"Mehman Hüseynova guya edilən "təzyiq"lərin dayandırılmasını sərt şəkildə tələb edən AŞPA bəs nə üçün erməni əsirliyində olan şəhidimiz Çingiz Qurbanovla bağlı eyni tonda mövqe ortaya qoya bilmir!?"
Strasburqda Avropa Şurası Parlament Assambleyasının sessiyasında ukraynalı deputat Vladimir Arevin mətbuat azadlığı sahəsində vəziyyət haqqında hazırladığı qətnamə qəbul edilib. Məruzədə Avropa Şurasına üzv ölkələrdə mətbuat azadlığının vəziyyətinin pisləşdiyi və orada 2015-ci ilin yanvarından etibarən 16 jurnalistin həlak olduğu qeyd olunur. Qətnamədə, həmçinin, Azərbaycanda mətbuat azadlığı sahəsində guya vəziyyətin pisləşdiyi, jurnalistlərin və blogerlərin təqibinin gücləndiyi qeyd olunur. İndi qətnamədən gətirdiyim bir sitktdan sonra AŞPA-nın bu qətnaməsinin nə qədər gülünc, absurd bir qətnamə olduğunun siz də şahidi olacaqsınız. Əvvəla, bir neçə gün bundan əvvəl də AŞPA-nın sessiyası olmuşdu və qurumun rəhbəri Yaqland erməni əsirliyində olan vətəndaşlarımızla, əsgərimizlə bağlı konkret mövqe sərgiləməyə özündə cəsarət tapmamışdı. Bu, necə olur? M.Hüseynova guya edilən təzyiqlərin dayandırılmasını tələb edən AŞPA bəs nə üçün erməni əsirliyində olan şəhidimiz Çingiz Qurbanovla bağlı eyni tonda mövqe ortaya qoya bilmir!? Bu, məsələnin bir tərəfi. Yəni son bir həftədə AŞPA-nın necə lüzumsuz, cinayətkar şəbəkələrin, terrorçu dövlətlərin əlinə "iş"ləyən bir qurum olduğuna daha da əmin olmaq üçün kifayət qədər səbəblər oldu. Dilqəmlə, Şahbazla bağlı verilən suallara loyal cavab verən AŞPA Azərbaycan hakimiyyəti qarşısında riyakarcasına tələb irəli sürür. Hətta iş o yerə çatıb ki, AŞPA M.Hüseynovun şəxsiyyət vəsiqəsinin qaytarılmasına qədər xırda məsələlərə müdaxilə edərək, daxili qanunlarımızı tapdalamağa cəhd edir. Hər halda, Avropada hər necədirsə, ancaq bizdə şəxsiyyəti olmayanın vəsiqəsinə də insanlar pis baxırlar. Həmçinin, "Azadlıq" radiostansiyası ilə bağlı qətnamədə irəli sürülən tələb də, sadəcə, gülüş doğurur. Çünki Azərbaycan qanunları heç kimə imkan vermir ki, media qurumu adı altında ofis götürüb orada çirkli pullar yuyasan, təxribatçı dairələrin maliyyələşməsi prosesini həyata keçirəsən.
"Qarabağı "separatçıların nəzarətində olan ərazi" adlandıran AŞPA bəs niyə təəssüf hissi keçirir?"
Diqqət edin və riyakarlığı özünüz ayırd edin! AŞPA yuxarıda qeyd olunan tələbləri irəli sürməklə yanaşı, həm də qətnamədə Qarabağ məsələsinə toxunur. Mehmana görə tələb irəli sürən görün AŞPA Qarabağla bağlı məntiqəuyğun bir tələb irəli sürə bilirmi? Həmçinin, Dağlıq Qarabağ (Azərbaycan), Abxaziya və Cənubi Osetiya (Gürcüstan) və Dnestryanı (Moldova) kimi separatçıların nəzarəti altında olan ərazilərdə mətbuat azadlığının olmamasından təəssüf ifadə olunur. Çox sağ olsunlar, Qarabağı "separatçıların nəzarətində olan ərazi" adlandırıblar. Ancaq təəssüf niyə keçirirlər, bunu bilmək olmur. Başa düşmürük, Qarabağda yaşayış varmı ki, mətbuat da olsun, hələ bir sizlər də bu mətbuata "azadlıq" tələb edəsiniz? Yaxşı olardı ki, ağlınızı başınıza yığıb, lüzumsüz təəssüf hissi keçirməyəsiniz, özünüzdə cəsarət tapıb Ermənistan rəhbərliyi qarşısında tələb irəli sürəsiniz. Buna cəsarətiniz çatarmı?
Samir