PDF Oxu

Sosial

  • 858

"İslam Həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə" mövzusunda regional konfrans keçirib

"İslam Həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə" mövzusunda regional konfrans keçirib

Mübariz Qurbanlı: "Dünyanın ziddiyyətlər içində boğulduğu və fəlakətlərin baş verdiyi şəraitdə həmrəylik təşəbbüsünün göstərilməsi aktual məsələ kimi ortaya çıxır"

"Müasir dövrdə islam aləminin, müsəlman dövlətlərinin siyasi birliyə, mənəvi həmrəyliyə, əqidə və məram tərəfdaşlığına böyük ehtiyacı var. Bu baxımdan, Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında "İslam Həmrəyliyi İli" elan edilməsi humanist və sülhsevər bir təşəbbüs olmaqla ölkəmizin islam birliyinə olan həssas münasibətinin göstəricisidir".

Bu fikirlər yanvarın 31-də Abşeron rayon icra hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində "İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə" mövzusunda regional konfransda səsləndirilib.

Tədbiri Abşeron RİH-in başçısı İradə Gülməmmədova açaraq dövlət-din münasibətlərindən, ölkəmizdə milli-mənəvi və islami dəyərlərin qorunması və təbliği sahəsində görülən işlərdən bəhs edib: "Azərbaycanda bir neçə ay sonra keçiriləcək IV İslam Həmrəyliyi Oyunları İslamdakı həmrəyliyi təcəssüm etdirəcək: "Digər tərəfdən, ölkəmizdə "İslam Həmrəyliyi İli" elan olunması həm islam aləmi daxilində, həm də dünyada müxtəlif sivilizasiyalar arasında həmrəyliyə töhfə vermək deməkdir".

Konfransda çıxış edən DQİDK-nın sədri Mübariz Qurbanlı qeyd edib ki, komitə tərəfindən bölgələrdə davamlı olaraq keçirilən belə tədbirlərin əsas məqsədi dini maarifləndirmə yolu ilə milli-mənəvi və islami dəyərlərin qorunması istiqamətində aparılan işlərə töhfə verməkdir.

Komitə sədri bu gün müzakirəyə çıxarılan mövzunun nəinki regionda, eləcə də, dünyada gedən proseslərə adekvat münasibət sərgilədiyini bildirib: "Əlbəttə ki, bu gün bütün xalqlar və dövlətlər arasında həmrəyliyə ehtiyac var. Dünyanın ziddiyyətlər içində boğulduğu və fəlakətlərin baş verdiyi şəraitdə həmrəylik təşəbbüsünün göstərilməsi aktual məsələ kimi ortaya çıxır. Belə bir şəraitdə dini maarifləndirmə tədbirlərinə daha diqqətlə yanaşılmalıdır".

Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin Sumqayıt bölgəsi üzrə qazısı Hacı Rauf Sərdarov çıxış edərək, ölkəmizdəki tolerantlıq mühitinin əsasında duran amillərdən danışıb. Qeyd edib ki, Prezident İlham Əliyevin apardığı doğru və məqsədyönlü siyasət nəticəsində, multikulturalizm Azərbaycanın dövlət siyasətinə və xalqımızın həyat tərzinə çevrilib.

Sonda məruzələr ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər