Dünən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Holokost faciəsinə həsr olunmuş dəyirmi masa kçirilib. Öncə Holokost qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri BBMM-in icraçı direktoru Azad Məmmədov açaraq, hər il yanvar ayının 27-si BMT Baş Assambleyası tərəfindən 2005-ci il noyabrın 1-də qəbul olunmuş 60/7 saylı qətnaməyə əsasən, Beynəlxalq Holokost Qurbanlarının Anım Günü kimi qeyd edildiyini bildirib. İcraçı direktor yəhudilərin əsrlərdir Azərbaycanda dostluq şəraitində yanaşı yaşadığını vurğulayıb.
BBMM-in şöbə müdiri Rəşad İlyasov dəyirmi masada "Holokost faciəsinin tarixi" mövzusunda məruzə ilə çıxış edib. Şöbə müdiri diqqətə çatdırıb ki, baş vermiş faciələri unutmaq yeni fəlakətlərə səbəb ola bilər, ona görə də yaşanmış faciələri xatırlayaraq, gələcəyə doğru irəliləmək lazımdır.
AMEA-nın İnsan Hüquqları İnstitutunun alimi Moisey Bekker Azərbaycanda Holokost faciəsinin anılmasının ənənə halını almasını təqdirəlayiq hal kimi qiymətləndirərək, bunun ölkəmizdəki multikultural və tolerant əhvalın göstəricisi kimi dəyərləndirib. Alim BBMM-in rəhbərliyinə və Azərbaycan dövlətinə yəhudi xalqının başına gətirilən bu dəhşətli faciəyə həssaslıqla yanaşdığına və hər il Holokost qurbanlarının xatirəsinin anıldığına görə minnətdarlığını ifadə edib. Moisey Bekker Holokost etnoniminin mahiyyətindən söz açıb.
Azərbaycandakı Dağ Yəhudiləri İcmasının nümayəndəsi ravvin Abraham ölkəmizdə yəhudilərin kipa ilə rahatca dolaşdıqlarını, mütəmadi olaraq, sinaqoqlarda dini bayramlarını yüksək səviyyədə qeyd etdiklərini, Avropanın bəzi ölkələrində bunun bəzən nümunələrin mümkün olmadığını söyləyib. Ravvin dünyanın bir sıra ölkələrinin Azərbaycan multikulturalizm modelindən örnək almalarının vacibliyini qeyd edib.
BBMM-in müşaviri, professor Aytən Qəhrəman faciəsinin 1933-cü ildən başlayaraq, mərhələli şəkildə həyata keçirildiyini vurğulayıb:"1933-cü ildə yəhudilərin hüquqlarının azaldılması ilə addım-addım başlayan fəlakət sonda faşist hökumətinin əlinə keçən bütün Avropa yəhudilərini öldürməsi ilə nəticələndi. Müəyyən mərhələlərlə bu proses öncə yəhudilərin hüquqlarının alınması və yüksək rütbələrdən uzaqlaşdırılmaları ilə başladı, sonra yəhudilərin mallarının və mülklərinin əllərindən alınması və Gettolarda yaşamağa məcbur olunmaqları ilə davam etdi və "Son həll", onların toplanıb ölüm düşərgələrinə aparılmaları və orada sistemli şəkildə qaz kameralarında boğulması ya da fərqli şəkildə öldürülüb cəsədlərinin yandırılması ilə nəticələndi".
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev Holokost faciəsinin tarixini dönüş nöqtəsi kimi səciyyələndirib. Aparat rəhbəri Azərbaycan və yəhudi xalqının oxşar taleyindən söz açıb, hər iki xalqın etnik mənsubiyyətinə görə soyqırımına məruz qaldığını bildirib.
Çıxışlardan sonra dəyirmi masa müzakirələrlə davam edib.
NƏZAKƏT