Ölkəmizin iqtisadi qüdrətinin yüksəlməsi, sosial inkişafı bütün sahələrdə böyük nailiyyətlərin əldə olunmasına ciddi zəmin yaradıb. Ölkə başçısı İlham Əliyevin ardıcıl olaraq həyatın bütün sahələrin inkişafı üzrə həyata keçirdiyi islahatlar, qəbul olunmuş dövlət proqramları Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri arasında özünə layiqli yer tapmasına şərait yaradıb. Təbii ki, Azərbaycanda mövcud olan siyasi vəziyyət, stabillik və iqtisadi artım inkişafı zəruri edən amillərdəndir.
Bütün bunlarla yanaşı, müasir dünyamızda Azərbaycan dinlərarası, millətlərarası münasibətlərdə dünya üçün örnək, tolerantlıq və dözümlülük ənənələri ilə zəngin olan, milli-mənəvi dəyərlərinə sadiq dövlətə çevrilib. Ölkədə formalaşan bu və ya digər dəyərlər Azərbaycan cəmiyyətini səciyyələndirən ənənəyə çevrilib. Azərbaycan dövlətinin Qurucusu və Memarı olan Ulu Öndər Heydər Əliyev "Biz heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaq və bu mənəvi mənbələrimizdən istifadə edərək, gələcəyimizi quracağıq"- deyirdi. Ümummilli Lider Heydər Əliyev islam dininin mütərəqqiliyini qeyd edərək, onun insanların mənəvi dünyasının paklanmasında rolunu yüksək qiymətləndirdi: "Bizim dinimiz mütərəqqi dindir. Əsrlər boyu islam dini özünün mütərəqqi olduğunu və eyni zamanda, islam dininə itaət edən adamların hamısına özünün nə qədər tərəqqipərvər və nə qədər dünyəvi əhəmiyyətli olduğunu sübut edir, müsəlmanlara daimi xoşbəxtlik bəxş edir. Bizim dinimiz müsəlmanları həyatlarında rast gəldikləri çətinliklərdən xilas etməyə, düşmənlərə qarşı mübarizədə qalib gəlməyə və özlərini, öz ölkələrini, öz dinini, öz peşəsini qoruyub-saxlamağa həmişə yardım etmişdir. Heç şübhə yoxdur ki, islam dini indiyə qədər olan tarixində dünyaya nümayiş etdirdiyi əzəmətini, qüdrətini bundan sonra daha da gücləndirəcək və bütün islam dininə itaət edən adamların hamısını xoşbəxtliyə və səadətə gətirib çıxaracaqdır".
Bütün tarixi çağlarda aparıcılığı özündə saxlamış Avropa ölkələrinin xalqları islami dəyərlərə hörmətlə yanaşaraq, böyük maraq göstərmişlər. İslam, dəyərlər bütün insanları ruh, düşüncə və rahat yaşatmaq deməkdir.
AZƏRBAYCAN İSLAM DÜNYASININ AYRILMAZ HİSSƏSİDİR
Bu gün dünyada islam həmrəyliyinin gücləndirilməsi üçün böyük işlər görülür. Bu gün fəaliyyətdə olan İslam Əməkdaşlıq Təşkilatı islam ölkələri arasında birliyin gücləndirilməsi, çoxşaxəli əlaqələrin inkişafı, bütün islam xalqlarının azadlıq və milli hüquqlarının qorunmasını dəstəkləmək, beynəlxalq təhlükəsizliyin və sülhün qorunması istiqamətində iş aparır. "İslam dünyasının BMT - si" adlandırılan İslam Əməkdaşlıq Təşkilatının dünya miqyasında əsas məqsədi dini, tarixi, siyasi, mənəvi dəyərlərlə bağlı olan müsəlman xalqlarının firavanlığını və inkişafını artırmaq, onların mənafeyi və maraqları naminə islam həmrəyliyinin möhkəmləndirilməsi, islami dəyərlərin qorunması olan ən nəhəng və hörmətli müsəlman təşkilatıdır. Tarixi keçmişi, dini, mədəni və mənəvi dəyərləri ilə islam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanın bu təşkilata üzv olması ilə beynəlxalq aləmdə respublikamızın qarşısında yeni imkanlar açıldı, Azərbaycan beynəlxalq və regional təşkilatlarda təmsil olunaraq, dünya siyasətində mövqeyini möhkəmlətmək üçün daha bir addım atdı. Hazırda Azərbaycan təşkilatın fəal üzvlərindən biri kimi, müsəlman dünyasının üzləşdiyi cari problemlərin həllində aktiv iştirak edir. Təşkilatın qarşısında duran vəzifələrin yerinə yetirilməsində qətiyyət və təşəbbüskarlıq göstərir.
