PDF Oxu

Sosial

  • 1 350

"The Guardian"dan vaxtı keçmiş qərəz

"The Guardian"dan vaxtı keçmiş qərəz

"Yəqin ki, AŞPA "The Guardian" qəzetinə layiq olduğu cavabı verəcək"

"The Guardian" qəzeti 1821-ci ildə yaradılıb və bu vaxta qədər dərc edilən qəzetin tarixi ziddiyyətlərlə doludur. Ona görə yox ki, "The Guardian" daima "obyektiv" mövqeyi ilə seçilib və "keşməkeşli" yol keçib. Xeyr! Sadəcə olaraq, bu qəzetdə dərc edilən qərəzli, şantaj xarakterli materialların heç də təsadüfi dərc olunmadığı zaman-zaman ciddi müzakirələr yaratmış, bu baxımdan, baş verənlərlə bağlı minlərlə məhkəmələr qurulmuşdur. Xüsusilə də, böyük güclərin, ciddi maliyyə dayaqlarına malik olan təxribatçı dairələrin, xüsusi xidmət orqanlarının maraqlı istiqamətində fəaliyyət göstərən "The Guardian" Azərbaycan haqqında qərəz dolu məqalə dərc edib. Azərbaycanın seçkilərin saxtalaşdırılması ilə bağlı guya AŞPA-ya təzyiq etməsi, onlardan "kömək" istəməsi məntiqi yanaşma deyil, ancaq bu qurumun havadarlarından ehtiyat edib, işğalçı Ermənistana təzyiq etməməsi əsl gülüş doğurur. Digər ölkələrin, qurumların nümayəndələri kimi, AŞPA-nın da nümayəndələri Azərbaycandakı seçkiləri, referendumu izləyərək, öz müsbət rəylərini bütün dünya ictimaiyyətini qarşısında bəyan ediblər. Bunu qısqanmağa dəyməz. Məsələn, Azərbaycanda 2016-cı ildə keçirilən referendumla bağlı AŞPA missiya qrupu belə qənaətə gəlmişdi: "Referendum ölkə qanunvericiliyinə və Azərbaycan Konstitusiyasına uyğun təşkil edilib, qanunidir, legitimdir. Seçki günü ərzində səsvermə yaxşı təşkil edilmişdi və şəffaf, səmərəli, dinc keçdi, olduğumuz məntəqələrdə səslərin sayılmasında seçkinin nəticələrinə təsir edə biləcək pozuntular müşahidə etmədik". AŞPA missiyası, eyni zamanda, bildirmişdir ki, konstitusuyaya dəyişikliklərin qəbul edilməsinin lehinə olaraq, referendumun nəticələri ölkənin təhlükəsiz, sabit, davamlı inkişafı istiqamətində irəliyə doğru addım kimi, Azərbaycan xalqının iradəsini ifadə edir və demokratik, iqtsiadi çağırışlara cavab olaraq, daha sərəmərəli idarəçilik sistemi qurmağa və ölkə üçün zəruri olan daha məzmunlu islahatlar aparmağa yönəlib". AŞPA öz gördüklərini bəyan etmişdi.

"The Guardian" təsirlənən Cənub-Şərqi Avropa və Qafqaz üzrə ixtisaslaşmış tədqiqat mərkəzi olan Avropa Stabillik Təşəbbüsünün (European Stability Initiative) rəhbəri Gerald Knaus yazır: "Avropa Şurası Azərbaycana 2010, 2013, 2015-ci illərdə müşahidəçi göndərib və hər dəfə də bu parlamentarilər qayıdanda, orada günəşin şəfəq saçdığını söyləyiblər. Halbuki burada başqaları yağış yağdığını deyirdilər". Əslində, iki cümlədə bütün bu ittihamlara cavab var. Heç şübhəsiz ki, Azərbaycandakı vəziyyəti ən yaxşı ölkəmizə gələnlər, müşahidəçilər təhlil edə bilərlər. Onlar da ölkəmiz haqqında öz müsbət fikirlərini bütün seçkilərdə bəyan ediblər. Ancaq Azərbaycana bircə dəfə belə gəlməyənlərin guya burada Günəşin çıxmadığını, əksinə, "yağış yağdığını" bildirmələri gülməli mənzərə yaradır və bu qeyri-real yanaşmadır. Orada oturub Azərbaycandakı seçkiləri necə izləmək olardı, bax, bu, maraqlıdır. AŞPA rəhbərliyini də ittiham edən "The Guardian"a yəqin ki, bu qurumun verdiyi cavab çox gecikməyəcək.

Məsələyə münasibət bildirən politoloq Ülvi Məmmədov "SƏS" qəzetinə açıqlamasında bildirib ki, "The Guardian"ın dərc etdiyi məqalə sırf sifarişdir: "Çünki xeyli müddət keçəndən sonra Azərbaycanda keçirilən seçkiləri, referendumu öz məntiqləri ilə "qeyri-demokratik" adlandırmaları, sadəcə, "daldan atılan daş topuğa dəyər" misalını xatırladır. Biz inamla irəliləyirik, inamlı addımlarla addımlayırıq. Arxamızca çox söz deyiləcək, bəyanatlar veriləcək, ancaq bütün bunları ciddiyə almaq lazım deyil. Hesab edirəm ki, bu ittiham həm də AŞPA-ya yönəlib. Yəqin ki, AŞPA "The Guardian" qəzetinə layiq olduğu cavabı verəcək. Azərbaycanda referendumdan sonra AŞPA nümayəndələrinin rəylərini "The Guardian" dərc etməmişdi. Sadəcə, sonradan məcbur olub digər missiya qruplarının fikirlərini dərc etmişdilər. Çünki ölkəmizdə səsverməni izləyən bütün xarici qurumların münayənlədərinin hamısı müsbət qənaətə gəlmişdilər".

Samir

Digər xəbərlər