AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda bu müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının 2 Fevral – Gənclər Gününə həsr olunan iclası keçirilib.
İnstitutun elmi katibi Əzizağa Nəcəfov Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildən başlayaraq, 2 Fevralın Gənclər Günü kimi qeyd edildiyini söyləyib, gənc nəslə göstərilən yüksək dövlət qayğısından danışıb.
Sonra institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Nailə Mustafayeva rəhbərlik etdiyi qurumun ötənildəki fəaliyyəti barədə məlumat verib.
İnstitutun təhsil şöbəsinin müdiri Kərimulla Məmmədzadə AMEA-da və Əlyazmalar İnstitutunda yeni elmi nəslin yetişməsi, gənclərin inkişafı istiqamətində görülən işlərdən söz açıb. Gənclərin Azərbaycanın inkişafında böyük rol oynadıqlarını söyləyən K.Məmmədzadə bildirib ki, 2016-cı ildə Əlyazmalar İnstitutunda təhsilin magistratura pilləsi üzrə ilk dəfə qəbul həyata keçirilib.
Sonda institutun direktoru, akademik Teymur Kərimli, direktorun müavinləri Aybəniz Əliyeva-Kəngərli, Paşa Kərimov gənc alim və mütəxəssisləri təbrik edib, onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıblar.
NƏZAKƏT