PDF Oxu

Sosial

  • 1 352

Mədəniyyət və turizm sahəsində inkişafın yeni mərhələsi

Mədəniyyət və turizm sahəsində inkişafın yeni mərhələsi

Azərbaycan Prezidentinin 2006-cı il 30 yanvar tarixli Fərmanı ilə Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasından 11 il ötür

Müstəqillik illərində ölkə həyatının inkişaf edən bütün sahələri kimi, mədəniyyət və incəsənətimiz də zənginləşmiş, beynəlxalq aləmdə daha geniş miqyasda tanınmış, zəngin tarixi-mədəni irsə, əlverişli iqlim şəraitinə sahib respublikamız dünya turizm xəritəsində layiqli yerini tutmuşdur.

Hər bir inkişaf, təbii ki, özündən əvvəlki təmələ söykənir. Ötən əsrin sonunda milli dövlətçiliyini bərpa edən Azərbaycanın müstəqillik yolunda qazandığı nailiyyətlərin, mədəniyyət sahəsində uğurlarımızın da təməli böyük ölçüdə 70-80-ci illərdə Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə qoyulmuşdur. Ulu Öndər müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə də daima mədəniyyətimizin himayədarı olmuş, bu sahəyə diqqət və qayğısını əsirgəməmişdir. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, daha da zənginləşdirilir.

Prezident İlham Əliyevin respublikaya rəhbərliyi ilk illərdən tarixi-mədəni irsə bağlılıqla bərabər, modernləşmə, qabaqcıl dünya təcrübəsinin tətbiqi və idarəetmədə islahatlarla müşayiət olunmuşdur. Prezidentin 2006-cı il 30 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin yaradılması da dövlət idarəetmə sistemində islahatların davamı, mədəniyyət və turizm sahələrinin idarə edilməsinin təkmilləşdirilməsi məqsədi daşıyan çox mühüm bir qərar idi. Dövlət başçısı tərəfindən Mədəniyyət və Turizm Nazirliyi qarşısında qoyulan ilk vəzifələr mədəniyyət obyektlərinin, ilk növbədə, kütləvi ziyarət məkanları olan teatr və muzeylərin yüksək səviyyədə təmir-bərpası, ölkənin müasir inkişafını təcəssüm etdirən yeni mədəniyyət ocaqlarının yaradılması, turizm sektorunun sürətli inkişafının təşviq edilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi ilə bağlı idi.

DÜNYA MUSİQİ XƏRİTƏSİNDƏ AZƏRBAYCANIN ADINI TANIDAN LAYİHƏLƏR

Mədəniyyətimizə diqqət və qayğıdan bəhs edərkən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın bu sahədə müstəsna xidmətlərini vurğulamalıyıq. Mədəniyyətimizin himayədarı Mehriban xanımın 2004-cü ildə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi mədəni irsimizin dünyada tanıdılmasında yeni üfüqlər açmışdır. 2007-ci ildə Qobustan qayaüstü rəsmləri, 2009-cu ildə Azərbaycan aşıq sənəti, Novruz bayramı, 2010-cu ildə xalçaçılıq sənətimiz, 2012-ci ildə tar ifaçılığı, 2013-cü ildə çövkən milli oyunu, 2014-cü ildə kəlağayı sənəti, 2015-ci ildə də Lahıc misgərlik sənəti, 2016-cı ildə ölkəmizin təşəbbüsü ilə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstan tərəfindən birgə təqdim edilən lavaş, katırma, jupka, yufka - nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti UNESCO-nun müvafiq siyahılarına salınaraq ümumbəşəri irs statusu qazanmışdır. Bu irs nümunələrimizlə bağlı fayllar Azərbaycanın Birinci Xanımının dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin, digər əlaqədar qurumların birgə əməkdaşlığı ilə hazırlanmışdır.

Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə əsası qoyulan "Muğam aləmi" Beynəlxalq Muğam Festivalı (2009), Qəbələ Beynəlxalq Musiqi Festivalı (2009), Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı (2010) artıq ənənəyə çevrilərək müasir mədəniyyət tariximizə yeni səhifələr yazmışdır.

