PDF Oxu

Sosial

  • 1 205

"Keyfiyyət infrastrukturunun inkişafı rəqabətədavamlı ixrac məhsulları istehsalının vacib amilidir"

"Keyfiyyət infrastrukturunun inkişafı rəqabətədavamlı ixrac məhsulları istehsalının vacib amilidir"

Hər bir ölkənin inkişafı onun iqtisadiyyatının diversifikasiyasından və dünya bazarlarında tutduğu mövqedən asılıdır. Bu gün Azərbaycan da neft gəlirləri asılılığından azad olmaq, qeyri-neft sektorunun inkişafı hesabına inkişaf etmiş ölkələrin sırasına daxil olmaq niyyətindədir.

Sirr deyil ki, neftin bir barreli 2008-ci ildə 150 ABŞ dollarına yaxınlaşdığı halda, 2016-cı ildə 30 ABŞ dollarından da aşağı düşdü. Neft qiymətlərindəki bu cür qlobal azalmanın Azərbaycan iqtisadiyyatına da təsiri böyük oldu. Bu səbəbdən də, 2010-2014-cü illərdə iqtisadi artım sürəti yavaşlayaraq, ildə orta hesabla 2,7 faiz oldu. 2015-ci ildə ixracın həcmi və dövlət büdcəsinin gəlirlərinin azalması işsizlik səviyyəsinin əvvəlki ilə nisbətən 2 faiz artmasına səbəb oldu. Aşağı neft qiymətləri səbəbindən isə, cari hesablar balansında yaranmış gərginlik manatın məzənnəsinə təzyiqi artırdı və 2015-ci ildə milli valyuta iki dəfə devalvasiyaya uğradı.

Bununla yanaşı, proqnozlar onu göstərir ki, neft və qaza qlobal tələbatda artım 2050-ci ilədək ildə təqribən 0,7 faiz zəifləyəcək və ümumi enerji sektorunda üzvi yanacaq növlərinin payı azalacaq. Bu şərtlər altında neft qiymətlərinin əvvəlki yüksək səviyyələrinə qayıdışı gözlənilmədiyi üçün yaxın gələcəkdə neft gəlirləri hesabına yüksək dayanıqlı artımın bərpa olunacağı proqnozlaşdırılmır.

Deyilənlərə əsaslanan Beynəlxalq Valyuta Fondu da Azərbaycan iqtisadiyyatının 2025-ci ilədək illik 2-3 faiz artacağını proqnozlaşdırır. Bu temp ötən bir neçə il ərzində müşahidə olunan artım səviyyəsinə də uyğundur. Lakin belə aşağı artım səviyyəsi iqtisadiyyatın qarşısında duran məqsədlərə çatmağa, o cümlədən, indiki və gələcək nəsillər üçün lazım olan sayda iş yerləri yaratmağa, dünya bazarında yer tutmağa kifayət etmir. Bu səbəbdən də, Prezident İlham Əliyevin rəhbərliyilə ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı fonunda güclü sənaye və kənd təsərrüfatı sektorlarına daha böyük diqqət ayrılmağa başlandı. Burada əsas məqsəd isə daha yüksək keyfiyyətli və rəqabətədavamlı ixrac məhsulları hesabına dövlət büdcəsinə əlavə gəlirlər gətirmək, eyni zamanda, daha çox iş yerləri yaratmaq və insanların ümumi rifah halını daha da yüksəltməkdir.

Dünya bazarında vəziyyət: perspektiv nələri vəd edir?

Qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün, əlbəttə ki, ilk növbədə dünyanın böyük bazarları araşdırılmalı və konkret istiqamətlər müəyyən edilməlidir. İstehsal edilən məhsulların dünya bazarında hansı mallarla qarşılaşa bilər? Rəqabətə davam gətirə biləcək məhsulları daha çox hansı bazarlara ixrac etmək məqsədəuyğundur? Bu məsələyə dəfələrlə toxunan Prezident İlham Əliyevin bildirdiyi kimi, biz yeni bazarlara baxmalıyıq: "Bizim ənənəvi ixrac bazarımız var, bu, Rusiyadadır. İndi Rusiyada böyük kənd təsərrüfatı layihələri icra edilir. Onlarda da idxaldan asılılıq azalır. Ona görə, biz yeni bazarlara baxmalıyıq. Bu, Yaxın Şərqdir, Körfəz ölkələridir, digər ölkələrdir, Asiyadır, Çindir. Biz ora çıxmalıyıq".

