PDF Oxu

Sosial

  • 1 234

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5 ili tamam olur

image

"Xidmət tərəfindən ardıcıl təşkil edilən effektli tədbirlər medianın diqqət mərkəzindədir"

Məlum olduğu kimi, Prezident İlham Əliyevin 13 fevral 2012-ci il tarixli Fərmanına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Azərbaycanda fəaliyyətilə xüsusi seçilən, ictimaiyyətin diqqət mərkəzində olan dövlət qurumları sırasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin özünəməxsus yeri var. Bu günlərdə xidmətin fəaliyyətinin 5 illiyi tamam olur.

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, ötən 5 ildə xidmətin media ilə əlaqələri yüksələn xətt üzrə davam edib: "Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuatla əməkdaşlığa ciddi əhəmiyyət verməsi təqdirəlayiq haldır. Xidmətin gördüyü işlərin, keçirdiyi tədbirlərin, müntəzəm olaraq, ictimaiyyətə çatdırılması, məhz bunun nəticəsidir. Çağırış-səfərbərlik sahəsində atılan məqsədyönlü addımlar bu konstruktiv əməkdaşlıq hesabına geniş, dolğun və obyektiv şəkildə işıqlandırılır. Azərbaycan Milli Mətbuatının 140 illik yubileyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində xüsusi tədbirlə qeyd olunub. Həmin tədbirdə bir qrup media nümayəndəsi "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərinə görə" diplomu və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Bu isə xidmət rəhbərliyinin mətbuata, jurnalistlərə diqqətinin, həssas münasibətinin daha bir sevindirici təzahürü kimi qiymətləndirilə bilər. Xidmətin fəaliyyətilə bağlı diqqətəlayiq cəhətlərdən biri də regionlarda təşkil edilən və böyük maraqla qarşılanan "Vətənin müdafiəsinə hazıram!" devizli tədbirlər silsiləsidir. Cəmiyyətdə hərbi vətənpərvərlik hissinin yüksəldilməsi naminə keçirilən ümumrespublika rəsm və yazı müsabiqələri də mühüm səciyyə daşıyır. Bu baxımdan, xidmətin 5 illiyi ilə əlaqədar təşkil olunmuş və yenicə yekun vurulmuş "Sabahın əsgəri" yazı müsabiqəsinin əhəmiyyətini xüsusi vurğulamaq istərdim. Ümidvaram ki, fəaliyyətinin ilk 5 ili uğurlarla yadda qalan Dövlət Xidmətinin nailiyyətləri davamlı olacaq".

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin fikrincə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ötən 5 ildəki fəaliyyəti bu qurumun ölkə rəhbərliyinin yüksək etimadını və ictimai gözləntiləri doğrultduğunu sübut edir: "Əlbəttə, böyük bir qurum olan bu xidmətin fəaliyyətindəki davamlı uğurlar onun rəhbərliyinin yüksək səriştə və peşəkarlığından irəli gəlir. Bu baxımdan da, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması, səlahiyyətlərinin genişləndirilməsi vaxtında atılmış mühüm və uğurlu addımdır. Dövlət Xidmətinin həm orduya çağırış, həm də gənclərin hərbi xidmətə hazırlığı, yeni nəsildə vətənpərvərlik ruhunun yüksəldilməsi naminə gördüyü işlər olduqca təqdirəlayiqdir. Bu sahədə xidmət tərəfindən ardıcıl təşkil edilən effektli tədbirlər ümumən mediamızın diqqət mərkəzindədir. Konkret nümunələr kimi, qeyd edim ki, "Əsgərə məktublar" və "Sabahın əsgəri" adlı yazı müsabiqələri son dərəcə faydalı və maraqlı idi. Düşünürəm ki, bu müsabiqələrin həm yeni nəslə, həm də ədəbi mühitə çox müsbət təsiri oldu və kifayət qədər reaksiya doğurdu. İnanıram ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bundan sonrakı fəaliyyətində yeni-yeni uğurlar əldə edəcək".

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin fikrincə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti keçən 5 il müddətində fəaliyyətini yüksək səviyyədə qurmağa nail olub: "Xidmət ölkədə gənclərin həqiqi hərbi xidmətə yola salınması və qarşılanma prosesini əsl bayram ovqatında keçirir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə ildə dörd dəfə təşkil olunan bu tip tədbirlər Azərbaycanın bütün şəhər və rayonlarında xidmətin yerli strukturları tərəfindən uğurla həyata keçirilir. İctimaiyyət nümayəndələrinin, o cümlədən, QHT-lərin də yaxından iştirak etdiyi bu tədbirlər ordu ilə xalq arasında çox səmimi və effektiv ünsiyyət vasitəsinə çevrilib. Xidmətin, xüsusilə, hərbi yönümlü QHT-lərlə yaxından əməkdaşlığı digər dövlət qurumları üçün örnək olacaq səviyyədədir".

"Xalq cəbhəsi" qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli isə, qeyd edib ki, sözügedən qurumun yaradılması, bütövlükdə hərbi xidmətə çağırış sisteminə yenilik gətirib: "Müstəqil qurum kimi bu qurumun yaradılması bundan öncə mövcud olan bir sıra neqativ halların aradan qaldırılmasına zəmin yaradıb. Hazırda çağırış prosesinin şəffaflığı ölkə vətəndaşları tərəfindən də müsbət qiymətləndirilir. Bu sahədə aparılan islahatlar özünü doğruldur və effektiv nəticələr verir. Xidmətin bütün güc strukturları ilə qarşılıqlı əməkdaşlığında da bu tendensiya nəzərə çarpır. Ona görə də, düşünürəm ki, bu 5 illik fəaliyyət kifayət qədər uğurlu nəticələrlə yadda qalıb. Sözügedən qurumun Mətbuat Xidməti bu baxımdan üzərinə düşən vəzifələri bacarıqla və lazımi məsuliyyətlə yerinə yetirir.

