Dövlət Sərhəd Xidmətinin sərhəd-gözətçi gəmiləri, texniki-müşahidə və sahil nəzarəti məntəqələri dənizə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və Xəzərdə xilasetmə tədbirlərinin həyata keçirilməsi üzrə fəaliyyətlərini uğurla davam etdirirlər.
3 fevral 2017-ci il tarixdə saat 16:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin "Vel" sahil nəzarəti məntəqəsinə 2 nəfər balıqçının, qayığın mühərrikində yaranmış nasazlıq səbəbindən, Xəzər dənizində köməksiz qalmaları barədə məlumat daxil olub.
Qayığın koordinatları müəyyənləşdirildikdən sonra sərhəd- gözətçi gəmiləri vasitəsilə həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində, sahildən 5 mil aralıda dənizdə qalmış balıqçı qayığı aşkar edilibdir. Astara rayon Şahağacı kənd sakinləri Quliyev Zaur Balağa oğlu və Həsənov İlqar Əlihəsən oğlu saat 20:30-da xilas edilərək, qayıqla birlikdə sahilə çıxarılıblar.
Ü.ƏSGƏROV