Azərbaycanın görkəmli bəstəkarı, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı Qara Qarayevin anadan olmasından 99 il ötür. Fevralın 5-də Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, respublikamızın mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri Fəxri Xiyabana gələrək, Qara Qarayevin xatirəsini hörmətlə yad edib, məzarı üzərinə gül dəstələri qoyublar.
Qeyd edək ki, görkəmli bəstəkar Qara Qarayev 1918-ci il fevralın 5-də Bakıda dünyaya gəlib. Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş bəstəkar milli və bəşəri xarakterli yaradıcılığı ilə gələcəyə yeni yollar açan novator sənətkar kimi tanınıb. Onun hər bir əsərinin premyerası Azərbaycan musiqi tarixində xüsusi hadisəyə və bayrama çevrilib. Dünya şöhrətli bəstəkarın əsərləri əksər MDB ölkələrində, ABŞ-da, Polşada, Misirdə, İspaniyada, İtaliyada, Fransada, Yaponiyada və Almaniyada keçirilən möhtəşəm musiqi tədbirlərində müvəffəqiyyətlə səsləndirilib. Onun Nizami Gəncəvinin "Yeddi gözəl" poemasından bəhrələnərək yaratdığı "Yeddi gözəl" və Cənubi Afrika yazıçısı Piter Abrahamsın romanı əsasında yazdığı "İldırımlı yollarla" baletləri dünyanın bir sıra ölkələrində uğurla göstərilib. Bəstəkarın Birinci Simfoniyası Azərbaycanın ilk simfoniyaları arasında mühüm yer tutur. "Don Kixot" simfonik qravürləri, "Leyli və Məcnun", "Vyetnam süitası" əsərləri Qara Qarayev yaradıcılığının dəyərli səhifələridir. O, çoxsaylı filmlərə, o cümlədən, "Dənizi fəth edənlər", "Xəzər neftçiləri haqqında povest", "Uzaq sahillərdə" və digər filmlərə musiqi bəstələyib. Qara Qarayev opera janrında da özünü sınayıb. O, "Vətən" operasının (Cövdət Hacıyev ilə birlikdə) və fransız yazıçısı Anri Barbüsün əsəri əsasında "Zəriflik" monooperasının müəllifidir. Q.Qarayevin Aleksandr Puşkinin şeirləri əsasında yaratdığı "Mən sizi sevirdim" və "Gürcüstan təpələrində" romansları musiqimizin gözəl nümunələridir.
Qara Qarayev 1982-ci il mayın 13-də dünyasını dəyişib, Bakıda Fəxri Xiyabanda dəfn olunub.
ZÜMRÜD