Ehtiyatda Olan Zabitlər Konfederasiyasının sədri, ehtiyatda olan general-mayor Məmmədhüseyn Sarıyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətini yüksək qiymətləndirir: "Bu xidmət yarandığı gündən yüksək səviyyəli fəaliyyəti ilə diqqəti çəkib. Son dövrlər ölkədə keçirilən hərbi təlimlər zamanı Səfərbərlik Xidmətinin Müdafiə Nazirliyinin, yerli icra hakimiyyəti orqanları ilə koordinasiyalı fəaliyyəti buna misaldır. Bu təlimlər zamanı uğurla həyata keçirilən səfərbərlik prosesi Dövlət Xidmətinin öz işini günün tələblərinə uyğun qurmasının nəticəsidir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Silahlı Qüvvələrimizin tərkibində özünəməxsus yer tutur. Bu, ehtiyatda olan zabitləri sevindirir. Çünki biz də hər zaman özümüzü Silahlı Qüvvələrin və Səfərbərlik Xidmətinin tərkibində görürük, hər zaman səfərbər olmağa hazırıq".

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu hesab edir ki, adıçəkilən Dövlət Xidmətinin ötən 5 ildəki fəaliyyəti bir sıra uğurlu cəhətlərlə, xüsusən, yaddaqalan olub: "Xidmətin müasir hərbi çağırış sisteminin formalaşdırılması, səfərbərlik işinin təşkili, eləcə də, gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsi istiqamətində yürütdüyü fəaliyyət yüksək qiymətləndirilməlidir. Gənclərin hərbi xidmətə hazırlığı, yeni nəsildə vətənpərvərlik ruhunun gücləndirilməsilə bağlı görülən təqdirəlayiq işlər də bu sıradadır. Səfərbərlik xidməti ilə vətəndaş cəmiyyəti institutları arasında mövcud olan sıx və faydalı əməkdaşlıq müsbət nəticələr verməkdədir. Ölkənin bütün şəhər və rayonlarında gənclərin vətənə hərbi xidmət borcunu yerinə yetirməyə yola salınması, bununla bağlı tədbirlər keçirilməsi artıq ənənə halını alıb. "Vətənin müdafiəsinə hazıram" devizli tədbirlər də ümumi işin xeyrinə olan addımlardandır. Bunların bir neçəsində xidmətin dəvətilə mən də iştirak etmişəm və müşahidələrim bunu deməyə əsas verir ki, həmin tədbirlər kifayət qədər effekt doğurur. Yeniyetmələr və gənclər belə tədbirlərdə yüksək fəallıqla iştirak edirlər. Ümumiyyətlə, bütün bu cəhətlər üzrə baxdıqda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin keçən 5 il ərzində gördüyü işlər uğurlu sayılmalıdır".

Azərbaycan Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasını bu istiqamətdə müstəsna əhəmiyyətli addım hesab edir: "Xidmət birbaşa fəaliyyət sahəsində uğurla çalışmaqdan əlavə, Qarabağ əlillərinə, şəhid ailələrinə, müharibə veteranlarına da xüsusi diqqətlə yanaşır. Biz 2016-cı ilin aprel hadisələri zamanı səfərbərlik xidmətinin təşkilatçılığı ilə cəbhə bölgəsinə səfərlər etdik. Orada şəhidlərimizin dəfn məsələsinin təşkil edilməsini, Qarabağ əlillərinə və əlil olmuş digər şəxslərə xüsusi yanaşmanı gördük. Xidmət rəisi, general-leytenant Arzu Rəhimov bölgələrdə qəbul keçirən zaman, birinci növbədə, bu kateqoriyadan olan vətəndaşları qəbul edir və onların problemlərinin həllinin sürətlənməsində yardımçı olur. Qarabağ əlillərinin bir hissəsi artıq dövlət xidmətində işlə təmin olunublar. Hətta onların içində idarə rəisi, şöbə rəisi və xidmətin baş idarəsində işləyənlər var".

"Əfqanıstan Müharibəsi Veteranları" İctimai Birliyinin sədri Məhəmməd Vəliyev rəhbərlik etdiyi təşkilatla dövlət xidmət arasındakı səmərəli əməkdaşlıq əlaqələrindən də məmnunluqla söz açıb. Çernobıl Əlilləri İttifaqının sədri Mirhəsən Həsənov isə bildirib ki, sözügedən Dövlət Xidmətinin yaradılması və peşəkar fəaliyyəti sayəsində əvvəllər bu sahədə mövcud olan bəzi problemlər aradan qaldırılıb: "20 Yanvar Cəmiyyəti"nin sədri Sultan Əzimzadə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bu cəmiyyətin nümayəndələrinə, onların ailə üzvlərinə həssas münasibətini sevindirici hal kimi önə çəkib. "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı isə bildirib ki, Dövlət Xidmətinin təşkilatçılığı ilə gerçəkləşdirilən "Vətənin müdafiəsinə hazıram" layihəsi olduqca əhəmiyyətli tədbirlər silsiləsidir: "Azərbaycanın bütün bölgələrini əhatə edən bu vacib tədbirlərə mən də böyük həvəslə qatılıram. Öz çıxışlarımla, ifalarımla vətənpərvərlik təbliğatının aparılması işinə töhfə verməyə çalışıram. Bunun üçün yaradılan şərait isə, sözsüz ki, ilk növbədə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, onun yerli qurumlarının səmərəli işinin nəticəsidir".

Samir

Digər xəbərlər