YAP Tərtər rayon təşkilatının qərargahında 2 Fevral Gənclər Günü qeyd edilib
Dünən YAP Tərtər rayon təşkilatının qərargahında 2 Fevral Gənclər Günü münasibəti ilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə Tərtər rayon təşkilatının gənclər birliyinin sədri Emin Pənahov açaraq bildirib ki, gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən cəmiyyətin aparıcı qüvvəsidir: "Biz gənclərin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühim rolu olub. Bu siyasətin banisi isə Ulu Öndər Heydər Əliyevdir. Gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsi olaraq, Heydər Əliyev 1993-cü ildə ikinci dəfə respublikaya hakimiyyətə gəldikdən sonra gördüyü ilkin və mühim işlərdən biri gənclərin ilk dövlət təşkilatının - Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılması olub".
Görüşdə YAP rayon təşkilatının işçisi Arzu Yaqubova, rayon mədəniyyət şöbəsinin metodisti Ülviyyə Süleymanova, şəhər 3 saylı tam orta məktəbin müəllimi Könül Məhəmmədli, rayon uşaq musiqi məktəbinin müəllimi Müşfiq Ağayev çıxış edərək, ölkə rəhbərinin gəncliyə olan qayğı və diqqətindən danışıblar. Çıxış edən gənclər ölkə Prezidentinin bu qayğı və diqqətin məsuliyyətini dərk etdiklərini və gənclər olaraq ölkə rəhbərinin etimadını doğrultmağa borclu olduqlarını vurğulayıblar.
Tədbirdə çıxış edən YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilən gənclər siyasətinin bu gün Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirildiyini, Azərbaycan gəncliyinin bu günü və sabahı naminə dövlət qayğısının günbəgün artırldığını, gənclərlə bağlı 5 Dövlət Proqramının qəbul olunaraq həyata keçirilməsinin Azərbaycan gənclərinə ən böyük töhfə olduğunun göstəricisi olduğunu bildirib. R.Şabanov qeyd edib ki, Azərbaycan gəncləri, eləcə də, Tərtər rayonun gənc nəsli həmişə Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin ideyalarının təbliği sahəsində yüksək fəallıq nümayiş etdirirlər: "Gənclərimiz rayonun sosial-iqtisadi və siyasi həyatında daim nümunədirlər. Müharibə şəraitində yaşayan, ölkəmizdə gənclərimiz torpaqlarımızın işğalçılardan azad olunması, ölkəmizin daha da qüdrətlənməsi üçün ölkə başçısı İlham Əliyevin ətrafında daha sıx şəkildə birləşərək dövlətimizin gələcəkdə də təkcə regionun deyil, dünya dövlətləri içərisində sayılıb-seçilən, sözü keçən bir dövlətə çevrilməsinə çalışmalıdırlar".
Tədbirin sonunda YAP sıralarına yeni qəbul olunan bir qrup gəncə partiya üzvlük vəsiqələri təqdim edilib.
A.SƏMƏDOVA