Təhlillər onu göstərir ki, Asiyanın inkişaf etməkdə olan bazarları hazırda dünyada yaradılan iqtisadi dəyərin təqribən 1/5-nə sahibdir. 2030-cu ildə bu pay 1/3-ə yüksələcək. Asiyanın orta təbəqəsinin ölçüsündə də müvafiq artım gözlənilir. Proqnozlara görə, dünyanın orta təbəqəsi hazırkı 3 milyard nəfərdən 2023-cü ildə təqribən 5 milyard nəfərədək artacaq və bu artımın 80 faizi Asiyanın payına düşəcək. Eyni inkişaf prosesləri həm də şirkət səviyyəsində özünü büruzə verəcək. Yəni yeni yaranmaqda olan bazarlar hazırda illik gəlirləri 1 milyard ABŞ dollarından çox olan dünya şirkətlərinin təqribən 1/4-ni əhatə etdiyi halda, bu payın 2025-ci ilə qədərki dövrdə, demək olar ki, yarıyadək artması gözlənilir. Təkcə Asiyada ümumi gəlirləri 1 milyard ABŞ dollarından ibarət təxminən 3 min yeni şirkətin olması gözlənilir. Bununla yanaşı, son zamanlar mal və xidmətlər üzrə qlobal ticarətin həcminin artımı ÜDM-in artımından iki dəfə yüksək sürətə malik olub. Ticarət həcmlərinin getdikcə artması isə Avrasiyanın mərkəzində, Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan kimi ölkələrin bu artımdan faydalanmasına şərait yaradır.

Yeni bazarlara çıxış qeyri-neft sektorunun inkişafından keçir

İqtisadi təhlillər göstərir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı sürətli və planlı şəkildə həyata keçirilməlidir. Aydındır ki, ölkəmizdə qeyri-neft sektorunun əsasını emal sənayesi, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı və turizm sahələri təşkil edəcək. Bu sahələrin iqtisadiyyatın şaxələnməsi ilə yanaşı, regionların sosial-iqtisadi inkişafının daha da sürətlənməsinə gətirib çıxaracağı şübhə doğurmur. Eyni zamanda, bu sahələrin inkişafı rəqabətə davamlı məhsulların istehsalını da təmin edəcək. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənmiş Strateji Yol Xəritələri isə qarşıya qoyulmuş hədəflərə nail olmaqda ana xətti təşkil edəcək.

Qeyd edək ki, artıq bu sahədə müəyyən nailiyyətlər də var. 2016-cı ildə qeyri-neft sənayesində məhsul istehsalı 5 faiz, kənd təsərrüfatı 2,6 faiz, informasiya və rabitə sahəsi 4,4 faiz artıb. Ötən il ölkə iqtisadiyyatına 11,7 milyard ABŞ dolları həcmində investisiya yatırılıb ki, bunun 3,7 milyard dolları daxili sərmayələrdir. Həmçinin, qeyri-neft sənayesində müasir müəssisələrin yaradılmasının dəstəklənməsi davam etdirilib, 410 sənaye müəssisəsi açılıb, bir sıra sənaye obyektlərinin tikintisinə başlanılıb, sənaye parklarının və zonalarının təşkili işləri davam etdirilib. Bu xüsusda Sumqayıt Kimya Sənaye Parkının ərazisində infrastruktur işlərinin birinci mərhələsi tamamlanıb. Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyalarının həcmi 1,1 milyard dollar təşkil edən 9 müəssisəyə rezident statusu verilib. Bunlardan polad və polietilen boru, mexaniki və hidrotexniki avadanlıqlar istehsal edən "Azertexnolayn" zavodu 2013-cü ildə fəaliyyətə başlayıb və müəssisədə 750 nəfərdən çox işçi çalışır. Artıq müəssisədə istehsal olunan məhsulun yarıdan çoxu ixrac edilib. Bundan başqa, 2017-ci ildə 4 müəssisə - yüksək təzyiqə davamlı xortum və fitinqlər istehsal edən "MST Engineering Services", tikinti məhsulları və qatqıları istehsal edən, İsveçrənin beynəlxalq miqyaslı kimya şirkəti olan "SİKA" MMC, yüksək keyfiyyətli sintetik və yarısintetik sürtkü yağları istehsal edən "Alco Lubricant Company", pestisid və aqrokimyəvi məhsullar istehsal edən "Aqrokimya Azərbaycan", 2018-ci ildə isə daha 3 müəssisə - polipropilen və yüksək sıxlıqlı polietilen istehsal edən "SOCAR Polymer", ferroərintilər istehsal edən "Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti", Float texnologiyası əsasında şüşə lövhələr istehsal edəcək "AzerFloat" fəaliyyətə başlayacaq. Bu müəssisələrdə 800-ə yaxın yeni iş yerlərinin açılması nəzərdə tutulur.