Bu illərdə Azərbaycan musiqi sənəti ən müxtəlif janr və çalarları ilə dünya səhnələrini fəth etmiş, ifaçılarımız yüzlərlə sənət yarışmasında uğur qazanmışdır. TÜRKSOY-un təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2009-cu ildə Ü.Hacıbəylinin "Koroğlu" operası türkdilli ölkə sənətçilərinin iştirakı ilə tamaşaya qoyulmuş, 2006-cı ildə Üzeyir bəyin "Arşın mal alan" operettası Vyanada, 2014-cü ildə Qara Qarayevin "Yeddi gözəl" baleti ilk dəfə ABŞ-da səhnə həyatı qazanmışdır.

Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, təbliği və təşviqi məqsədilə 2010-cu ildən reallaşdırılan "Xalq Yaradıcılığı Paytaxtları" proqramı bu qəbildəndir. Regionların mədəni həyatına yeni ilmələr qazandıran proqrama əsasən beş il ərzində 15 şəhər və rayon "əfsanələr", "folklor", "sənətkarlıq" nominasiyaları üzrə "paytaxt" seçilmiş, çoxsaylı tədbirlər, layihələr həyata keçirilmişdir. 2015-ci ildə "Ədəbiyyat Paytaxtı" və "Milli Mətbəx Paytaxtı" kimi yeni nominasiyalar elan edilmişdir. Bu illərdə proqram üzrə həyata keçirilən bir sıra layihələr geniş vüsət qazanaraq beynəlxalq mədəniyyət tədbirlərinə çevrilmişdir. Masallıda folklor, Qəbələdə mürəbbə, Şəkidə şirniyyat festivalları buna nümunədir. Sevindirici haldır ki, "Xalq Yaradıcılığı Paytaxtları" proqramında uğurla təmsil olunan bəzi bölgələrimiz sonradan yeni, artıq beynəlxalq təşkilatlar formatında "mədəniyyət paytaxtı" adını qazanmışdır. 2013-cü ildə Qəbələnin "MDB-nin mədəniyyət paytaxtı" olması, Şəki şəhərinin 2016-cı il üçün TÜRKSOY tərəfindən "Türk dünyasının mədəniyyət paytaxtı" seçilməsi regionlarımızın mədəni irsinin tanıdılmasına geniş imkanlar açır. Nazirlik tərəfindən "Azərbaycan - doğma diyar" devizi altında 2006, 2008, 2011, 2014 və 2016-cı illərdə keçirilmiş milli azlıqların incəsənət festivalları ölkəmizin mədəni müxtəlifliyinin inkişafına əlavə zəmin yaratmışdır. Prezident tərəfindən 2016-cı ilin ölkəmizdə "Multikulturalizm ili" elan olunması respublikamızdakı mədəni zənginliyin, böyük tarixi olan tolerantlıq mühitinin dünyaya təqdimatı oldu.

TURİZMİN İNKİŞAFI ÜÇ BAŞLICA MƏQAMA SÖYKƏNİR: İNFRASTRUKTUR, XİDMƏT KEYFİYYƏTİ VƏ TƏBLİĞAT

Bu gün dünya ölkələrinin təcrübəsinə nəzər salsaq görərik ki, turizmin inkişafı üç başlıca məqama söykənir: infrastruktur, xidmət keyfiyyəti və təbliğat. Ölkə başçısı turizm sahəsini qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri elan etmişdir və ötən illərdə turizmlə bağlı həyata keçirilən layihələr bunun bariz göstəricisidir. Qusar rayonu ərazisində dövlət dəstəyi ilə regionun ən iri dağ-xizək turizm kompleksi - Şahdağ Turizm Mərkəzi yaradılmışdır. Qəbələdəki Tufandağ Kompleksi də ölkədə qış turizminin inkişafına töhfədir.

"Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın icrası, 2011-ci ilin Prezident tərəfindən Azərbaycanda "Turizm ili" elan edilməsi də dövlətin bu sahəyə diqqət və qayğısının bariz nümunəsidir.

