Müdafiə Nazirliyi: "Həbib Müntəzirin yazdıqları yalandır və adıçəkilən hərbçi hal-hazırda sağ-salamatdır, xidmətini davam etdirir"
Hazırda Almaniyada yaşayan, Azərbaycan dövlətinə qarşı daim düşmənçilik mövqeyi ilə seçilən, ermənipərəst Həbib Müntəzir yanvarın 24-də sosial şəbəkələrdə Azərbaycan Ordusunda baş verdiyi iddia olunan və Müdafiə Nazirliyi tərəfindən guya gizlədildiyi bildirilən əsgər ölümü barədə məlumat yayıb. H.Müntəzirin iddiasına görə Azərbaycan Ordusunun müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçusu, 1992-ci ildə anadan olmuş Əkbəri Mahmud Əli oğlu təmas xəttində atışma zamanı ermənilər tərəfindən vurulub. H.Müntəziri sosial şəbəkələrdə dörd gözlə izləyən ermənilər dərhal onun yazdıqlarını xəbərə çeviriblər və Azərbaycan Müdafiə Nazirliyinin əsgər ölümlərini gizlətdiyini yazıblar. Bundan başqa "NİDA"çılar, cəbhəçilər və digər bu tipli anti-milli pozucu qüvvəllər H.Müntəzirin yazdığı əsassız statusu öz səhifələrində paylaşaraq dövlət qurumlarımızın ünvanına hədyanlar yağdırdılar.
Elə bütün bu baş verənlərə, H.Müntəzirin paylaşdığı təxribatçı statusa Müdafiə Nazirliyinin cavabı çox gecikmədi. Nazirliyin yaydığı məlumatdan aydın olur ki, H.Müntəzir təxribat törədib, silahlı qüvvəllərimiz haqqında böhtan xarakterli dezinformasiyalar yayıb və bununla da, erməni dəyirmanına su töküb. Nazirlik bildirib ki, H.Müntəzirin yazdıqları yalandır və adıçəkilən hərbçi hal-hazırda sağ-salamatdır, xidmətini davam etdirir: "Hazırda Almaniyada məskunlaşan, silahlı qüvvələrimizə, əsgər və zabit heyətinə qarşı düşmənçiliyi, ermənipərəst mövqeyi ilə tanınan və yalan məlumatlar yayaraq ictimaiyyəti, sosial şəbəkə istifadəçilərini aldadan Həbib Müntəzir adlı birisinin növbəti yalanı ortaya çıxıb. 24 yanvar 2017-ci il tarixdə sosial şəbəkədə H.Müntəzir Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Əkbəri Mahmud Əli oğlunun guya şəhid olması barədə yalan xəbər yayıb, onun fotosunu paylaşıb və Müdafiə Nazirliyinin bu haqda susması iddiasını irəli sürüb. Məlumat veririk ki, əsgər Əkbəri Mahmud Əli oğlu sağ-salamatdır və hazırda hərbi hissələrdən birində müddətdən artıq həqiqi hərbi xidmətdədir. Bildiririk ki, bu cür və buna bənzər yalan xəbərlərin sosial şəbəkələrdə yayılaraq tirajlanması ailələr üçün böyük narahatlıq doğurur, ictimaiyyət arasında çaşqınlıq yaradır və ordumuzun uğurlarına kölgə salaraq, nüfuzuna xələl gətirmək məqsədi güdür. Eyni zamanda, belə xəbərlərin erməni tərəfi üçün təxribatlar törətməyə əlverişli zəmin yaratdığını nəzərə alaraq ictimaiyyətdən, o cümlədən, kütləvi informasiya vasitələrindən diqqətli olmalarını tövsiyə edir və informasiyanın dəqiqləşdirmədən yayılmasının yolverilməzliyini bir daha diqqətə çatdırırıq".
Əkbəri Mahmud Əli: "Şəhid olmamışam, sağam, hərbi hissədə xidmətimi davam etdirirəm"
Müdafiə Nazirliyi həmin hərbi qulluqçunun özünün müraciətini də açıqlamaya əlavə edib. Əkbəri Mahmud Əli oğlu bildirir: "Mənim şəhid olmağım barədə sosial şəbəkələrdə məlumatın və şəklimin yayıldığını mənə deyəndə, ilk olaraq, qürur hissi keçirdim. Çünki şəhidlik hərbçi üçün ən böyük zirvədir. Amma çox təəccübləndim, həm də valideynlərimə görə narahat oldum. İnternetdə yayılan şəklim bir neçə il əvvəl, gənc əsgər olarkən qohumum tərəfindən çəkilib və facebook-a yerləşdirilib. Hamıya və ilk növbədə, valideynlərimə deyirəm ki, salamatam, hərbi hissədə xidmətimi davam edirəm".
Samir