Balaxanı Sənaye Parkında da infrastruktur işləri tamamlanmaq üzrədir. Sənaye Parkında fəaliyyət göstərən 5 rezident tərəfindən işlənmiş mühərrik yağlarının emalı, plastik (PET) butulkaların təkrar emalından PET qırıntılarının, tullantı kağızlardan istifadə etməklə çap-poliqrafiya məhsullarının istehsalı, təkrar emal olunmuş plastik materiallardan irihəcmli müxtəlif məhsulların istehsalı, taxta-ağac məmulatların emalı sahələrində 5 müəssisə yaradılacaq. Bu müəssisələrə rezidentlər tərəfindən 22,4 milyon manat investisiya yatırılacaq. 2017-ci ilin birinci yarımilliyində fəaliyyətə başlayacaq müəssisələrdə 400-ə yaxın yeni iş yeri açılacaq. Balaxanı Sənaye Parkına yeni rezidentlərin cəlb edilməsi məqsədilə maraq göstərən sahibkarlarla danışıqların aparılması və təşviqat işləri davam etdirilir.

Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən, iplik, boyama, toxuma, tikiş, corab, ayaqqabı və tibbi kosmetika istehsalı üzrə 9 fabrikin yaradılması ilə 150-200 milyon dollar investisiya qoyuluşu və 5500-dən çox yeni iş yerinin açılması nəzərdə tutulur. Parkda yerləşən zavodlar üçün xammal bazası yerli məhsullar hesabına təmin ediləcək, xammaldan son məhsuladək istehsal zənciri qurulacaq.

Göründüyü kimi, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi tendensiyası uğurla davam etdirilir. Lakin bu prosesdə əsas məsələ yüksək keyfiyyətli və rəqabətə qabiliyyətli məhsulların istehsalıdır. Bunun üçün isə keyfiyyət üzrə dünya standartlarına riayət etmək vacibdir. Eyni zamanda, istehsal olunan məhsulların dünya bazarına çıxarılması məsələsi yüksək səviyyədə həll edilməlidir.

Gözlənilən nəticələr: yüksək keyfiyyyətli, rəqabətədavamlı məhsullar və yeni bazarlar

Aparılmış perspektiv araşdırmaların nəticəsi göstərir ki, bu gün artıq reallaşdırılmaqda olan genişmiqyaslı islahatların məntiqi nəticəsi kimi 2025-ci ildə makroiqtisadi sabitlik, xüsusilə, fiskal dayanıqlılıq, əlverişli biznes mühiti, inkişaf etmiş infrastruktur, xarici bazarlara sərbəst çıxış və xarici investisiyaların cəlb edilməsi nəticəsində Azərbaycan iqtisadiyyatı xarici şoklara daha davamlı olacaq və ölkədə əmək məhsuldarlığı Şərqi Avropa ölkələrinin müvafiq göstəricisinə çatdırılacaq. Azərbaycan iqtisadiyyatı, Dünya İqtisadi Forumunda bildirildiyi kimi, səmərəlilik əsaslı modeldən innovasiya əsaslı modelə keçəcək. Əhalinin adambaşına düşən real gəlirləri ildə təxminən 5 faiz artacaq və Azərbaycan Dünya Bankının təsnifatına əsasən, "yüksəkgəlirli ölkə" statusu qazanacaq. Bu inkişaf prosesləri nəticəsində 2025-ci ildən sonrakı dövrdə adambaşına düşən gəlir səviyyəsinə görə Azərbaycan Şərqi Avropa ölkələrinin səviyyələrinə yaxınlaşacaq. İnnovasiya əsaslı modelin inkişaf etdirilməsi üçün fiziki, insan, institusional və sosial kapital təmin olunacaq. 2025-ci ildən sonra Azərbaycanın şaxələndirilmiş və dayanıqlı iqtisadiyyatında ümumi əlavə dəyərin 3/4-dən çoxu qeyri-neft sektorlarında yaranacaq.

Növbəti illərdə rəqabətədavamlı əmək xərcləri Azərbaycan iqtisadiyyatı üçün qısamüddətli katalizator rolunu oynayacaq. Lakin faktiki rəqabət üstünlüyü qabaqcıl texnologiyalar və digər innovasiya formalarından istifadə ilə yanaşı, keyfiyyətli təhsil və peşə təliminin nəticəsi kimi yüksək məhsuldarlıq hesabına yaranacaq. Başqa sözlə, 2025-ci ilədək olan dövr biliktutumlu iqtisadiyyata keçid dövrü olacaq. Qeyri-neft sektoruna əlavə investisiya qoyuluşları 2025-ci ilədək və ondan sonrakı dövrdə daha rəqabətli iqtisadiyyatın vacib hərəkətverici qüvvəsi olacaq.

Beləliklə də, 2025-ci ildən sonrakı dövrdə ixrac təkcə mal deyil, həm də xidmət çeşidinin artması hesabına şaxələnəcək və böyüyəcək. İxracın artan məhsul və xidmət sayına əsaslanması neft və qaz qiymətlərindəki dəyişkənliklərdən asılılığı azaldıb, xarici valyuta gəlirini sabitləşdirəcək.

Tünzalə İsmayılova,

Yazı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür

Digər xəbərlər