YAP Qaradağ rayon təşkilatının ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib, qərarlar qəbul edilib
Dünən Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı Ə.Əmirov adına NQÇİ ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. Hesabat məsələsi ilə çıxış edən ilk partiya təşkilatının sədri İlqar Yusifov ötən konfransdan keçən dövr ərzində görülən işlər barəsində məlumat verib. Tədbirdə çıxış edən Ramin Quliyev, Arif Bağırov və digərləri hesabatı qənaətbəxş qiymətləndirərək, YAP-ın ölkəmizin və regionun ən güclü siyasi təşkilatı kimi dövlətimizin və xalqımızın mənafeyi naminə əzmlə fəaliyyət göstərdiyini, xalqımızın mütləq əksəriyyətinin Yeni Azərbaycan Partiyasının fəaliyyətini dəstəklədiyini vurğulayıblar.
Yığıncaqda YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov çıxış edərək, qarşıda duran vəzifələrlə bağlı fikirlərini bildirib.
Millət vəkili çıxışında ölkəmizdə həyata keçirilən islahatların uğurları haqqında da məlumat verərək bildirib ki, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş, məqsədyönlü siyasət nəticəsində, respublikamız öz müstəqilliyini daha da möhkəmləndirib, iqtisadiyyatını gücləndirib, dünya dövlətlərində baş verən böhranlardan özünü qoruya bilib. Yığıncaqda təşkilat sədrlərinin hesabat məruzəsi dinlənildikdən sonra təşkilatın idarə heyətinin üzvləri, ilk partiya təşkilat sədri və müavinləri, Yeni Azərbaycan Partiyası rayon təşkilatının konfransına nümayəndələr seçilib.
Rövşən NURƏDDİNOĞLU