Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının IX konfransına hazırlıq işləri davam edir. Konfransa nümayəndələrin müəyyənləşdirilməsi, ötən hesabat dövrü ərzində görülən işlərin nəticəsini bilmək üçün ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi üzrə hazırlanmış qrafikə uyğun olaraq, növbəti hesabat-seçki yığıncağı YAP Yevlax rayon təşkilatı Qarabağkanal və Suvarma sistemləri ərazi ilk partiya təşkilatlarında keçirilib.
Qarabağkanal ərazi ilk partiya təşkilatının sədri Şakir İmanov hesabat məruzəsi ilə çıxış edərək, təşkilatın fəaliyyəti barədə geniş məlumat verib. Bildirilib ki, hesabat dövründə partiya sıraları kəmiyyət və keyfiyyət cəhətdən, xüsusilə, gənclərin hesabına güclənib. Yığıncaqda çıxış edən digər natiqlər ərazi ilk partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Suvarma Sistemləri ərazi ilk partiya təşkilatının sədri Minnət Mürsəlov ilk təşkilatın fəaliyyəti haqqında məlumat verərək bildirib ki, Yeni Azərbaycan Partiyası xalqla dövlət arasında bir səmimiyyət körpüsüdür. Hər bir partiya üzvü bunu bilməli və bu məsuliyyətdən irəli gələrək, işini qurmalıdır.
Çıxışlarda o da bildirilib ki, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatı 1993-cü ildə təsis edilib. Rayon təşkilatı 85 ərazi ilk partiya təşkilatı üzrə 8500 nəfər YAP üzvünü öz sıralarında birləşdirir ki, onların da 4380 nəfərini qadınlar, 1939 nəfərini isə gənclər təşkil edir.
Sonra hesabat məruzəsi səsə qoyulub və yekdilliklə qəbul olunub.
Sonda YAP Yevlax rayon təşkilatı Qarabağkanal və Suvarma Sistemləri ərazi ilk partiya təşkilatlarının idarə heyətinin üzvləri, sədrləri, sədr müavinləri, eləcə də, YAP Yevlax rayon təşkilatının IX konfransına nümayəndələr seçilib.
R.HÜSEYNOVA