Açıq Kitabxana layihəsini çox bəyənən qonaq rəy və təkliflər kitabına öz ürək sözlərini də yazıb.
Sonda layihəyə əsasən, J.Assfalg Milli Kitabxananın avtomatlaşdırılma proseslərinin daha da təkmilləşdirilməsi barədə təkliflərini təqdim edəcəyini bildirib.
Azərbaycan Milli Kitabxanası "Fotoalbom" (Azərbaycan, ingilis və rus dillərində), "Azərbaycan" (ingilis dilində) və "Azərbaycan mətbəxi" (ingilis dilində) kitabları qonağa hədiyyə verildi.
ZÜMRÜD