2016-cı il ölkəmizdə turizm sahəsində çox mühüm yeniliklərlə yadda qaldı. Sektorun qarşıdakı illərdə inkişafını stimullaşdıracaq fərman və sərəncamlar imzalandı. Dövlət başçısının 2016-cı il 1 iyun tarixli "Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və "ASAN Viza" sisteminin yaradılması haqqında" Fərmanına uyğun olaraq dekabrda "ASAN Viza" portalı"nın təqdimatı keçirildi. Portal 2017-ci il yanvarın 10-dan tam gücü ilə fəaliyyətə başlamışdır. Viza prosedurunun sadələşdirilməsi nəticəsində 2016-cı ildə ölkəmizə gələn xarici qonaqların sayı 11 faizdən çox artmışdır. Ötən il, xüsusilə, ərəb ölkələrindən gələn turist sayında kəskin artımla yadda qalmış, bu ölkələrdən turist axını bir öncəki ilə nisbətən 8 dəfə, ayrıca Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayı 33 dəfə artmışdır. 2016-cı ildə 12 ölkənin (Körfəz Ölkələri, Çin, Cənubi Koreya, Yaponiya, Sinqapur, Malayziya, İndoneziya və s.) vətəndaşlarına hava limanlarında viza verilməsi təmin edilmişdir.

Prezident İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamı və 6 dekabr tarixli Fərmanı ilə təsdiq olunan "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi" xüsusi əhəmiyyətə malikdir. Atılan bu addımlar ölkə turizminin inkişafında yeni mərhələnin başlanması deməkdir. Sərəncama əsasən, yaradılan Turizm Şurası bu sahədə Mədəniyyət və Turizm Nazirliyi və digər dövlət qurumları arasında koordinasiya funksiyasını yerinə yetirəcək. Sərəncamda Bakıda beynəlxalq təcrübədə geniş tətbiq olunan ticarət festivallarının ("shopping festival") keçirilməsi, ölkəyə turist axınının artırılması məqsədilə prioritet hesab olunan ölkələrdəki səfirliklərimizdə turizm nümayəndəliklərinin yaradılması, yeni əlverişli aviareyslərin açılması, çimərlik turizminin inkişafı, turizm və rekreasiya zonalarının təşkili kimi məsələlər də öz əksini tapmışdır. Bütün bu müddəalar daha geniş şəkildə, konkret hədəf və fəaliyyət istiqamətləri göstərilməklə Strateji Yol Xəritəsində əhatə olunmuşdur. Bu proqram sənəd 2020-ci ilədək və ondan sonrakı dövr üçün ölkəmizin turizm sənayesinin hərtərəfli inkişafını nəzərdə tutur.

AZƏRBAYCANIN DÜNYAYA SÜLH MESAJI

2008-ci ildə Prezident İlham Əliyev tərəfindən irəli sürülən mədəniyyətlərarası dialoqla bağlı "Bakı Prosesi" ötən müddətdə beynəlxalq platformaya çevrilmişdir. 2009-cu ildə İSESCO-nun qərarı ilə "İslam mədəniyyətinin paytaxtı" elan olunan Bakı 2011-ci ildən başlayaraq Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edir, mədəniyyətlər və sivilizasiyalararası dialoq məkanı kimi tanınır. Ötən müddətdə paytaxtımızda üç dəfə gerçəkləşən forum, eləcə də, müstəqillik tariximizin ən böyük beynəlxalq tədbiri - 2016-cı ilin aprelində keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Azərbaycanın dünyaya sülh mesajı, ölkəmizdəki multikulturalizmin mütərəqqi model kimi nümayişi oldu.

2017-ci il Prezident İlham Əliyev tərəfindən ölkəmizdə "İslam həmrəyliyi ili" elan edilmişdir. Bu il də ölkəmiz üçün bir sıra beynəlxalq səviyyəli tədbirlərlə əlamətdar olacaq. 5-6 may tarixində Bakıda IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Mayın 12-dən 22-dək paytaxtımız IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. "Həmrəylik bizim gücümüzdür" şüarı altında gerçəkləşəcək oyunlara 50-dən çox ölkədən 3 mindən artıq idmançının qatılacağı gözlənilir. İyunda paytaxtımız növbəti "Formula 1" yarışlarını qəbul edəcək. Bu və ya digər örülən işlər ölkəmizin zəngin mədəni irsinin, turizm imkanlarının daha da zənginləşdirilməsi və dünyada tanıdılması istiqamətində mühüm addımlardır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər