PDF Oxu

Sosial

  • 914

Azərbaycanın elm xəzinəsinə dəyərli töhfələr vermiş görkəmli alim

Azərbaycanın elm xəzinəsinə dəyərli töhfələr vermiş görkəmli alim

Azərbaycan Prezidentinin Sərəncamı ilə görkəmli təbiətşünas-alim, akademik Həsən Əliyevin 110 illik yubileyi qeyd olunacaq

İyirminci yüzillikdə Azərbaycanın görkəmli, dünya miqyasında tanınan, dünya elminə töhfələrini vermiş kifayət qədər alimləri yetişib. Onlardan biri də Azərbaycan elminin seçilib-tanınan alimlərindən olan, böyük təbiət alimi, akademik Həsən Əlirza oğlu Əliyevdir. Ölkəmizdə coğrafiya və torpaqşünaslıq elmlərinin müxtəlif sahələrinin təşəkkül tapmasında, təbii ehtiyatların tədqiq olunmasında, təbiətdən istifadənin elmi cəhətdən əsaslandırılması və onların mühafizəsinin təşkilində Həsən Əliyevin fəaliyyəti müstəsnadır. Azərbaycanın elm xəzinəsinə dəyərli töhfələr vermiş görkəmli alim, bacarıqlı elm təşkilatçısı və tanınmış ictimai xadim Həsən Əliyevin 110 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə Həsən Əliyevin 110 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcək.

Cəmiyyətin ekoloji maariflənməsinə, təbiətin mühafizəsi haqqında biliklərin təbliğinə böyük əhəmiyyət verən Həsən Əliyev 15 dekabr 1907-ci ildə Zəngəzur qəzasının Comərdli kəndində anadan olub. Əsas elmi fəaliyyəti torpaqşünaslığın nəzəriyyəsi, ekologiya, botanika, bitkiçilik, təbii ehtiyatların və təbii şəraitin qorunub daha səmərəli istifadə olunması problemlərini, ümumiyyətlə, təbiətşünaslığın müxtəlif sahələrini əhatə edir. Keçmiş SSRİ-də ümumi əkinçilik və təbiəti mühafizə sahəsində görkəmli alimdir. O, Cənubi Qafqaz torpaqlarının əmələ gəlməsinin və coğrafiyasının tədqiqinə, Azərbaycanda Beynəlxalq Bioloji Proqramın işlənib- hazırlanmasına böyük əmək sərf etmişdir.

Müxtəlif vəzifələrdə çalışan Həsən Əliyev Azərbaycan Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitunun elmi işlər üzrə direktor müavini, eyni zamanda, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda baş müəllim, Azərbaycan Elmlər Akademiyası Botanika İnstitunun direktoru, Azərbaycan Kənd Təsərrüfatı nazirinin birinci müavini, Azərbaycan Elmlər Akademiyasının akademik-katibi, Azərbaycan Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitunda laboratoriya müdiri, Azərbaycan Elmlər Akademiyası Coğrafiya İnstitunun direktoru kimi məsul vəzifələrdə işləyib.

Həsən Əliyev Azərbaycan Ali Sovetinin (10-11-ci çağırış) deputatı olmuş, müxtəlif orden və medallarla təltif olunmuşdur. Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu Həsən Əliyevin adını daşıyır. Dünya Universitetinin elm və mədəniyyət üzrə doktoru (ABŞ), İngiltərə Kraliça Biblioqraflar Cəmiyyətinin həqiqi üzvü olub.

Həsən Əliyev həm də coğrafiya elmləri üzrə bir sıra problem şuralarının sədri və üzvü olub. Yüksək ixtisaslı kadrlar hazırlanmasında böyük xidməti var.

Çoxşaxəli fəaliyyətdə "Həyəcan təbili" əsəri də mühüm yer tutur. Bu əsəri təbiətin və ətraf mühitin qorunması üçün insanlara çağırış idi. Onun vaxtilə mətbuatda dərc edilən fikirləri çox maraqlıdır. "Meşə həyat mənbəyidir"-deyən alim ətraf mühitin insan orqanizminə nə dərəcədə təsir gösərdiyini qeyd edir.

Yüksək ixtisaslı kadrların hazırlanmasında da Onun böyük xidməti var. Azərbaycan Respublikası Təbiəti Mühafizə Komitəsinin yaradıcısı, cəmiyyətinin sədri və Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, "Azərbaycan təbiəti" məcmuəsinin baş redaktoru vəzifələrində çalışıb. Onu da vurğulamalıyıq ki, Həsən Əliyev Yunanıstan, Polşa, ABŞ, Rumıniya, İsveçrə (1966), Avstraliya (1968), Kanada (1978), Yaponiya, Almaniya (1981) və s. ölkələrdə keçirilmiş beynəlxalq konqreslərdə məruzələrlə çıxış edib.

Akademik ömrünün sonuna qədər torpaqdan ayrılmayaraq, elmi fəəaliyyətini davam etdirib.

NƏZAKƏT

Digər xəbərlər