"MÜSƏLMAN ALƏMİNDƏ HAMIMIZ ÜÇÜN ÇOX ZƏRURİ OLAN DAHA GÜCLÜ TƏRƏFDAŞLIQ VƏ BİRLİK QURACAĞIQ"
Azərbaycan bu gün mədəni və milli dəyərlərimizi təşviq etmək üçün əlindən gələni edir. Belə ki, ölkəmiz islamı sülh, qardaşlıq və tolerantlıq dini kimi təqdim etmək məqsədilə dünyanın bir çox ölkələrində beynəlxalq konfranslar, sərgilər və s. keçirir. "İştirak etdiyimiz bütün beynəlxalq forum və təşkilatlarda müsəlman qardaşlarımızı dəstəkləməkdə davam edəcəyik, öz məqsədlərimizə nail olacağıq, müsəlman aləmində hamımız üçün çox zəruri olan daha güclü tərəfdaşlıq və birlik quracağıq"- deyən Azərbaycan Prezidenti İlham Əliyev islamın sülh və qardaşlıq dini olduğundan dəyərlərimizi təşviq etmək və keçmişimizi, bu günümüzü və gələcəklə bağlı planlarımızı düzgün şəkildə çatdırmaq üçün daha fəal olmağın vacibliyini diqqətə çəkib. İslam Konfransı Təşkilatının 2008-ci ildə Seneqalın Dakar şəhərində keçirilmiş 11-ci zirvə konfransı, həmin il iyunda Uqandanın Kampala şəhərində İƏT xarici işlər nazirlərinin 35-ci konfransı, eləcə də 2009-cu il mayın 23-25-də Suriyanın Dəməşq şəhərində keçirilmiş İƏT xarici işlər nazirlərinin 36-cı konfransı Azərbaycanın maraqlarına tam uyğun olan qətnamələr qəbul etmişdir. Qəbul edilən sənədlərdə üzv dövlətlər bir daha erməni təcavüzünü qətiyyətlə pisləmiş, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd - şərtsiz çıxarılmasını tələb etmişlər.
Azərbaycanla İƏT-in müxtəlif strukturları arasında münasibətlərin inkişaf edib möhkəmləndirilməsində Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti, xüsusilə, təqdirəlayiqdir. Həmin fəaliyyətin nəticəsidir ki, İSESKO-nun baş direktoru Əbdüləziz Bin Osman əl-Tüveycri sivilizasiyaların yaxınlaşmasındakı fəaliyyətinə görə Mehriban xanım Əliyevaya İSESKO-nun xoşməramlı səfiri adının verilməsi haqqında diplomu təqdim etmişdir. Bundan əlavə, İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda Bakıda keçirilən beynəlxalq forumda iştirak edən İƏT-in baş katibi Ekmələddin İhsanoğlu humanitar sahədəki fəaliyyətinə görə Azərbaycanın Birinci Xanımını "İƏT-in humanitar məsələlər üzrə xüsusi elçisi" statusuna dair diplomla təltif etmişdir. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın islam ölkələrinin daxil olduğu təşkilatın bu yüksək adlarına layiq görülən ilk qadın olması olduqca əlamətdardır. Onu da qeyd etmək lazımdır ki, Bakının 2009-cu ildə islam mədəniyyətinin paytaxtı elan edilməsi ilə bağlı qərar da, İƏT ilə əməkdaşlığın bəhrəsi və Azərbaycanın Birinci Xanımının yorulmaz fəaliyyətinin nəticəsidir.
DÜNYA ÜÇÜN NÜMUNƏ OLAN İSLAM HƏMRƏYLİYİ
İslam həmrəyliyinin gücləndirilməsi məqsədi ilə Azərbaycan dövləti, ardıcıl olaraq siyasət yürüdür. Bildiyimiz kimi, Azərbaycan bu il İslam Həmrəyliyi Oyunlarını qəbul edəcək. Prezident İlham Əliyevin sözlərinə görə, bu, islam ölkələrinin birliyinə verilən töhfədir: "Çünki oyunlar təkcə idman yarışı olmayacaq, eyni zamanda, birliyimizin, müsəlman aləmində gənc nəsillərimizin həmrəyliyinin günləri olacaq. Biz qardaşlıq ənənələrimizi bizi əvəzləyəcək gənc nəsillərə ötürməliyik. Nəzərə almaq lazımdır ki, bu gün media, qloballaşma və gündəlik həyatımızın digər elementləri, müxtəlif aspektlər baxımından, öz rolunu oynayır. Əfsuslar ki, onlar bəzən köklərimizi, ənənələrimizi sual altında qoyaraq, mənfi rol da oynayır. Qloballaşma özlüyündə yaxşı bir prosesdir. Lakin o, bəzən kökləri, ənənələri, dini, bayramları və dəyələri yaddan çıxarmaq mənasını daşıyırsa, onda biz bu cür qloballaşmanı dəstəkləmirik".
Müsəlman aləminin gənc nəsilləri milli-ənənəvi dəyərlərimizə əsaslanaraq, formalaşması əsas məsələlərdən bir olaraq qarşıda durur. Azərbaycan da, öz növbəsində, dəyərlərimizi təşviq etmək üçün əlindən gələni edir. Prezident İlham Əliyevin demişdir: "Biz müsəlman aləminin mədəniyyətini nümayiş etdirmək, islamı sülh, qardaşlıq və tolerantlıq dini kimi təqdim etmək məqsədilə dünyanın müxtəlif yerlərində bir çox konfranslar, sərgilər və digər mədəni tədbirlər təşkil etmişik. İslamı dünyaya təhlükə kimi təqdim etmək istəyənlərə imkan verməmək üçün biz daha çox çalışmalı və səylərimizi birləşdirməliyik. İslam sülh və qardaşlıq dinidir. Biz bunu bilirik. Hər kəs bunu bilməlidir. Dəyərlərimizi təşviq etmək və keçmişimizi, bu günümüzü və gələcəklə bağlı planlarımızı düzgün şəkildə çatdırmaq üçün daha fəal olmalıyıq".
Azərbaycan öz əqidəsinə və milli dəyərlərinə sadiq bir dövlətdir. Bu baxımdan da, təmsil olunduğu beynəlxalq forum və təşkilatlarda islam dünyasını, müsəlmanları dəstəkləyir, güclü tərəfdaşlıq əlaqələrini genişləndirir. Bəli, Azərbaycan islami dəyərlərə, islam dininə bağlı dövlətdir. Bunun nəticəsidir ki, müasir dövrümüzdə ölkəmizdə islami dəyərlər, multikulturalizm məktəbi, tolerantlıq yeni dövrünü yaşayır.
Nəzakət ƏLƏDDİNQIZI